23:40 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Siyasi varisliyin Azərbaycan modeli: Heydər Əliyev ideyalarından bəhrələnən  yeni  konfiqurasiya

ANA SƏHİFƏ / SİYASƏT
01:58 09.05.2021

 

Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir.

O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu  10 may tarixi  Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və qədirbilənlik duyğuları üzərindən qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 98-ci  ildönümünün özəlliyi ondan ibarətdir ki, ölkə ictimaiyyəti bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi  bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də  siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.

Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir həyat məktəbidir. Ötən il noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmiş Zəfərdən sonra  yaranmış yeni reallıqlar bizi Heydər Əliyev fenomeninin cizgilərinə yeni, daha dolğun baxışların formalaşması üçün tarixi hadisələrin müqayisəli təhlili əsasında bir sıra  əhəmiyyətli məqamları araşdırmağa sövq edir.

Bu baxımdan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilk növbədə məhz Heydər Əliyev ideologiyasının təntənəsi kimi dəyərləndirilməlidir. Həqiqət ondan ibarətdir ki, hələ sovetlər dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və SSRİ-nin ali hakimiyyət orqanlarında ən yüksək mövqelər tutduğu dövrlərdə onun əzəmətli siyasi çəkisi respublika daxilində separatizm meyillərinin qarşısına keçilməz bir sədd çəkmişdi.

Bununla bağlı o, 1923-cü  ildə Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin təsis edilməsinin ermənilərin ərazi iddiaları zəminində xalqımız üçün böyük problemlər yarada biləcəyi barədə tarixi xatirələrini bölüşərkən demişdir: “... 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya ovaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu... …Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını şərtləndirən siyasi aspektlər və bu fonda Heydər Əliyev şəxsiyyəti ilə  bağlı açıqladığı tarixi faktlar reallıqların ədalətli dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir: “Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər... …Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı...”

Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdir.

Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Lakin  xalqımızın taleyinə yazılmış bu yaranın sağalması dərin quyuya atılmış daşın oradan çıxarılması fəlsəfəsi baxımından bir ayın, hətta bir ilin işi deyildi. Çünki ərazi iddiaları əsasında dünyada bundan öncə Kəşmir, Fələstin və digər bu kimi onilliklərlə sürən və hələ də  həllini tapmayan münaqişələrin mövcudluğu belə düşünməyə əsas verirdi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Zaman gələcək, mən pencəyimi çiynimə ataraq Şuşaya, Kəlbəcərə qalxacağam”, “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla, bu il Novruz bayramını ailə üzvləri ilə birlikdə məhz Şuşa şəhərində qeyd etməklə və Cıdır düzündə Qələbə tonqalını qalamaqla yarımçıq qalmış arzuları çin etdi. Azərbaycan Prezidenti otən il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə bağlı xalqa müraciətində qürurla söyləmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Sələflərindən fərqli olaraq problemin aradan qaldırılmasına kompleks yanaşmanın müəllifi kimi Heydər Əliyev  vətəndaş birliyinə nail olmaq  və xalqı öz gücünə inandırmaqla yanaşı, dövlət və ordu quruculuğu ilə bağlı məsələlərə xüsusi önəm vermiş, Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadiyyatı inkişaf yoluna çıxarmış, beynəlxalq müstəvidə ermənipərəst güclərin neytrallaşdırılmasına müvəffəq olmuşdur. Bu məqsədlə 1994-cü ilin may ayında imzalanmış və Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə olunması üçün hüquqi baza olan Bişkek protokolunu Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində əldə etdiyi böyük diplomatik uğur idi. Çünki məhz atəşkəs rejiminin mövcudluğu Azərbaycanda neft erasının başlanğıcı üçün şərait yaratdı. Daxildəki bəzi antimilli qüvvələrin aradan çıxarılması və ölkədə sabitliyin, əmin-amanlığın bərpası ilə müstəqilliyimizin möhkəm dayaqlar üzərində bərqərar olması üçün geniş yol açıldı. Bütün bunlar ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ən vacib şərt kimi tarixi və siyasi əhəmiyyət kəsb edən meyarlardır. Bu strateji hədəf  Ulu Öndərin ölkə rəhbərliyinə gəldiyi ilk gündən səsləndirdiyi “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsində öz əksini tapmışdır.

Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 17 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə ciddi riayət etməsindən irəli gəlir. Cənab İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə “Heydər Əliyev bu məsələni necə həll edə bilərdi” sualına cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən cənab İlham Əliyev tərəfindən yeni situasiyalara uyğun olaraq uğurla davam etdirilmişdir. Ölkə rəhbəri İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin diplomatiya məktəbinin layiqli tələbəsi kimi Qarabağ probleminin sülh yolu ilə həlli mərhələlərində üzləşdiyi təzyiq və təpkilərə dəyanətli mövqe nümayiş etdirmiş, Azərbaycanın maraqlarına zidd olan heç bir güzəştə getməmiş və hər zaman bu prosesdə heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun, ABŞ, Rusiya və Fransa kimi nəhəng həmsədr  dövlətlərin fəaliyyətinə və digər beynəlxalq təşkilatların ikili yanaşmalarına tənqidi fikirlərini cəsarətlə ortaya qoymuşdur.

Danışıqlar masası arxasında prinsipiallıq nümayiş etdirməklə yanaşı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu və müdafiə məsələlərini dövlətimizin siyasi prioriteti elan etmişdir. Bu istiqamətdə Heydər Əliyevin tövsiyələrini diqqətdə saxlayan və “Beynəlxalq hüquq işləmədiyi yerdə yalnız güc amili həlledici ola bilər” məntiqi ilə münaqişənin həllinin hərbi yolunu heç zaman istisna etmədiyini açıq şəkildə dünya ictimaiyyətinə çatdıran ölkə rəhbəri 2003-cü ildən bəri dövlət büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin etmişdir ki, bu da Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan ölkə rəhbəri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı bu fikri inkişaf etdirərək söyləmişdir ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı  və maliyyə resursları  Qələbənin əldə edilməsində xüsusi rol oynamışdır. Hərbi Qənimətlər Parkının açılışında isə o,  bu məsələyə daha geniş yanaşaraq demişdir: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc - bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”. Həqiqətən də cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, Heydər Əliyevin müəllifi olduğu inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Bu, həm də siyasi amil olaraq bu gün digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa məcbur edir.

Artıq hər kəs bu fikirlə razılaşır ki, “Dəmir yumruq” əməliyyatı nəticəsində cəmi 44 günə yekunlaşmış  İkinci Qarabağ müharibəsində  böyük Qələbənin əldə olunması ilə ölkə daxilində və Azərbaycanın lider olduğu Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranmışdır. Bu gün azad edilmiş ərazilərin dirçəldilməsi ilə ölkəmizin hərtərəfli və sürətli inkişaf yoluna qədəm qoyması, faktiki olaraq Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 2020-ci il

10 noyabr üçtərəfli birgə Bəyanatın qəbul edilməsindən sonra Azərbaycanın vacib və əhəmiyyətli aktorlardan birinə çevrilməsi, onun  qalib ölkə kimi daha da yüksəlmiş beynəlxalq nüfuzu   yeni iqtisadi və siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirmişdir.

Son illər ölkədə həyata keçirilən hərtərəfli və mütərəqqi islahatlar kursu Heydər Əliyevin müəyyən etdiyi siyasi hədəflərə nail olmaq istiqamətində atılmış tarixi addımlardır. Həm neft strategiyasının düşünülmüş və gələcəyə hesablanmış tətbiqi, həm digər sosial-iqtisadi məsələlərin səmərəli şəkildə idarə olunması, həm də postneft dövründə digər sahələrin dinamik şəkildə inkişafı ilə yanaşı, bütün bunların ideoloji təməli kimi ictimai-siyasi sahədə də yeniləşmənin zəruriliyi  ortaya çıxmışdır. Son hadisələr də göstərdi ki, bu addımlar atılmadan sonrakı mərhələdə nəzərdə tutulmuş  hədəflərə çatmaq mümkün deyil. Bütün səviyyələrdə yeni idarəetmə üsullarına keçid, əsasən kreativ düşüncəli gənc kadrların potensialına güvənikli geniş kadr islahatları, Heydər Əliyevdən miras qalmış qətiyyət nümunəsi ilə cəmiyyətin mənəvi saflığı, rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.

Heydər Əliyev dahi siyasətçi idi və o, məsələləri əhəmiyyətinə görə məntiqi ardıcıllıqla düzməyi bacarırdı. Bu məsələlər içində demokratik dəyərlərə verilən önəm, söz azadlığı, vətəndaş həmrəyliyinə nail olunması, vətəndaş institutlarının inkişafı xüsusi yer tutur. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiya beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Milli qanunvericilik  mütərəqqi müddəalar hesabına hüquqı aktlarla zənginləşdirilib. Ölkədə çoxpartiyalı siyasi sistem və siyasi plüralizm ənənələri məhz Heydər Əliyev dövründə formalaşıb. Azərbaycan insan hüquqlarının müdafiəsinə dair hətta dünyanın bəzi lider dövlətlərinin qoşulmadığı benəlxalq konvensiyalara imza atıb. Ölüm hökmü ləğv edilib, informasiya azadlığı təmin olunub, senzura aradan qaldırılıb.

Bu hədəflərə nail olmaq üçün yeni mərhələdə mövcud bazadan səmərəli şəkildə istifadə olunmaqla qeyri-hökumət təşkilatlarının geniş seqmentinin yaradılmasına start verilmiş, 2007-ci ildə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildikdən sonra onların fəaliyyəti üçün münbit və əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə bu yaxınlarda QHT-yə Dövlət Dəstəyi Şurasının əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılması ölkə rəhbərliyinin bu sahənin inkişafi ilə bağlı siyasi niyyətini və onun reallaşdırılması sahəsində iradəsini ortaya qoyur. Vətəndaş həmrəyliyi əldə olunmuş nailiyyətlərin əsas şərtlərindən biri kimi tarixi birlik missiyasının təməlini qoymuş oldu. Müharibənin gedişatında və ondan sonrakı dövrdə QHT-lər, media qurumları nəinki Prezident İlham Əliyevin siyasətini dəstəklədi, hətta onun təbliği üçün əlindən gələni əsirgəmədi. Bütün dövlət və ictimai qurumlar, Azərbaycan xalqı birmənalı şəkildə Ali Baş Komandanın, ordunun yanında oldu. 2020-ci il növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin və onun komitələrinin rəhbərliyində ilk dəfə olaraq müxalif partiyaların nümayəndələrinin təmsil olunması indiyədək mövcud olmayan siyasi plüralizm nümunələrindən biridir.

Ulu Öndərin illərlə həyata keçirdiyi, təməlləri möhkəm atılmış dövlətçilik siyasətinin və onun siyasi irsinin davamının bariz nümunəsi kimi “Xalq-Heydər, Heydər-xalq!” şüarı bu gün Prezident İlham Əliyevin timsalında “Vətəndaş-Ordu-İqtidar”  birliyinə transformasiyası şəklində nümayiş etdirilir.

Beləliklə, əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə və daha sonra  90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, Prezident İlham Əliyevin yürütdüyü modernləşmə kursu ölkəmizi yeni nəsil müstəqil dövlətlər sırasında layiqli yerə yüksəltmiş və respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.

Deyirlər, həqiqət müqayisədə aşkar olur. Bugünkü reallıq isə ondan ibarətdir ki, Azərbaycanda həmrəyliyin ən yüksək səviyyəsi mövcuddur, Ermənistanda isə xaos hökm sürür. Bir tərəfdə qalib və  məğrur Azərbaycan xalqı, hətta qərarlarını yerinə yetirməkdə acizlik nümayiş etdirən beynəlxalq təşkilatların öhdəliklərini də öz üzərinə götürərək 30 illik münaqişəni cəmi 44 günə həll edən qüdrətli Azərbaycan Ordusu, hər kəsin həsəd apardığı çiçəklənən Azərbaycan dövləti, digər tərəfdə isə əzilmiş, ümidsiz və çarəsiz erməni xalqı, sındırılmış Ermənistan ordusu, bölgədə və dünyada nüfuzunu itirmiş Ermənistan dayanır. Ermənistanda fəaliyyət göstərən 16 siyasi partiyanın mövcud hakimiyyətə qarşı silahlı mübarizəyə qalxdığı halda Azərbaycanda 50-dən çox siyasi partiyanın Prezident İlham Əliyevin milli maraqlar naminə  həmrəylik çağırışına səmimi olaraq  səs verməsi ölkəmizin siyasət arenasındakı qarşılıqlı münasibətlərin əhəmiyyətini daha da yüksəldir və yeni keyfiyyətlərini ortaya qoyur.

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi uğur adına nə varsa, onun altında Heydər Əliyevın ideloji təfəkkürünün məhsulu olan Yeni Azərbaycan Partiyasının imzası var. Çünki  o,  28 ilə yaxın bir müddət ərzində iqtidar partiyası olaraq ölkənin inkişaf strategiyasının ideoloji sütunu kimi ağır və şərəfli bir missiyanı öz çiyinlərində daşımaqdadır. Bu illər ərzində partiyamız bu tərəqqinin ilhamvericisi olmaqla yanaşı, həm də cəmiyyətlə unison şəkildə inkişaf edərək və çox böyük və şərəfli yol keçmiş və ətrafına yüz minlərlə siyasi həmfikir toplamağa nail olmuşdur. Ona görə də düşünürəm ki, təkcə bu fakt ölkəmizin müstəqillik dövrünün siyasi tarixində Ulu Öndər Heydər Əliyevin təbirincə desək, dünənin, bu günün və gələcəyin partiyası kimi bu gün də avanqard mövqeyini qoruyub saxlayan YAP-ın yerini və rolunu dəyərləndirməyə kifayət edir.

Tarixi vərəqləyərkən hər kəsdə YAP-ın ictimai-siyasi zərurətdən yaranan bir siyasi təşkilat olduğuna və bu gün Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu qurumuna çevrildiyinə  əminlik yaranır. Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bütün bu illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının bu yaxınlarda keçirilmiş növbədənkənar VII qurultayı da təsdiq etdi ki,  əldə olunmuş nailiyyətlər silsilə xarakter daşıyır və faktlar və reallıqlar prizmasından bu uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur.

YAP öz səmərəli fəaliyyəti ilə ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Ona görə də düşünürəm ki, “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil” söyləyən partiyamızın sədri, ölkə Prezidenti cənab

İlham Əliyevin bu əminliyini hər birimiz böyük səmimiyyətlə bölüşürük. Başqa sözlə, siyasi sistemin monolit gücü və avanqard siyasi institutu kimi sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki öncül yerinə görə Ulu Öndərin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən müasir və sivil siyasi qurumdur. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.

Bu gün öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar öz namizədliyini geri götürərkən xalqa və siyasi həmfikirlərinə son müraciətində əksini tapan bu fikirlər məhz Yeni Azərbaycan Partiyasına olan inamın və etibarın ifadəsi kimi bizim qazandığımız misilsiz uğurlara, görülmüş işlərə və nəhayət, ən əsası, Azərbaycanın ərazi bütövlüyünün bərpasına  aparan yola bələdçilik edir.

 Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə misilsiz töhfələr verməkdə davam edir. İqtidar partiyası olaraq hər zaman dövlətin rəhbərliyinin qəbul etdiyi siyasi qərarların həyata keçirilməsində mütəşəkkıllik nümayiş etdirən YAP 44 günlük Vətən müharibəsi zamanı ölkədə fəaliyyət göstərən digər siyasi partiyaların və hərəkatların ümummilli maraqlar ətrafında cəmləşməsinə nail olmuşdur. Tarixi zəfərdən sonrakı postmüharibə dövründə azərbaycançılıq və həmrəylik prinsiplərinə bağlı ideloji xəttə sadiq qaldığını sübut etməkdədir.

YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır. O, həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə partiyalar səviyyəsində beynəlxalq qurumlarda özünə layiqli yer qazana bilmişdir. Partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, düşünürəm ki, sonda Qarabağ torpaqlarının azad olunması üçün göstərilən səylərə mühüm dəstək olmuşdur.

Yeni çağırışlar və müasir tələblər fonunda bu ynaşma bütövlükdə bütün cəmiyyət, o cümlədən xüsusilə də siyasi səhnədə ön sırada yer almış, cəmiyyətin inkişafı üçün mühüm siyasi alətlərə malik qurumlar üçün hər zaman aktualdır. Bu mənada YAP öz fəaliyyəti boyu bir çox ibrətamiz nümunələrə imza atıb. Yaxın tarix sübüt edir ki, YAP öz fəaliyyətinə böyük məsuliyyətlə yanaşan siyasi toplum olaraq həm də bəzən əldə edə bilmədiyi hədəflərə çatmaq üçün maneələrin araşdırılması və cəmiyyətin inkişafına əngəl ola biləcək səbəblərin aradan qaldırılması istiqamətində tarixi addımlar atmaqla obyektivlik naminə özünütənqid müstəvisində ciddi siyasi qərarlar qəbul etmək üçün özündə güc tapa bilir. Təsadüfi deyil ki, ötən il növbədənkənar parlament seçkilərinin keçirilməsinin təşəbbüskarı məhz Yeni Azərbaycan Partiyası olmuşdur. Və zaman göstərdi ki, bu, ölkədə yeni genişmiqyaslı islahatların həyata keçirildiyi həmin dövr üçün verilmiş ən düzgün, ölçülüb-biçilmiş və müdrik qərardır. Cənab İlham Əliyev bununla bağlı partiyanın sonuncu  ali məclisində çıxış edərkən öz mülahizələrini bölüşmüşdür: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var... Lakin biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik... Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Qurultay həm də ölkə üzrə, xüsusilə idarəetmə sistemində həyata keçirilən çoxşaxəli islahatlar və taleyüklü, tarixi əhəmiyyətli hadisələr fonunda formalaşmış yeni siyasi konfiqurasiyaya uyğun olaraq YAP-nın da tərkibcə keyfiyyət dəyişikliyi, yeni idarəetmə modeli və müasir tələblərə uyğun fəaliyyət üslubuna keçməsi ilə bağlı zərurəti ortaya qoydu. Düşünürəm ki, ölkə ictimaiyyəti və siyasi çevrələr çox keçmədən bu istiqamətdə ümidləri doğruldan pozitiv nəticələrə şahidlik edəcək və YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək.

Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ çox uğurlar gözləyir.

 

Bahar MURADOVA, 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,

YAP  İdarə  Heyətinin  üzvü,  siyasi elmlər üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM