28 Sentyabr 2011 12:09
467
Mədəniyyət
A- A+

Söz mülkünün kərpicləri

 

XX əsr Azərbaycan ədəbiyyatının elə bir tanınmış siması yoxdur ki, akademik Bəkir Nəbiyev onun fəaliyyətini, ömür yolunu araşdırmasın. Firudin bəy Köçərlidən başlanan bu estafet bugünə kimi ardıcıllıqla davam etməkdədir. Azərbaycan ədəbiyyatının ilk tarixçisi kimi şöhrət qazanmış Firudin bəy Köçərlinin üzərinə düşən missiyanı XXI əsrdə yerinə yetirən Bəkir Nəbiyev həm milli ədəbiyyatın, həm də ədəbi tənqidin ağsaqqalıdır. İllər boyu kərpic-kərpic hördüyü söz mülkünün inciləri oxuculara təqdim edildikcə bir daha onun mükəmməl, cəfakeş əməyi qarşısında heyrətlənməyə bilmirsən.

Bu yaxınlarda "Çaşoğlu" nəşriyyatında işıq üzü görmüş "Elmlə şeir qovuşanda" adlı kitabında müəllifin məqalə, rəy, nitq və xatirələri toplanıb. Filologiya elmləri doktoru Vilayət Quliyevin ön söz əvəzi yazdığı "Bizim Bəkir müəllim" məqaləsində oxuyuruq: "Bəkir Nəbiyev filologiya elmimizin flaqmanı sayılan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixinin" baş redaktoru, müxtəlif elmi şuraların, ictimai təşkilatların, qəzet və jurnalların redaksiya heyətinin üzvü, ədəbi həyat faktlarına anında həssaslıqla münasibət bildirən fəal mövqeli tənqidçi, ədəbiyyatşünas və ictimai xadimdir".

Dörd bölmədən ibarət olan kitabda müəllif ədəbi irsimizin tədqiqində önəmli məsələlərə toxunaraq çağdaş humanitar düşüncə axarında klassik Azərbaycan poeziyası və muğam, Avropa mədəniyyətinə açılan pəncərə, müstəqillik dövrünün ədəbiyyatı istiqamətində qələmə aldığı məqalələri oxuculara təqdim edir.

Üzeyir Hacıbəyli, Mir Cəlal, Rəsul Rza, Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Elçin və digərləri haqqında qələmə alınan portret-cizgilərdə Bəkir Nəbiyevin öz qəhrəmanlarına olan rəğbəti səmimiyyətlə ifadə edilib. O, azərbaycançılıq, türkçülük məfkurəsinə dərindən bağlı olan insanlar haqqında həmişə təbii və cəlbedici, eləcə də sevgi ilə yazmağı və danışmağı bacaran düşüncə sahibidir. Bu səbəbdən də mövqeyini bildirdiyi, yaradıcılığı ilə əlaqədar söz dediyi qəhrəmanların ünvanına müəllifin pərəstişi açıq duyulur.

Kitabda müxtəlif illərdə qələmə alınan rəylər də toplanmışdır. Bəkir Nəbiyevin Nərgiz xanım Paşayevanın doktorluq əsərinə yazdığı rəydə Azərbaycan ədəbiyyatşünaslıq elminə istedadı, düşüncə sərbəstliyi ilə seçilən bir alimin gəlişi alqışlanır.

"Məruzə və nitq, xatirə yarpaqları" adlanan sonuncu bölmədə müəllif Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbi prosesinin diqqət mərkəzində dayanan yazıçılar barəsində öz xatirələrini toplamışdır. Burada biz istər Azərbaycan poeziyasının, istərsə də dünya ədəbiyyatının zirvəsində dayanan çox tanınmış, şöhrətli insanların bədii portreti ilə üzləşirik. Mirzə Ələkbər Sabirdən başlayaraq yazıçı Əlfi Qasımova kimi, eləcə də xalq yazıçısı İlyas Əfəndiyev, xalq şairi Məmməd Araz, əruzşünas Əkrəm Cəfər, filosof-alim Fuad Qasımzadə və başqaları ilə əlaqədar Bəkir Nəbiyevin qələmə aldığı yazılarda biz bu unudulmaz insanların çoxumuza bəlli olmayan məziyyətlərindən xəbər tuturuq.

Kitabın redaktoru AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Teymur Kərimlidir. Yeni nəşr kütləvi oxucular üçün nəzərdə tutulsa da, ondan ali məktəblərin filologiya fakültəsində təhsil alan tələbələr xüsusilə istifadə edə bilərlər. Çünki hər bir məqalənin, rəyin və xatirənin həm də öyrədici xüsusiyyəti var. Böyük məharətlə hörülən söz "mülkü"nün hər bir kərpici qiymətlidir.

 

F.XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video