13 Aprel 2021 01:35
752
DÜNYA
A- A+

Şimali İrlandiya yenidən çalxalanır

 

London iğtişaşların qarşısını almaqda israrlıdır

 

Böyük Britaniyanın Şimali İrlandiya bölgəsində, xüsusilə paytaxt Belfastda çoxdandır hökm sürən sabitliyi ötən ayın axırlarından etibarən kütləvi iğtişaşlar əvəzləmişdir.

Əvvəllər küçə və meydanlara bölgənin Birləşmiş Krallığın tərkibində qalmasının tərəfdarı olan protestantlar və onun İrlandiya Respublikasına qatılması ideyasını dəstəkləyən katoliklər çıxırdılar. Bu dəfə isə iğtişaşların səbəbkarları protestantlardır.

İğtişaşların yenidən başlamasına Şimali İrlandiya prokurorluğunun “Şinn Feyn” milli respublikaçı partiyasının üzvlərinə koronavirus məhdudiyyətlərini pozduqlarına görə cinayət işi açmaqdan imtina etməsi gətirib çıxarmışdır. Keçən ilin iyununda “Şinn Feyn”in vitse-prezidenti və Şimali İrlandiya baş nazirinin müavini Mişel O'Nil daxil olmaqla, təxminən 2000 nəfər bölgənin Britaniyadan ayrılması uğrunda mübarizə aparan “İrlandiya respublika ordusu”nun keçmiş üzvü Bobbi Storinin dəfn mərasiminə qatılmışdır. Hərçənd mövcud qaydalara görə, dəfn mərasimində 30 nəfərdən çox adam iştirak edə bilməzdi.

Bundan başqa, katolik etirazçılar Londonla Brüssel arasında Brexit sazişi çərçivəsində Şimali İrlandiya üzrə protokolun şərtlərindən narazıdırlar. Bu sənədə uyğun olaraq, Şimali İrlandiyaya Birləşmiş Krallığın digər bölgələrindən mallar daşınarkən nəzarət prosedurları həyata keçirilir. Belə bir qayda ona görə tətbiq edilir ki, Şimali İrlandiya ilə Avropa İttifaqının üzvü olan İrlandiya Respublikası arasında sərhədin şəffaflığı təmin edilsin və beləliklə, 23 il əvvəl bağlanmış və katoliklərlə protestantlar arasında uzunmüddətli qanlı qarşıdurmaya son qoyan Belfast sazişini qoruyub saxlamaq mümkün olsun.

Bundan başqa, protestant icması Britaniya Avropa İttifaqından çıxandan sonra Şimali İrlandiyaya veriləcək xüsusi statusdan narazıdır. Protestantların fikrincə, sözügedən protokol gələcəkdə adanın şimal hissəsində respublikaçılıq əhvali-ruhiyyəsinin artmasına gətirib çıxara bilər.

Protestantlar qüvvəyə minmiş protokolu ləğv etdirmək iqtidarında olmadıqlarından çıxış yolu kimi kütləvi etiraz aksiyalarını seçmişlər. Nümayişçilər hüquq mühafizə orqanlarının əməkdaşlarına içərisində yandırıcı maddə olan butulkalar, kərpic və çini qablar atmışlar. Onlar bir neçə avtomobili oğurlamağa cəhd etmişlər. Bir halda nümayişçilər buna müvəffəq olmuş, avtomobili yandırıb polislərin dayandığı yerə tərəf buraxmışlar.

İğtişaşlar zamanı asayiş keşikçiləri daha çox zərər çəkmişlər. Məlumata görə, indiyədək 88 polis əməkdaşı yaralanmışdır. Etirazçılardan isə 10 nəfər, o çümlədən 13 yaşlı bir yeniyetmə saxlanılmışdır.

Hazırda Şimali İrlandiyada sakitlikdir. Amma bu müvəqqətidir. Belə ki, protestantlar Kraliça II Yelizavetanın həyat yoldaşı, şahzadə Filippin ölümü ilə əlaqədar Birləşmiş Krallıqda matəm başa çatdıqdan sonra etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər. Başqa sözlə, aprelin 17-də şahzadə dəfn olunduqdan sonra Belfastın küçələrinin yenidən etirazçılarla polis arasında toqquşma meydanına çevriləcəyi gözlənilir. 

Lakin London yeni iğtişaşların baş verəcəyi bölgədə vəziyyətin nəzarət altından çıxmasının qarşısını almaq üçün indidən lazımi tədbirlər görür. “Sunday Mirror” qəzetinin verdiyi xəbərə görə, Britaniya hökuməti Şimali İrlandiyaya kəşfiyyat və xüsusi təyinatlı hərbçilər göndərmişdir. Qəzet qeyd edir ki, MI5 əks-kəşfiyyat xidməti və hərbi kəşfiyyatın fikrincə, etiraz aksiyaları protestantların və katoliklərin hərbiləşdirilmiş könüllü qrupları arasında toqquşmalara çevrilə bilər.

İşçi qrupunun vəzifəsi zorakılıq törətməkdə əli olan qruplaşmaların liderlərini müəyyənləşdirmək olacaq.

Məlumatlı mənbə qəzetə demişdir: “Şimali İrlandiya barıt çəlləyidir, o, uzun müddətdir belədir. Gərginlik son dərəcə yüksəkdir. Həm katoliklərin tərəfində, həm də protestantların düşərgəsində Britaniya qoşunlarının Şimali İrlandiyanın küçələrinə geri dönməsini istəyən ünsürlər var, amma bu, fəlakət olardı”.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video