23 Avqust 2013 12:08
385
MSK
A- A+

Siyasi partiyaların və siyasi partiyaların bloklarının Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirakının əsasları

 

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununa görə, siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılan qeyri-kommersiya xarakterli hüquqi şəxsidir.

Siyasi partiyaların blokuna isə ilk dəfə Azərbaycan Respublikasının Seçki Məcəlləsində "seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok" kimi anlayış verilmişdir. Bundan başqa, Seçki Məcəlləsinin 50-ci maddəsində siyasi partiyalar blokunun yaradılmasi qaydası, fəaliyyət prinsipləri və digər mühüm məqamlara dair dəqiq, aydın, lakonik izahlar verilmişdir. Belə müəyyən olunmuşdur ki, siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər və siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar isə bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilməlidir. Yalnız yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.

Seçki qanunvericiliyinə əsasən, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmalıdır. Bunun üçün blokun səlahiyyətli nümayəndəsi qanunvericilikdə nəzərdə tutulan sənədləri - bloka daxil olan siyasi partiyaların nizamnamələrinin və şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları, blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərarını müvafiq seçki komissiyasına təqdim edirlər. Sözügedən sənədlər düzgün rəsmiləşdirildikdə və  Seçki Məcəlləsinin tələblərinə uyğun gəldikdə MSK 5 gün müddətində siyasi partiyaların blokunu qeydə almalıdır. Əks təqdirdə, MSK siyasi partiyaların blokunun qeydə alınmasından imtina edə bilər. Lakin siyasi partiyaların blokunun qeydə alınması rəsmiləşdikdən sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.

Siyasi partiyalar blokunun adı və emblemi ilə bağlı da seçki qanunvericiliyində konkret tələblər var. Belə ki, siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilməlidir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq) və əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyaların blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyaların blokunun adı verilə bilməz. Siyasi partiyaların bloku fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edə bilər. Bütün bu sadalanan tələblərlə yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.

Siyasi partiyaların bloku rəsmən təsdiq olunması üçün özünün emblemini də MSK-ya təqdim edə bilər. Bu zaman siyasi partiyaların bloku onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyaların bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla istənilən emblemi təqdim edə bilər. Bir şərtlə ki, siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmasın, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmasın, ümumən qəbul edilmiş əxlaq normalarını pozmasın. Seçki kampaniyası dövründə siyasi partiyaların blokunun adının və embleminin dəyişdirilməməsi şərtilə blokun beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsi Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmalıdır.

Seçki qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının Prezidentliyinə namizədlik vətəndaşların özləri, aktiv seçki hüququna malik olan seçicilərin təşəbbüs qrupları, həmçinin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər. Qanunvericilik adları çəkilən subyektlərin seçkilərdə iştirakı üçün bəzi xüsusiyyətlər nəzərə alınmaqla, bərabər imkanlar yaradır və eyni şərtlər  müəyyən edir.

Seçki Məcəlləsinin 54-cü və 180-ci maddələrində namizədliyin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsinın əsas prinsipləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən namizədliyin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd isə bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməli, siyasi partiyaların blokları tərəfindən namizədliyin irəli sürülməsi haqqında siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qərar qəbul olunmalıdır. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.

Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyaların blokunun qərarı protokolla rəsmiləşdirilməlidir və həmin protokolda iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş iştirakçıların sayı, siyasi partiyaların blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı, namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri, qərarın qəbul edilməsi tarixi göstərilməlidir. Yeri gəlmişkən qeyd edək ki, siyasi partiya, siyasi partiyaların bloku bu bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.

Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi MSK-ya siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini,  namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolunu,  siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini də təqdim etməlidir.

Siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi isə namizədin adı ilə birlikdə müvafiq seçki komissiyasına siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclaslarının  protokollarını,  siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarını və müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini təqdim etməlidir.

Siyasi partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan sənədlərlə birlikdə namizədin seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi  göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə, həmçinin namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilməlidir.

Seçki qanunvericiliyinə əsasən, MSK təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, irəli sürülmüş namizədliyin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Mərkəzi Seçki Komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız tələb olunan sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsi qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu haqda xəbərdar edir, müvafiq düzəlişlərdən sonra namizədin irəli sürülməsi təsdiqlənir.

Seçkilərdə iştirak edən subyektlər sırasında səlahiyyətli nümayəndələrin (o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin) özünəməxsus yeri var. Həmin şəxslər müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.

Siyasi partiyaların, siyasi partiyaların blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir.

Siyasi partiyaların, siyasi partiyaların bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər.

Siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin statusunun itirilməsi vaxtı başa çatır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, digər seçki subyektləri kimi, siyasi partiyaların və siyasi partiyaların bloklarının seçkilərdə iştirakı ilə bağlı bir sıra tələblər müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə görə, seçkilərdə  iştirak edən subyektlər öncə mətbuat azadlığına hörmət bəsləməli, yəni seçki prosesində iştirak edərkən öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin işinə mane olmamalıdırlar. Eləcə də digər namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq tələb olunur. Ümumi prinsiplər sırasında seçkiqabağı təşviqat materiallarını məhv etməmək və korlamamaq, onların yayılmasına,  kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq da mühüm yer tutur.

Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakı zamanı seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları ilə və seçki subyektlərilə əməkdaşlıq etmək kimi vacib qaydalara da riayət olunmalıdır. Bununla belə, seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək,  səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək çox önəmli məsələlərdəndir.

Riayət olunmalı şərtlər arasında səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək, seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq da mühüm əhəmiyyət kəsb edir.

Seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etməklə bərabər, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq, seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək hər bir seçki subyektinin əməl etməli olduğu məsələlərdir.    Seçki Məcəlləsinin tələblərindən biri də dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsində nəzərdə tutulmamış hallarda istifadə etməmək, təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək,  seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməməkdir.

Qanunvericiliyin başqa bir şərti isə heç bir vəzifəli şəxsin namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək barədədir. Yuxarıda sadalanan prinsipial məqamlara əməl olunmaması Seçki Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilər və Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən müvafiq məsuliyyət yarada bilər.

Həmçinin yuxarıda göstərilənlərlə bərabər, Seçki Məcəlləsinin 49-cu maddəsində daha konkret şərtlər nəzərdə tutulmuşdur ki, bunlara da riayət edilməsi vacibdir. Qanunvericiliyin tələbinə görə, digər siyasi partiyanın və ya siyasi partiyalar blokunun seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna , o cümlədən seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək lazımdır. Bundan əlavə, seçicilərlə azad ünsiyyətin yaradılması üçün digər siyasi partiyalara və onların bloklarına mane olmamaq, siyasi fəaliyyətdə iştirak etmək istəyən seçicilərə həmin fəaliyyətin azad və sərbəst həyata keçirilməsi üçün təminatlar yaratmaq da mühüm şərtlərdəndir.

 

Mikayıl RƏHİMOV,

Mərkəzi Seçki Komissiyasının katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video