15 Iyun 2013 12:06
631
Səhiyyə
A- A+

Şirvan şəhərinin tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərirlər

 

"Həkimlik peşəsi öz xalqına yüksək sədaqət tələb edən bir işdir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".

 

Heydər ƏLİYEV

 

İnsan xəstələnəndə sağlamlığın qədir-qiymətini daha çox hiss etməyə başlayır. Çox adamlar görmüşük ki, nasasızlıqları ortaya çıxanda əllərini göyə qaldıraraq özlərinə yalnız cansağlığı arzulayırlar. Elə buna görə də el arasında deyirlər: "Ən böyük sərvət cansağlığıdır". İnsan xəstələnəndə həmişə ümidlə üz tutduğu şəxs həkim olur. Son illər ölkəmizdə səhiyyənin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir və bu iş davamlı şəkildə aparılır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ayrı-ayrı rayonlarda müalicə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, keçən əsrdə inşa olunan xəstəxanaların, həkim məntəqələrinin əsaslı təmiri buna bariz nümunədir. Dünya standartları səviyyəsində qurulan həmin səhiyyə ocaqları xarici ölkələrdə istehsal olunan ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Respublikada indi yüksək biliyə malik həkimlər ordusu formalaşmaqdadır. Bunların sayəsində hazırda təkcə Bakıda deyil, bölgələrdəki müalicə ocaqlarında da açıq ürək əməliyyatları keçirilir, əhali vaxtaşırı müayinə və müalicə aksiyalarına cəlb edilir.

Əhalisinin sayı 85 min nəfəri ötməkdə olan Şirvan ölkəmizin iri sənaye şəhərlərindəndir. Burada strateji əhəmiyyətli obyektlər fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyimiz müalicə diaqnostika mərkəzlərindən biri də bu şəhərdədir və onun açılış mərasimində ölkə rəhbəri cənab İlham Əliyev iştirak etmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanası isə köklü şəkildə yenidən qurulmuşdur. Tibb ocağı nümunəvi xidmətinə, səliqə-sahmanına, şəratinə görə Şirvan-Muğan bölgəsində tanınmış müəssisələrdəndir. Burada öz işini yaxşı bilən, Hippokrat andına sadiq olan həkimlər çoxdur. Səhiyyə işçilərinin peşə bayramı ərəfəsində xəstəxanada olarkən bir daha bunun şahidi olduq.

Birinci intensiv terapiya şöbəsində, əsasən, ürəyi xəstə olanlar müalicə edilirlər. Aliyə İbrahimova Şirvan şəhər sakinidir. Mühəndisdir, uzun müddət buradakı İstilik Elektrik Stansiyasında işləyib. İndi təqaüddədir. Bu yaxınlarda Bakıda onu ürək ağrısı tutur. Təcili Neftçilər Xəstəxanasına çatdırırlar. İlkin yardımdan sonra məsləhət görürlər ki, bir neçə gün qalıb müalicə olunsun. Amma öz evinə qayıtmağa qərar verir. O, Şirvana çatanda isə kəskin miokard infarktı diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına yerləşdirilir. Bacarıqlı kardioloq  həkim Cəlal Əhədov onun həyata qayıtması üçün əlindən gələni edir. Xəstənin müalicəsi hazırda davam edir. Həkim C.Əhədov dedi ki, bir neçə gündən sonra xəstənin üzərində dəqiq müayinə aparılacaq, cərrahiyyə və ya digər müalicə üsuluna ehtiyacın olub-olmaması  müəyyənləşdiriləcək.

Kardioloq həkimdən xəstə ilə söhbət etməyin mümkün olub-olmadığını soruşduq. "Olar", - dedi. Xəstə nəfəsini dərərək: - Əlimi hər şeydən üzmüşdüm, sinəmin göynərtisindən dayana bilmirdim, ömrümün sonu çatdığını zənn edirdim. Sən demə, Allah dərd verəndə dərmanını da göndərir. Sağ olsun, Cəlal doktor, məni həyata yenidən qaytardı. Ömrüm boyu ona duaçı olacam. Otağa göz gəzdirib sözünə davam edir. - Az yaşım yoxdur. 72-nin içindəyəm. Ali təhsilim var. Dünyanın gərdişindən, yaxşı-yamanından xəbərdaram. Gördüyünüz bu şərait, bu müasir tibbi aparatlar əvvəllər - sovet dövründə yox idi. Bunlar aparılan düzgün siyasətin nəticəsidir. Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir. Sağ olsun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev. Azərbaycanda bütün sahələrdə, o cümlədən səhiyyədə uğurlu nəticələr var. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əməyini heç vaxt unutmaq olmaz. İnanıram ki, respublikamızın sabahı daha yaxşı olacaq, tibb sahəsində yeniliklər əldə ediləcək, vətəndaşlarımızın heç birinin müalicə üçün Almaniyaya, İsrailə və digər ölkələrə getməsinə ehtiyac qalmayacaq, - deyir.

Şirvan şəhərində yaşayan 86 yaşlı Şərəbanı Cəfərovanı isə həkim Maarif Abdullayev müalicə edir. Ş.Cəfərova iyunun 3-də hipertonik ağırlaşma və kəskin ürək çatışmazlığı ilə xəstəxanaya daxil olub. Həkim dedi ki, Ş.Cəfərovanın vəziyyəti getdikcə yaxşılaşır. Qan təzyiqi sabitdir, ürək çatışmazlığı əlamətləri götürülüb, xəstəliyinə uyğun müalicə aparılır.

İkinci intesiv terapiya palatasında Salyan rayonunun Qaraçala qəsəbəsindən olan Məcnun Məhərrəmov, Sabirabad rayon sakini Akif Yusifov, Hacıqabul rayonundan Vüqar Qulammirzəyev və başqaları müalicə alır. Onların hər biri həkim M.Abdullayevdən, tibb bacılarından razılıq etdilər.

Dövlətin diqqət və qayğısı nəticəsində Şirvan şəhərinin səhiyyə müəssisələrində əsaslı dönüş yaranmışdır. Belə ki, yoluxucu şöbə, şəhər doğum evi, mərkəzi xəstəxananın poliklinika kompleksi, aptek, məhkəmə tibbi ekspertiza korpusu, vərəm xəstəlikləri şöbəsi, təcili yardım stansiyası əsaslı şəkildə təmir edilmişdir. Əsaslı təmir zamanı 3 qazanxana, 2 transformator quraşdırılmış, 300 tonluq su anbarı tikilmiş, cərrahiyyə şöbəsi üçün generator qoyulmuşdur. Qış aylarında binalar lazımi temperaturda qızdırılır ki, bu da xəstələr, habelə həkimlər üçün rahatlıq yaradır. Regional təcili tibbi yardım xidməti üçün xəstəxana daxilində xüsusi post yaradılmış və binaya 4 "Mersedes" və 1 "QAZEL" markalı təcili yardım avtomobili verilmişdir.

Mərkəzi xəstəxananın nəzdində fəaliyyət göstərən şəhər xəstəxanası, onkoloji xəstəxana, doğum evi və uşaq birləşmiş xəstəxanasının kollektivləri də öz işlərini günün tələbləri səviyyəsində qurmaq, əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün səylə çalışırlar. Mərkəzi xəstəxananın 220 nəfər həkim və 450 nəfərə yaxın orta tibb işçisi üzərlərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün bacarıqlarını əsirgəmirlər. Son iki ildə onların 90 faizi təkmilləşdirmə kurslarından keçmiş, həkimlərin 30 faizi sertifikat almışdır. İki nəfər həkim və bir tibb bacısı "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Həkim cərrah Akif Rüstəmov, kardioloq Əfsər Nəcəfov, Cəlal Əhədov, nevropatoloq Mətanət Quliyeva, Gülbikə Fərzullayeva, Pərinisə Əliyeva, Azru Məlikova və başqaları Şirvan şəhər əhalisinin böyük hörmətini qazanmışlar.

Mərkəzi xəstəxananın 7 hektarlıq ərazisi son dərəcə səliqə-sahmanlıdır. Yaşıllığa, gül-çiçəyə qərq olmuş bu sahə şəhər içində şəhəri xatırladır.

Baş həkim Fərhad Səfərov onu da bildirdi ki, səhiyyə işçillərinin bayramı ərəfəsində kollektivdə qanvermə aksiyası keçirilmişdir. Bütün tibbi personal bu xeyirxah tədbirdə iştirak etmişdir.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video