24 Yanvar 2021 00:39
1593
CƏMİYYƏT
A- A+

Sistemli tədbirlər bəhrəsini verir

 

Bəşəriyyət qlobal pandemiyaya qarşı güclü savaşa qalxsa da, hələ ki, qalib çıxa bilmir. Koronavirus infeksiyasına yoluxma halları sürətlə geniş miqyasda artmaqdadır. İnfeksiyadan qorunmağın ən effektiv yolu olan vaksinasiya işinin başlanmasına rəğmən təhlükəli virus yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 96 milyonu, ölüm hallarının sayı 2 milyonu ötüb.

 

İki həftədə bütün tibb işçiləri vaksinasiyadan keçəcək

 

Vaksinasiya prosesi artıq bir çox ölkələrdə başlanıb.  Azərbaycan da dünyanın ən öndə gedən dövlətləri ilə bərabər bu prosesə start verib. Ölkədə COVID-19-a qarşı vaksinasiya prosesi yanvarın 18-də səhiyyə işçilərinin peyvəndlənməsi ilə start götürüb. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib ki, yaxın iki həftə ərzində bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək. Ondan sonra yaşı 65-dən çox olan şəxslər peyvənd olunacaqlar: “Daha sonra risk qrupuna daxil olanlar başda olmaqla digər şəxslər vaksinasiyadan keçəcək. Sonrakı mərhələdə 50 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi hədəflənir. Bununla da xəstəxanada yatanların sayını azaltmaq mümkün olacaq.

Hazırda xəstəxanada yatanların 70-75 faizi 50 yaşdan yuxarı insanlardır. Bundan sonra isə daha aşağı yaş qrupları üçün peyvənd istehsalçıları ilə həm ikitərəfli, həm də COVAX təsisatı ilə əməkdaşlığımız nəticəsində müzakirələrimiz davam etdiriləcək və ölkəmizə vaksinlər gətiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş vaksinasiya strategiyasında COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin əməkdaşları, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir.

 

Koronavirusla bağlı müsbət tendensiya əldə olunub

 

Pandemiya ilə mübarizənin hərtərəfli davam etdirilməsi ölkəmizdə qarşıya qoyulan prioritet vəzifələrdən biridir. Dövlət öz üzərinə düşən hər şeyi edir, vətəndaşlarını maksimum dərəcədə qoruyur, bu istiqamətdə ən düzgün və ciddi ölçülüb-biçilmiş addımlar atır. Vaksinasiya prosesinin başlaması da bu qəbildəndir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarının maksimum şəkildə qorumasının növbəti əyani sübutudur.

Vaksinasiyaya qədər çox böyük işlər görülüb. Qısa müddət ərzində rmodul tipli xəstəxanalar yaradılıb, maska istehsal edən müəssisələr fəaliyyətə başlayıb, dərman təminatı yüksəldilib, tibb işçiləri fədakarlıq göstəriblər.

Məhz bunların nəticəsidir ki, koronavirusla mübarizədə uğurlu nəticələr əldə edilməkdədir. Hazırda vəziyyət stabildir. Karantin rejimi, sosial məsafənin qorunması və maska taxmaq zərurəti virusun yayılma sürətini azaldıb. Gündəlik yoluxma göstəricisi də xeyli aşağı düşüb. Bütövlükdə, pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub. Aktiv xəstə sayı 7 mindən azdır.  Bu isə o deməkdir ki, Azərbaycanda həyata keçirilən çevik və sistemli tədbirlər öz bəhrəsini verir. Eyni zamanda sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib.

 

Əyani tədris mərhələli şəkildə bərpa edilir

 

Müsbət tendensiya sərt karantin rejimində bir sıra yumşaldılmaların tətbiqinə rəvac verib. Artıq yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, icaze.e-gov.az portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yanvarın 25-dən muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olunmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə icazə verilir.

Fevralın 1-dən isə ümumi təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa ediləcək. Həmin tarixdən etibarən məktəbəhazırlıq qrupları, icma əsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələbləri nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək.

Fevralın 1-dən eyni zamanda ölkə ərazisində ictimai iaşə obyektlərində, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər də bərpa olunur.

Hər kəs ümid edir ki, vaksinasiya prosesi genişləndikdən sonra ölkədə vəziyyət daha da qənaətbəxş olacaq. COVID-19-a qarşı peyvənd pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir. Tam güvənli şəkildə normal həyatımıza qayıdış nə qədər insanın peyvənd olunub immunitet qazanmasından asılıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmalıdır. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına əməl etməli, hər zamankından diqqətli olmalıyıq. Hazırda əsas məqsəd əldə olunmuş pozitiv tendensiyanı qoruyub saxlamaqdır. Əks halda ehtiyatı əldən verərək, yoluxma sayının yenidən yüksəlməsinə səbəb ola bilərik. Odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların icrası, qoruyucu vasitələrdən istifadə, gigiyena qaydalarına riayət edilməsi, məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsi zəruridir. 

Normal həyata qayıtmaq hamının arzusudur. Amma bu arzunu reallaşdırmaq üçün bütün qaydalara, tövsiyələrə riayət etməliyik. Ümid edək ki, vaksinasiya prosesi tam başa çatandan sonra bir ildir qorxulu kabus kimi bəşəriyyətin başı üstünü almış COVID-19 təhlükəsi sovuşacaq və həyat əvvəlki məcrasına qayıdacaq.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video