21 Sentyabr 2021 12:33
554
CƏMİYYƏT
A- A+

Sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə satan daha bir şəbəkə ifşa edilib

 

Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə təmassız, yəni, onlayn yolla satışı ilə məşğul olan, bu yolla əldə edilən külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşası istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən instaqram və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə olunan məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyənləşdirilib ki, instaqram sosial şəbəkəsində açılmış səhifələr vasitəsilə narkotik maddələr, əsasən “patı”, “şüşə” adlandırılan metamfetamin və “kola”, “kokos” adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri “WhatsApp” ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. İnstaqramda fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və nazirliyin feysbuk şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar vətəndaşlara şirnikləndirici, asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıblar.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən iki minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı həmin kartların böyük bir qismi, həmçinin paytaxtda və bölgələrdə narkotik vasitələrin anbar kimi saxlanıldığı evlərdən külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkarlanıb.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni, narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb olunmaları və ya Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1-ci (mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4-cü, 234.4.1-ci, 234.4.3-cü və 240.3.1-ci (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video