29 Avqust 2021 00:27
563
SİYASƏT
A- A+

Sovet hökumətinin düşmən elan etdiyi əsilzadələr

 

Sovet hökuməti repressiya siyasətini həyata keçirməklə çox insanın həyatına son qoydu. Xalqının, Vətəninin azadlığını arzulayanların böyük əksəriyyəti bu siyasi burulğandan sağ çıxmadı.

Azərbaycan da bolşevik işğalına məruz qaldığı gündən vətənpərvər övladlarının başının üstünü qara buludlar aldı. Sovet hökumətinin hədəfində ilk növbədə onun gerçək niyyətini anlayanlar, soydaşlarına bunu izah etmək, milli şüuru oyatmaq iqtidarında olanlar vardı. Ona görə repressiya qurbanlarının arasında ziyalılar çox oldu. Xalqa təsir etmək, onu oyatmaq, əsl həqiqətləri söyləmək və inandırmaq gücünə malik olanlar hansı peşənin sahibi olurlarsa-olsunlar, istər-istəməz sovet hökumətinin düşmənlərinə çevrilirdilər.

Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada da ötən əsrin 20-ci illərindən başlayaraq nüfuzlu, sayılıb-seçilən, istedadlı, tanınmış insanlar repressiya tufanında məhv edildi. Ümumilikdə min nəfərə yaxın şuşalı repressiyaya məruz qaldı. İlk qurbanlar arasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəallıq göstərmiş insanlar var idi. Onlardan biri Məşədi Baba Quliyev olmuşdu. O, 1866-cı ildə Şuşada dünyaya gəlmişdi. Şuşa qəzasının ən varlı adamlarından biri hesab edilirdi. Malıbəyli nahiyəsində, Quşçular obasında böyük torpaq sahələri var idi. Səxavəti, xeyirxahlığı ilə sayılıb-seçilən Məşədi Baba Quliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsavat ordusunun Xankəndidə yerləşən polkunu himayə edən, onun ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə çalışan bəylərdən biri olub. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Məşədi Babanın bütün varidatı müsadirə edilib. İkimərtəbəli mülkü əlindən alınaraq məktəb binası kimi istifadə olunub. Dünyanın işlərindən yaxşı baş çıxaran Məşədi Baba kolxoza üzv yazılıb, təsərrüfatçılıqla məşğul olub. Kolxoz quruluşunun əleyhinə təbliğat aparmaq, qolçomaqlara yardım göstərmək, kolxozu dağıtmaq üçün evində yığıncaqlar təşkil etmək bəhanəsi ilə 1938-ci ildə həbs edilib. İnqilab düşməni kimi qətlə yetirilib.

Repressiya qurbanı Cəbiş bəy Həmid bəy oğlu Sədrəddinov da şuşalı idi. O, 1888-ci ildə Şuşada dünyaya gəlib. Varlı tacir və bəy ailəsində böyüyüb. İgidliyi, cəsurluğu, qorxmazlığı ilə ad çıxarıb. Qarabağın məşhur qoçularından sayılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəbiş bəy Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməyi ilə silahlı dəstə yaradaraq ermənilərə qarşı vuruşub. Məğlubiyyət ona yad olub. Cəsurluğu ilə silahdaşlarına güc, cəsarət verdiyi üçün ermənilər Cəbiş bəy Sədrəddinovdan qorxublar. Erməni daşnakları bilirdilər ki, Cəbiş bəy və onun dəstəsi heç zaman döyüşdən geri çəkilməz, açdıqları sərrast atəşdən isə yayınmaq mümkün deyil.

Azərbaycan sovet ordusunun işğalına məruz qaldıqdan sonra Cəbiş bəy Sədrəddinov İrana getməli olub. Vətəndən uzaqda çox qala bilməyib. Gizli yolla Şuşaya dönüb. Tanınmamaq üçün faytonçuluq edib. Ancaq Sovet hakimiyyətinə də məlum olduğu kimi, Cəbiş bəy kimi insanlar işğalçılara heç zaman tabe olmaq, onun qanunlarına boyun əymək istəməyib. Vətəninin azadlığı eşqini qəlbindən ata bilməyən Cəbiş bəy Sədrəddinov 1938-ci ilin yanvarında həbs edilib. Ona yaşamaq üçün fürsət verməyərək güllələyiblər.

Ağa bəy Həşim bəy oğlu Misirxanov 1885-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rusiyada 1917-ci il fevral inqilabı baş verənədək o, iri mülkədar olub. Muradbəyli kəndində böyük torpaq sahələri var idi. Ağa bəy Misirxanov çar hökuməti və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində dövlət qulluğunda çalışıb. Həmçinin Karyagin qəzasında pristav, Bakıda Balaxanı-Sabunçu Polismeysterliyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində xidmət edib.

Hələ polisdə xidmətədək Ağa bəy Misirxanov Milli Ordumuzun tərkibində Qarabağda ermənilərin separatçı çıxışlarının yatırılmasında fəal iştirak edənlərdən biri olub. 1920-ci ilin mart-aprelində isə Əskəran döyüşlərində dəstə komandiri kimi xüsusilə fərqlənib. O, 1938-ci il martın

15-də “trotskiçi” adı ilə həbs edilib. Əmlakı müsadirə olunub. Ağa bəy Misirxanov güllələnmə cəzasına məhkum edilib. Həmin il martın 26-da hökm yerinə yetirilib.

Məşhur Cavanşir nəslindən olan Rəşid ağa Cavanşir 1899-cu ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya göz açıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Behbud xan Cavanşirin qardaşı idi.

Rəşid ağa Cavanşirin Qaraqoyunluda, Üçtəpədə, Üçoğlanda, Qarakilsə mahalının Darabas və Şıxlar kəndlərində, Arazbarlı, Dördçinar, Xələfşə, Azığ və digər yaşayış məskənlərində ucsuz-bucaqsız torpaq və otlaq sahələri olub. Sürüsünün, naxırının, ilxısının sayı-hesabı bilinməyib. O, 1920-ci ildə Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından olub. Rəşid ağa Cavanşir öz dəstəsi ilə birlikdə Qızıl Ordu hissələrinə qarşı döyüşüb. Üsyan yatırıldıqdan sonra Rəşid ağaya məxsus bütün mal-qara, torpaq, əmlak müsadirə edilib.

Rəşid ağanın dörd qardaşı olub. Sovet hökuməti qurulduqdan sonra qardaşları Surxay bəy, Cümşüd bəy Türkiyədə mühacirətdə yaşayıblar. Əkbər ağa Bakıya qaçıb. Rəşid ağa isə bir müddət Qarabağda yaşayıb, sonra Bakıya gəlib. Şəhərdə bir kontorda işə düzəlib. Behbud xanın qətlindən sonra Cəmşid ağa və Surxay ağanın təkidinə baxmayaraq, Rəşid ağa İstanbula getməyib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.

...Repressiya siyasətinin güdazına getmiş şuşalılar arasında bütün təbəqələrdən insanlar olub. Bu yazıda onlardan bir neçəsini xatırlatdıq. Haqqında söz açdıqlarımız Şuşa qəzasından olan varlı, bəy nəslinin nümayəndələridir.

Sovet hakimiyyətinin nəzərində bütün əsilzadələr, maddi cəhətdən imkanlılar düşmən idi. Onların var-dövlətləri, mal-mülkləri müsadirə olunurdu. Ancaq bu da qurtuluşları olmurdu. Sovet hökuməti onları həbs edir, sürgünə yollayır, ya da güllələyirdi. Hökumətin düşmən münasibəti bəslədiyi varlı şəxslərin tərcümeyi-halına nəzər salanda görürük ki, onların əksəriyyəti yalnız özlərini, ailələrini, mal-mülklərini düşünməyib, milli düşüncəyə, milli qürur hissinə malik, qeyrətli olublar. Əksəriyyəti soydaşlarının erməni terrorundan qurtulması üçün illərlə mübarizə aparıb. Sovet hakimiyyətində yüksək vəzifələr alaraq səlahiyyət sahibi olan erməni millətçiləri onlara həm də bu səbəbdən kin bəsləyirdilər. Və əllərinə fürsət düşmüşkən, sovet hökumətinin təmsilçisi olaraq həm də öz məkrli niyyətlərini həyata keçirirdilər...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video