15 Sentyabr 2011 12:09
811
Mədəniyyət
A- A+

Sönməz günəşin hikmət dəryası

 

Ədəbiyyatşünas alim Məmməd Cəfər yazırdı: "Nizaminin yaşayıb yaratdığı dövrdə Azərbaycanda elm, maarif-məktəb işlərinin də inkişaf etdiyi illər idi. Astronomiya, riyaziyyat, həndəsə, təbabət, əczaçılıq və musiqişünaslıq çox geniş yayılmışdı. Fəlsəfə, məntiq, tarix, əxlaq kimi humanist elmlər də inkişaf edirdi". Belə bir mühitdə yaşayıb-yaradan Nizami Gəncəvi bütün poemalarında çox dərin mənalı fikirlər irəli sürmüşdür. Bu gün onun yaradıcılığını araşdıranda hikmət və nəsihətlərinin aforizmlərinin, eləcə də ağıl və idrakından süzülən sözlərini qaranlıq içərisində parlayan günəşə bənzətmək olar. 870 il öncə ulu Gəncədə doğulan bu günəşin hikmət çeşməsi o qədər mənalı və dürüst, əbədiyaşardır ki, onlara söykənərək günümüzün neçə problemini, dərdini, sevincini dilə gətirmək olar. Məlumat üçün deyək ki, hələ sovet dövründə Nizaminin "Xəmsə"sini ana dilimizə adıkeçən şairlər tərcümə etmişlər: S.Rüstəm və A.Sarıoğlu ("Sirlər xəzinəsi"), R.Rza ("Xosrov və Şirin"), S.Vurğun ("Leyli və Məcnun"), M.Rahim ("Yeddi gözəl"), A.Şaiq ("İsgəndərnamə" - "Şərəfnamə"), M.Rzaquluzadə ("İsgəndərnamə" - "İqbalnamə"). Nizaminin yaradıcılığına xalq şairi Xəlil Rza Ulutürk də dəfələrlə müraciət etmişdir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra dahi şairimizin poemaları Xəlil Rzanın tərcüməsində yenidən işıq üzü gördü.

Nizaminin "Xəmsə"sindən çəkdiyimiz ləçəkləri bir yerə yığanda qəribə bir mənzərənin şahidi olduq. Səadət, düzlük, həyat haqqında elə bir resept verib ki, əsrlərdir dilimizin əzbərinə çevrilib: "Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?" Bu suala cavab tapmaq üçün Nizaminin məsləhətləri yenə qolumuzdan tutur:

Sən çalış yaxşıca öyrən dünyanı,

Bəşəri, bitkini, daşı, heyvanı.

Qalacaq əbədi nə şey dünyada -

Öyrən günlərini vermədən bada.

Məhz bu çalışqanlığın boşa getməməsi üçün gərəkdir idrak və cəhalətin nə olduğunu dərindən anlayasan. Vətən, xalq qarşısında borcunu biləsən. Bunun üçün də "Çalış kirpiyin olsun almaztək, ayıq ol, ölkənin keşiyini çək". Yurdunu düşməndən qorumaq üçün Nizami məsləhət görürdü: "Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara". Bunun üçün də gərək insan hünər ardınca hünər qoşa, ər ömrü yaşaya: "Dərdə döz, incitmə heç də özgəni, ellər qəm çəkincə, dərd alsın səni". Xalqa hörmət etmək, ədəblə yaşamaq, ömrü kamalla başa vurmaq görün sonda bəşər övladına hansı mükafatı gətirər:

Bacarsan, hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər.

Sönməz günəşin - Nizami babamızın dühasından libas geyib əsrlərin dizlərini qatlayan fikirlərində bir yaxşılıq çağırışı var. Çünki yaxşılıq hər yanda insan üzünə qapı açar. Hər kəs bir ömür yolunda, el uğrunda günə, aya, ulduza dönməlidir:

El gücü sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda can alır qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda.

Canında hünər çeşməsi çağlayan həmişə pislikdən uzaq olar. Babamız da bunu elə gözəl yozub ki: "Pisliyin əvəzi pislik olacaq", "Bəla görəcəksən pislik etdinsə", "Adına yaxşılıq sikkəsini çal", "Yaxşılıq etməsən əgər insana, böyüklük şərəfi verilməz sana". İllər də təsdiqlədi ki, min arşın quyunun dibinə salınan yaxşılıq, doğrudan da, itib-batmaz. Bu səbəbdən Nizami Gəncəvi uzaqgörənliklə məsləhət görürdü: "Gecəni, gündüzü çox vermə bada, yaxşı ad uğrunda çalış dünyada". Haqdan inayət istəyənlər həmişə kiminsə dadına yetməli, yaxşılıqdan kam almalı, qolu güclü olsa da, qəlbi yumşaq gərəkdir, həmişə imdada yetməlidir. Nizami müdrikliyi 870 ildir ki, maneələri mətinliklə keçməkdədir:

Həmişə dünyada yaxşılıq axtar,

Yaxşı ad almaqla əbədiyyət var.

Yaxşı ad almışla yaxşı ol müdam,

Yoxsa axır özün olarsan bədnam.

Olumu ilə ölümü qədim Gəncədə olan Nizami doğulduğu torpağı çox sevirdi. Bütün poemalarında zülmkara, rəzalətə öz nifrətini bildirərək o fatehə haqq qazandırıb sevgilərlə vəsf edirdi ki, əməli ədalətdir, haqdır, insanlıqdır. Nizamiyə görə: "Məmləkətin dayağı ədalətdir hər zaman, ədalətlə nəsibin səadətdir hər zaman". Çünki qəsbkarlar heç zaman torpağa sülh gətirə bilməz, insan qəlbini sevindirməyə səy göstərməzlər. Dünyanı yalnız ədalətin müjdəsi şad eylər. Dünyanı yalnız ədalət abad və  bərpa edər. Müharibə həmişə qandır, qadadır. Yenə hikmət çeşməsindən çəkdiyimiz ləçəklərdən müdriklik boylanır: "Zülmün toxumundan göyərməz nabat", "Dünyada zülm etmək qoçaqlıq deyil", "Xəcalət çəkəni etməzlər zəlil, bu, zülmkarlıqdır, ədalət deyil", "Qarşına canavar çıxdığı zaman ya öldür, ya da tut, heç vermə aman".

Nizami Gəncəvinin hikmət və nəsihətləri əxlaqımızın, mənəviyyatımızın göstəricisidir: "Dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq". Yaxud da: "Hər uzanan ələ halva verilməz", "Qayıtma palçığa batdığın yola". Həyatda hər sənətin öz rütbəsi var. Nizami Gəncəvi məsləhət görürdü:

Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Əlbəttə, yaxşı söz insanın ağlına tez batar. Elə bu səbəbdən də Nizami Gəncəvinin dillər əzbəri olan bir beyti həmişə bizə yardım edir: "Sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar". Dahi şairin elə misraları var ki, bu gün qələm əhlinin qolundan tutur, sanki ona yazmaq öyrədir, etikadan, estetikadan dərs deyir. Sözlə işləməkdə ehtiyatlı olmağa çağırır:

Eyibli sözlərin yazılmasından

Yaxşıdır bir dəftər ağ qalsa, inan.

Sözə böyük qiymət verən, onu gövhərdən də yuxarıda görən Nizami Gəncəvi sözün şəninə elə müdrik ifadələr işlədir, elə təsirli libaslar biçir ki,  oxuduqca bəhrələnir, öyrənirsən, ulu şairin söylədikləri qarşısında heyrətini gizlədə bilmirsən:

Az sözün incitək mənası solmaz,

Çox sözün kərpictək qiyməti olmaz.

Bəlkə də elə bu səbəbdəndir ki, hər kəsə məsləhət görüb: "Pis sözü ağzına alınca insan, qarnında öldürsə yaxşıdır, inan". Çünki "Qoy səndən yaxşı söz qalsın yadigar". Ürəkdən gələn söz ürəyə yatar. Nizami həmişə dəyərsiz sözlərdən uzaq olmağı məsləhət görüb:

Qələmə gərəkdik öylə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

Parlaq inci kimi düzülən sözlər,

Ağıla sığmasa, yalana bənzər.

Doğruya azacıq bənzəyən yalan

Yaxşıdır yalana bənzər doğrudan.

Nizami Gəncəvinin "Xəmsə"sini oxuyub onun söylədiklərindən agah olmaq, məsləhətinə əməl etmək mənəvi təmizlikdir. O, insan ruhunu sözlə cəzb edir.

Nizami yaradıcılığı təsir baxımından bir akademiyadan üstündür. Bəlkə də elə bu gücünə, qüdrətinə, bənzərsizliyinə görə də ona sahib çıxmaq istəyən çox olur. Valideynlərinin ruhunu incidərək hərə bir yana çəkmək istəyir. Biz buna təbii baxırıq. Həmişə varidatın, gövhərin, günəşin şəriki çox olur. Kim gözəllikdən, sərvətdən imtina edər ki?! Amma həqiqət var. Nizami babamız adının yanına elə möhür vurub ki, özü demişkən: "Köpəklər həmişə ulduza hürər". Bu gün yurdumuzun dilbər guşəsində əzəmətlə dayanaraq min bir olaydan, qovğadan, zəlzələdən, vəlvələdən, quruluşların təhrifindən, dağıntısından salamat çıxıb günümüzə çatan, cümlə Azərbaycanın və türk dünyasının ziyarətinə çevrilən məqbərəsi 870 ildir "Mən gəncəli Nizamiyəm" söyləyir. Üstəlik də, üzünü bütün bəşəriyyətə tutaraq deyir: "Məndən sənət alar hər bir sənətkar, əlinə dövlətdən verərəm açar". Onu da söyləyib ki, hər sözün xüsusi bir ölçüsü var. Ölçüsüz söylənən söz qulağı dağıdar, yalan söz də tez üzə çıxar. Babamız onu da deyib: "Dəlidən, sərxoşdan ağıl ummazlar". Ən qətiyyətli məsələhəti isə budur ki, qeyri-ciddi insandan ciddilik gözləmək arpasatandan gövhər istəməyə oxşayır. Nizami irsinə də tamah salanların əməli buna bənzəyir. Bir tövsiyəsi də var: "İlan düz getməsə yoluyla əgər, özünə sarılıb dolaşıq düşər". "Duzla ağarsa da xörəyin üzü, qaydasında gərək tökəsən duzu". Doğrudan da, hər şeyin bir qaydası var. "Bulud ağlamasa, gülərmi çəmən?" Bir də axı "Zəfərin açarı, baxın, nə deyir, xəzinələr açarı düz düşüncədir". Bəlkə də bir təskinlik üçün Nizami Gəncəvi əvvəlcədən bunu da söyləyib: "Dəlili, qüvvəti olan bir sözü qanmaq istəməyən bədbəxtdir özü". Ağıllı insan gərək heç kəslə qaydasız danışmasın. Çünki sonda utanıb üzr istəyəcək.

Nizami Gəncəvi "Xəmsə"də, demək olar ki, poemalarının hamısında dəfələrlə oğlu Məhəmmədə nəsihət verib. Hətta oğlunun "Leyli və Məcnun"u yazmaq haqqındakı xahişinə əməl etməsini də yeganə övladı ilə təsəlli tapmağında göstərib. Sevgilisinin vaxtsız ölümü şairi bərk sarsıtmış, o, bütün təskinliyini oğlunda tapmışdı. Bu səbəbdən də belə qələmə almışdı:

Türkim çadrımdan köçüb getdisə,

İlahi, türkzadımı sən özün saxla...

Budur Nizaminin öz kimliyinə vurduğu möhtəşəm və əbədi möhürdən biri. 870 il əvvəl Azərbaycan şeirinə doğan bu günəş öz işığını eləcə saçmaqdadır. Vətənə, xalqa xidmət haqqında düşünürüksə, müharibənin, ədalətin nə olduğunu, hünər, cəsarət, mərdanəlik, çalışqanlıq, məhəbbət, sevgi, düzlük, sədaqət kimi məziyyətlərdən xəbər tutmaq, gəncliyin, qocalığın fərqini anlamaq, səbrin, qənaətin fəzilətinə dalmaq, bir sözlə, İnsan olmaq istəyiriksə, Nizamini oxumaq, duymaq, onun hikmət çeşməsindən dadmaq və əməl etmək bəs edər. 870 ildir ki, bu günəşin şəfəqləri mənəviyyatımızı zənginləşdirir, təmizləyir, ruhumuzu göylərə ucaldır:

Uluların yolunun gərək qulu olasan,

Ülviyyətə yüksəlib sən də ulu olasan!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video