14:18 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Silahı kamera və mikrofon olanlar

ANA SƏHİFƏ / SİYASƏT
01:03 12.06.2021

 

Onlardan 9 nəfəri şəhidlik zirvəsinə yüksəlib

 

Müharibə hansı peşənin sahibi olmasından, cinsindən, irqindən  asılı olmayaraq, hamıya təsir göstərir. Ölkəsində müharibə gedirsə, onu hər kəs yaşayır, sadəcə kimisi az, kimisi çox, kimisi yaxından, kimisi nisbətən uzaqdan.

Müharibə bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını axıdır. Yaponlar deyirlər ki, müharibəni bilməyən, sülhü də bilməz. Dahi Viktor Hüqoya görə, sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. Başqa bir dahi J. Lakorderin fikrincə, azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçı isə lənətə layiqdir.

Mövzunu hansı istiqamətə çəkirsən çək, fərq etmir, Vətən müharibəsi müqəddəs savaş idi. Biz işğalçını torpağımızdan çıxarmaqla sülh yaratmalıydıq. Bunun üçün müharibə lazım idi və bunu etdik. Ona görə də xalqın elə bir zümrəsi yox idi ki, müharibədən kənarda qalsın, onun qəhrini çəkməsin.  Qəhrini çəkdik ki, övladlara, gələcək nəslə Azərbaycanı paramparça deyil, bütöv, qürurlu, qalib ölkə kimi təhvil verək.

 

Müharibədə terror

 

Ölkələr fəth edən Napoleon Bonapart hərbi qüvvələri xalqın və dövlətin müdafiəsi üçün kifayət hesab etməyib. Ordu ilə yanaşı,  özünü müdafiə edən xalq məğlubedilməzdir deyib. Azərbaycan da cəlb edildiyi müharibədə, vətən uğrunda savaşda xalqa arxalandı. Xalq ordunun, Ali Baş Komandanın yanında oldu, dayaq durdu.

Çox təəssüf ki, bu yolda dinc sakinlərdən də itkilərimiz az olmadı. Müharibə həm də dinc sakinlərin məhvinə yönəlmiş hərbi cinayətdir. Müharibə qanunlarına görə, təcili yardım, həkim personalı,  dinc sakinlər, uşaqlar, xidməti vəzifəsini yerinə yetirən media atəşə tutulmamalıdır. Sadaladığımız hallar və qanunlar pozulursa, demək, müharibədə terror var, onu aparan ordu deyil, terroristdir. Bizə çox tanış situasiyadır, çünki 1988-ci ildən bəri vətənimizə təcavüz, torpaqlarımızın işğalı məhz terrorla həyat keçirilib. Erməni terrorçuları dinc sakinləri, təcili yardım maşınlarını, hətta müharibə bölgəsindən uzaqda olan şəhərlərimizi atəşə tutub, terror aktları həyata keçiriblər. Yüzlərlə əlisilahsız insan terror aktlarının qurbanı olub.

Bu dəfə mövzumuz Bakıda, Gəncədə, Tərtərdə, Naftalanda, Mingəçevirdə ermənilərin  həyata  keçirdikləri terror aktları, metrolara, avtobuslara qoyulan partlayıcılar məhz iş başında olan, əlində silah deyil, çəkiliş kamerası olan jurnalistlərin qətlə yetirilməsinə yönəldilib...

1988-ci ildən bəri Qarabağ müharibəsində 13 jurnalist erməni terroruna məruz qalıb. Onlardan 9-u şəhid olub.

 

İlk şəhid jurnalist həm də qadın idi

 

 “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri  Salatın  Əsgərovanın qətlə yetirilməsi xəbəri o vaxt cəmiyyətdə böyük sarsıntı yaratmışdı. Heç kim ağlına sığışdıra bilmirdi ki, jurnalisti, əlisilahsız qadını bu cür amansızlıqla qətlə yetirmək olar. Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya çalışdığı qəzet üçün reportaj hazırlamağa gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni terroristlərin qurduqları pusquya düşüb. Ermənilər onun oturduğu maşını həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllə yağışına tutublar. İndi gördünüzmü, bu qədər amansız terrorçularla üz-üzəydik.

İlk şəhid jurnalist olan Salatın Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

20 noyabr faciəsində itirdiklərimiz

 

1991-ci ildə xidməti vəzifəsini yerinə yetirən daha üç jurnalist terrora məruz qalıb. Bu dəfə ermənilər sülhməramlıların da olduğu vertolyotu hədəf götürmüşdülər. Hadisə 1991-ci ilin 20 noyabrında Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verib. Həlak olanlar arasında Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyevlə yanaşı, jurnalistlər  - Osman Mirzəyev, Alı Mustafayev və işıqçısı Arif  Hüseynzadə, Azərbaycan Televiziyasının operatoru Fəxrəddin Şahbazov da var idi. Ümumilikdə, qəza nəticəsində 22 nəfər həlak olub - dövlət xadimləri, say-seçmə insanlar, o cümlədən silahı kamera və mikrofon olan jurnalistlər.

Osman Mirzəyev (1937-1991) Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından olub. Həqiqətləri jurnalist şərəf və ləyaqəti ilə olduğu kimi yazan nüfuzlu qələm sahibi idi.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Alı Mustafayev (1952-1991)  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşı idi.  Qarabağ müharibəsi dövründə qaynar nöqtələrdən dəfələrlə materiallar hazırlayıb. “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb.

Onlarla birgə vertolyotda Azərbaycan Teleradio Şirkətinin operatoru, şəhidliyindən sonra Azərbaycanın Milli Qəhrəmanı olmuş Fəxrəddin Şahbazov (1950- 1991) da vardı. Alı Mustafayevin reportajlarını o lentə alırdı. Fəxrəddin Şahbazov Qarabağa qaynar nöqtələrdən reportajlar hazırlamağa könüllü gedərdi. Döyüş bölgələrində çox təhlükələrlə üzbəüz gəlmişdi.  Qarakənd səmasındakı terror hadisəsi isə onun üçün son oldu, işıqçı dostu Hüseynzadə Ariflə şəhidliyə ucaldı. 21 yaşlı (1970-1991) Arif Hüseynov orta məktəbi bitirəndən Azərbaycan Dövlət Teleradio Şirkətində işıqçı işləyirdi. 1991-ci il noyabrın 19-u həmin vertolyota onu taleyi gətirib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülüb. Bakı şəhərində 20 saylı orta məktəb onun adını daşıyır.

 

Qələmi süngüyə dəyişən həmkarımız

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimov (1951-1992) bir müddət “Azərbaycan məktəbi” jurnalında,  “Azərbaycan müəllimi” qəzetində çalışıb. İşini, evini, ailəsini və çox sevdiyi, uca tutduğu peşəsini qoyub könüllü cəbhəyə yollanıb. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə ağır yaralanan komandir 1992-ci il iyunun 15-də dünyasını dəyişib.

Həmin il, həmin ay və həmin gün daha bir jurnalist şəhid olub: telejurnalist, sonradan Azərbaycanın Milli Qəhrəmanı olan Çingiz Mustafayev. Qəhrəman jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.

 

Erməni terroru davam edir

 

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsinə qismən səfərbərlik çərçivəsində cəlb edilmiş, döyüşlərdə olmuş jurnalistlərimiz də var. 27 nəfər jurnalist ehtiyatda olan zabit kimi döyüşlərdə iştirak edib. Onların 2 nəfəri döyüşlər zamanı yaralanıb və  müxtəlif dərəcəli xəsarətlər alıblar.

Həqiqi hərbi xidmətdə olan jurnalist, ATV televiziysının keçmiş əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub.

İyunun 4-də qələmi və kamerası ilə xidməti vəzifələrini yerinə yetirən iki həmkarımız  erməni terrorunun qurbanı oldular. “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak oldular.

Müharibə qurtarıb, döyüşlər getmir, amma erməni terroru davam edir. Janna Darkın sözüdür - bütün müharibədə qələbə, ilk olaraq insan zehnində qazanılır. Azərbaycan müharibədə qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bu, dövlətimizin və xalqımızın haqqı idi. Xalqımızın zehnində illərlə bu qələbəyə hazırlıq getmişdi və 44 günlük Vətən müharibəsində bu missiya yerinə yetirildi. Düşmənin beyni qələbə qazana bilməz, çünki onun haqqı deyil, zehni qələbə olmasa, fiziki qələbə də mümkünsüzdür. Çıxış yolunu terrorda görən düşmən çox uzağa gedə bilməz. Çox keçməz, yerlərində oturdulub layiqi olduğu cəzanı yenə alacaq.

Hər millət taleyi üçün öz qılıncına güvənməlidir. Biz həm də öz Ali Baş Komandamıza, xalqımıza, bizi üstündə saxlayan torpağa güvənirik.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM