21 Aprel 2021 02:11
983
Mədəniyyət
A- A+

Söz mülkünün Nizamisi

 

Əsərləri əsrlərə yol yoldaşıdır. Misralarında neçə-neçə məna, hikmət gizlənib. Şöhrəti o qədər böyük, dayandığı zirvə elə möhtəşəmdir ki, zaman onu keçmişdə qoyaraq irəli gedə bilmir. Ona görə bütün dövrlərin müasiridir. Oxucusu dünyanın bütün poeziyasevərləridir. Odur ki, yalnız doğma Azərbaycanın deyil, dünya ədəbiyyatının klassik şairidir Nizami Gəncəvi...

Deyirlər, insan o vaxtadək yaşayır ki, onu xatırlayırlar. Bu mənada əməlləri ilə iz qoymağı bacaranlar xoşbəxtdirlər. Çünki unudulmazlıqları ilə  əbədiyaşardırlar. Ancaq zaman onlara da toxunur. Özlərini, yaratdıqlarını hafizələrdən silə bilməsə də, şəxsi həyatları barədə məlumatların çoxunu dərinliklərində qərq edir. Bu nöqteyi-nəzərdən də xoşbəxt klassik şairlərdən biridir Nizami Gəncəvi. Özü barədə ən dəqiq məlumatları əsərlərində deyib. Onun haqqında yazılanlarda bəzən həqiqətdən uzaqlıqlar olub. Amma bu yanlışlıqlar şairə məxsus deyil, Nizami Gəncəvidən sonra əsərlərinə bəzi qondarma misraları əlavə etməyə çalışanların xətasıdır. Və şairin kölgəsinə sığınmaq, onu özününkü kimi təqdim etmək istəyənlər bundan tutmağa cəhd göstəriblər. Ancaq bütün dövrlərin ciddi və qeyri-ciddi, həqiqi və yalançı araşdırıcılarına, tədqiqatçılarına yenə də ən doğrusunu şair Nizami Gəncəvi özü deyir.

O, əsərləri ilə haralı olduğunu bəyan edib. Odur ki, ehtimallara, gümanlara gərək yoxdur. Şairin dünyaya göz açdığı və heç bir məkana, bəzəkli saraylara dəyişmədiyi şəhər Azərbaycanın qədim və gözəl Gəncəsidir.

İlyas əsl adıdır. Tarixdə və ədəbiyyatda Nizami Gəncəvi təxəllüsü ilə tanınır. Atasının adı Yusif, babasının adı Zəki olub. Haqqında yazılanlara görə, şairin ailəsi tikməçiliklə məşğul imiş. Ənənəvi ailə sənətindən imtina edən İlyas poetik duyğularını misra-misra hörərək sözün toxuyucusu olub.

Tədqiqatçılar böyük şairin doğum tarixinin dəqiq bilinmədiyini yazır, onun 1140-1146-cı illər arasında dünyaya gəldiyini güman edirlər. UNESKO-nun da qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunub. Həmin tarix şairin “Xosrov və Şirin” poemasının “Kitab üçün üzr” bölməsində qeyd etdiyi vaxtla uyğun gəlir. Şair bu əsər üzərində işə başlayarkən qırx yaşı olduğunu bildirib. Poemanı hicri təqvimlə  575-ci ildə yazmağa başlayıb. Həmin hesaba əsaslanaraq bildiriblər ki, şair hicri təqvimlə 535-ci ildə (miladi 1141-ci il) dünyaya göz açıb.

 

Fələk yaradırkən deyib mənə “şir”,

Lakin bu vücudum bir yun heykəldir,

Deyiləm düşmənlə vuruşan şirdən,

Yetər ki, özümlə döyüşürəm mən.

 

Qeyd olunan bölmədəki bu misralarına əsaslanan araşdırıcılar şairin Şir bürcü altında doğulduğuna işarə etdiyini diqqətə çatdırıblar.

Bu dünyada vaxtsız ayrılıqları çox görüb. Atasının vəfatından sonra anasına sığınıb. Anası da dünyasını dəyişib. Onu və qardaşı Qivami Mütərrizi dayıları Xoca Ömər himayəsinə götürüb. Şair “Leyli və Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlə bəhs edib.

Mükəmməl təhsil aldığı şairin əsərlərindən çox aydın görünür. Nizami Gəncəvi yalnız istedadı ilə deyil, həm də elmi, biliyi ilə müasirləri arasında öndə dayanıb. Onun riyaziyyat, astronomiya, astrologiya, əl-kimya, tibb, botanika, teologiya, Quran təfsiri, şəriət, tarix, etika, fəlsəfə, musiqi və digər elmləri yaxşı bildiyini, ərəb və fars ədəbiyyatının şifahi və yazılı ənənələrinə dərindən bələd olduğunu əsərləri təsdiq edir. Poemalarına yazdığı müqəddimələrdən qədim pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyi məlum olur.

Onu Nizami Gəncəvi edən gənc yaşlarından dünyanın ən böyük xəzinəsinə sahib olması olub. Şairin yaşadığı dövrdə Gəncə şəhəri Atabəylərin hakimiyyəti altında idi. Böyük hörmət, nüfuz sahibi olan şair Atabəylər tərəfindən dönə-dönə saraya dəvət olunsa da, imtina edib. Söz mülkündə taxtı fitrətdən qurulmuşdu. Müdrik şair bu xəzinədəki gövhərin dünyadakı bütün ləl-cəvahiratdan daha qiymətli olduğunu bilib. Bir də insanlar arasında bərabərlik, sülh, mehribanlıq arzusuyla yaşayıb, haqqın, ədalətin vurğunu olub. Uzaqdan cəlbedici görünən saraylar fitnə-fəsad oylağıydı. Nizami Gəncəvi isə ömürlük dürüst və azad yaşamağı seçib. Doğrudur, müxtəlif sülalələrdən olan hökmdarlara həsr edilmiş əsərləri var. Məsələn, o, “Leyli və Məcnun” poemasını şirvanşaha, “Yeddi gözəl” poemasını Qızıl Arslana ithaf edib. Amma bütün əsərlərinin ideyası, qayəsi şairin ədalətli qanun-qaydaların hökm sürdüyü bir dünyada yaşamaq istəyi olub. Evlərinin qapılarına zəncir vurmağa ehtiyac olmayan, hər kəsin bir-birinə hörmətlə yanaşdığı, halal zəhmətin üstün tutulduğu, sevginin qucaq açdığı bir dünyada...

Həyatının sonrakı dövrlərində də əbədi ayrılıqlar görüb şair. Çox sevdiyi həyat yoldaşı, oğlu Məhəmmədin anası Afaq gənc yaşında, 1180-ci ildə şair “Xosrov və Şirin” poemasını yazarkən dünyadan köçüb. Nizami əsərin qəhrəmanı Şirinin əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən öz sevimli həyat yoldaşını xatırlayıb: “O (Şirin) mənim qıpçaqlı Afaqıma bənzərdi”.

Sonrakı iki həyat yoldaşı da vaxtsız vəfat edib. Şair əsərlərində öz dərdini, qüssəsini qələmə alıb. Nizami Gəncəvi “İqbalnamə”nin sonunda öz talesizliyindən şikayətlənib.

Hələ sağlığında çox istedadlı şairlərin sərkərdəsi kimi ona böyük ehtiram göstərilib. Əsərlərindən bəhrələnib, nəzirələr yazıblar. Hafiz Şirazi, Sədi Şirazi, Mövlanə Cəlaləddin Rumi kimi böyük sənətkarların yaradıcılığına təsir göstərib. Öz ailəsindən də şairlər çıxıb. 1438-1491-ci illərdə yaşamış Dövlətşah Səmərqəndi  “Təzkirət ət-şüəra” adlı traktatında Nizaminin Qivami Mütərrizi adlı şair qardaşı olduğunu yazıb.

Oğlu Məhəmməd də şairlik istedadına malik olub. Onun şeirdə, sənətdə məharətini görsə də, Nizami Gəncəvi oğluna şairlik etməyi məsləhət görməyib. Ona görə də “Leyli və Məcnun” əsərində yazıb:

 

Seirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da.

Nə qədər şair var, söz var, şeir var,

Dünyada onlardan mənəm yadigar.

 

Nizami Gəncəvinin 1209-cu il martın 12-də, altmış səkkiz yaşında dünyasını dəyişdiyi 1930-cu illərdə tapılmış başdaşına əsaslanaraq deyilir. Şairin başdaşında yazılıb: “Bu, müqəddəs şeyx Nizaməddin mövla Əbu Mühəmməd ibn-İlyas ibn-Yusif ibn-Zəkinin qəbridir. O, altı yüz beşinci ildə orucluq ayının dördüncü günü allahın rəhmətinə getdi”.

Bütün qüdrətli sənətkarlar kimi onun da gedən cismidir. Söz mülkünün taxtında bir əbədi Nizami Gəncəvi var. Xalqını varlığı ilə xoşbəxt edən sənətkarlardan biridir o. Əsərləri ilə ülvi duyğular aşılayır, insanlıq öyrədir. 

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video