24 Aprel 2019 00:57
812
SİYASƏT
A- A+

Sosial islahatlar paketi - yüksək rifahın təminatı


İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən, son 4 ayda elə bir sahə yoxdur ki, maaşlar, sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin


"Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

Xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atan Prezident İlham Əliyev aprelin 18-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında vətəndaşlarla səmimi söhbəti zamanı bugünədək imzalanan sənədləri böyük sosial islahatlar paketinin bir hissəsi adlandırdı. Eyni zamanda vurğuladı ki, bu artım böyük olsa da, dövləti qane edə bilməz və ona görə də maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq. Bununla bağlı artıq müvafiq göstəriş də verilib.

Bütün bunlar bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının yüksəldilməsinə yönəltməkdir. Bu siyasət hər gün daha geniş şəkildə davam etdirilir. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi sahəsində atılan addımların əhatə dairəsini daha da genişləndirmək məqsədilə imzalanan sənədlər xalqın dövlətə, onun liderinə olan inam və etibarını daha da gücləndirir.

2019-cu ilin ilk rübündə elə bir sahə yoxdur ki, maaşlarda, eləcə də sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin. Prezident İlham Əliyev ilk növbədə şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial durumunu diqqətdə saxlamaqla bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərdi. Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, müavinətin 242 manatdan 300 manata, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması Prezidentin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. İlin əvvəlindən minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 40 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi isə xalq tərəfindən rəğbətlə qarşılanıb. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin orta hesabla 20 faiz artırılması çox təqdirəlayiq addım kimi qiymətləndirilib.

Həmçinin aprelin 1-dən etibarən dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı qüvvəyə minməklə 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Ümumilikdə 576,8 min nəfəri əhatə edən bu sərəncamın icrası üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq. Bu, 600 minə yaxın insanın (buraya əlilliyi olan 300 min şəxs də daxildir) sosial durumunun yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır.

Həmçinin Aprel döyüşləri şəhidlərinin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Yəni Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər 100 faizədək artırılıb.

Bütövlükdə ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə etməklə dövlət büdcəsindən 2 milyard manatdan artıq vəsaitin ayrılmasını nəzərdə tutur.

Neftçilər parkında vətəndaşlarla səmimi söhbət zamanı Prezident bütün sahələrdə artımların davamlı olacağını bir daha vurğulayaraq dedi ki, iqtisadi islahatların uğurları ölkənin sosial durumuna da öz müsbət təsirini göstərməkdədir: "İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub”.

Ölkə rəhbəri bir daha bəyan etdi ki, bu istiqamətdə işlər davam etdiriləcək, vətəndaşların daha yaxşı yaşamaları üçün minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq.

Dövlət başçısının bu fikirlərindən aydın olur ki, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da məhz sosial sferaya yönəldiləcək və bu da xalqın dövlətə inamını daha da gücləndirəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video