20:36 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səyyar xidmət - vaxta qənaət, hər kəsə diqqət 

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 13.07.2021

 

Cənub  bölgəsinə səfərə çıxan “ASAN qatar” iyul-avqust aylarında Lənkəran və Astarada vətəndaşların xidmətində olacaq

 

...Lənkərandayıq. Hava isti olsa da, buradakı dəmir yolu stansiyasına xeyli insan toplaşıb. Hər kəsin üzündə bir təbəssüm var. Bir qədər sonra stansiyada dayanmış qatarın qapıları açılır və minik başlanır. Növbəlilik prinsipi qorunmaqla insanlar vaqonlara daxil olurlar.

Bu, regionlararası dəmir yolu nəqliyyat vasitəsi yox, milli brendimiz olan “ASAN xidmət”in səyyar qatarıdır. Bu qatarda vətəndaşlara rahat xidmət göstərilir. Biz də qatara daxil olub proseslə yaxından maraqlanırıq.

 

Bu il səyyar “ASAN xidmət”ə 103 minə yaxın müraciət daxil olub

 

Öncə onu deyək ki, Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan brendi qısa müddətdə xalqın böyük etimad və rəğbətini qazanıb. Dövlət başçısının həyata keçirdiyi islahatların real təzahürü olan “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb.

2016-cı ilin dekabr ayının 28-də İlham Əliyevin açılışını etdiyi səyyar qatar 2017-ci il fevralın 1-dən fəaliyyətə başlayıb.

Xatırladaq ki, səyyar xidmət göstərmək məqsədilə ilk olaraq avtobuslar ayrılıb. 2013-cü ilin iyun ayından etibarən iki istiqamət (cənub və şimal-qərb) üzrə hərəkətə keçib. 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayan xidmət daha sonra Prezidentin tapşırığına əsasən genişləndirilib və avtobusların sayı 10-a çatdırılıb.

Ümumilikdə səyyar xidmətə (avtobus, qatar, kiçik səyyar qruplar, sifarişli əsaslarla həyata keçirilən xidmət və sosial aksiyalar) indiyədək 2 milyon 400 minə yaxın müraciət qeydə alınıb.

 

Gözləmə və xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 3 vaqon vətəndaş məmnunluğunu təmin edir

 

“ASAN qatar”dayıq. Sanki “ASAN xidmət” mərkəzlərinin kiçildilmiş formasıdır.  Qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 3 vaqondan ibarətdir. Səyyar qatar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətlərindən və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşların xidmətindədir.

 Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və fəaliyyətə başlayır.

Bu qatarda - tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti xidməti həyata keçirilir.

 

Lənkərana 20-ci səfər, innovativ üsullarla təqdim olunan xidmətlər

 

 “ASAN qatar”da ümumilikdə 21 nəfər əməkdaş vətəndaşlara xidmət göstərir. Vaqona daxil olan şəxs məlumat mərkəzinə yaxınlaşıb müraciət edir və könüllülər tərəfindən əməkdaşlara istiqamətləndirilirlər.

 İlk olaraq qatarın kandarında vətəndaş axınının idarə olunması ilə məşğul olan könüllülərlə söhbətləşirik. Nurlan Cəfərzadə və Rüqəyya Nəsirli gülərüzlə qatara daxil olan insanları qarşılayırlar. İlk olaraq tibbi maskadan istifadənin zəruri olduğunu bildirir və hər kəsə istiqamət verirlər.

Sonra məlumat mərkəzinə yaxınlaşırıq. Vətəndaşların müraciətinə 2 əməkdaş  baxır. Burada çalışan Namiq Mahmudov deyir ki, iyul ayının 1-dən vətəndaşlara xidmət göstərirlər. Sakinlər daha çox şəxsiyyət vəsiqəsinin, ümumvətəndaşlıq pasportunun, sürücülük vəsiqəsinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələləri ilə bağlı müraciətlər edirlər.

Müraciətlər baxıldıqdan sonra aidiyyəti üzrə növbə götürülür və vətəndaşlar gözləmə zalında əyləşirlər. Növbə çatdıqda könüllülər vətəndaşı digər vaqonda xidmət göstərən masalara qədər müşayiət edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmininə və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Elnur Niftəliyevin sözlərinə görə, 2017-ci ildə fəaliyyətə başlayan səyyar qatar artıq 20-ci dəfədir ki, Lənkəran rayonuna səfər edir. Ümumilikdə bugünədək Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə Səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə “ASAN qatar” vasitəsilə 14 minə yaxın müraciətə baxılıb.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsilə ümumilikdə 2 milyon 400 minə yaxın, 2021-ci il ərzində isə 103 minə yaxın vətəndaş müraciətinə baxılıb.

 

İstənilən sənədi asanlıqla almaq imkanı var

 

Xidmətə ən çox müraciət edilən məsələlər ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsinin alınması, notariat sənədləri və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətləri ilə bağlıdır.

Burada rastlaşdığımız rayon sakini, 64 yaşlı Səfail Nurullaoğlu ümumvətəndaşlıq pasportunun vaxtı keçdiyi üçün xidmətə müraciət edib. Ağsaqqal deyir ki, ayın əvvəlində “ASAN qatar”ın Lənkəranda olması barədə məlumat alıb. Amma ilk günlər gəlmək mümkün olmayıb: “Rayon yeridir, hər kəsin işi-gücü olur. Mən də imkanlaşdırıb bu gün gəldim. Çox rahat iş qurulub. Sənədlərimi təqdim etdim, dövlət rüsumunu ödədim və 10 günə gəlib pasportumu götürəcəm. Əla xidmətdir. Sağ olsun dövlətimiz, Prezidentimiz ki, vətəndaşlar üçün belə rahat, əlçatan xidmət yaradıb”. 

Xatirə Babayeva isə mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələləri xidmətinə müraciət edib. O, yaşadıqları mənzili öz adına keçirmək üçün sənədlərini təqdim edib: “Cəmi 40 dəqiqə çəkdi. Sənədlərimi təqdim etdim və ailə üzvlərimiz də razılıqlarını bildirmək üçün imza atdılar, vəssalam. Belə gözəl xidmət heç bir yerdə yoxdur”.

Nurcan Nəqizadə yeni şəxsiyyət vəsiqəsi almaq üçün gəlib. Gənc deyir ki, əvvəllər hansısa sənədi almaq üçün Masallı “ASAN xidmət”ə müraciət edirdilər. İndi isə səyyar xidmət vasitəsilə istənilən sənədi ala bilirlər. Bu da hər kəsi məmnun edir. Çünki həm vaxta qənaət edilir, həm də artıq xərc çıxmır. 

Diqqətimizi çəkən bir məqam isə “ASAN qatar”a təşrif buyuran körpə uşaqlı ailə olur. Tahirovlar ailəsinin üzvləri yenicə doğulmuş bir aylıq Jasmin üçün şəxsiyyət vəsiqəsi almağa gəliblər. Atası Şadiman Tahirov deyir ki, doğum haqqında şəhadətnaməni alıblar, indi isə şəxsiyyət vəsiqəsi üçün müraciət edirlər: “Həm sürücülük vəsiqəmi dəyişmək, həm də qızıma yeni şəxsiyyət vəsiqəsi almaq üçün gəlmişik. Çox əla xidmət göstərilir. Əvvəllər uşaqlarımızın doğum haqqında şəhadətnamələrini almaq üçün saatlarla gözləməli olurduq. İndi hər şey asanlaşıb. Rahat şəkildə nə istəyirsənsə, hansı sənədi düzəltmək fikirin varsa, gəlib asanlıqla həll edirsən. Bizə çox hörmətlə yanaşırlar. Körpə uşaqla gələnlərə növbədənkənar xidmət göstərilir.  Qan analizini də burda verdik. Qatarda hər cür xidmət yaradılıb. Dövlətimizə, Prezidentimiz İlham Əliyevə təşəkkür edirik ki, rayonlarda yaşayan əhalinin işinin asanlaşması üçün mütəmadi olaraq qərarlar verir, yeni xidmətlər yaradır. “ASAN qatar” da onlardan biridir. Hamıya eyni münasibət, eyni diqqət göstərilir, ayrı-seçkilik edilmir”.  

Qatardan bayıra çıxıb vətəndaşların təəssüratlarını öyrənmək istəyirik. Hava isti olduğu üçün bayırda çox adam yoxdur. Ancaq növbəsi hələ çatmadığı üçün söhbət edən iki ağsaqqalın dialoquna qulaq müsafirliyi edirik:

- Əvvəllər bəyəm belə şeylər var idi? Vallah yox idi. İdarə-müəssisələrin qapılarında qalırdıq. Hərdən dava-dalaş düşürdü, rüşvət alan kim, verən kim idi...

- Düz deyirsən, indi zaman dəyişib. Çox şeylər düzəlib. Hardan bilərdik ki, bir gün Lənkərana qatar gələcək, içində də möcüzə... Gəl qatara min, dərdini söylə, istədiyin sənədi al, pulunu banka ödə, çıx get. Gör, Prezident nələr yaradır. Vallah istəyir ki, camaat narazı olmasın, kimisə incitməsinlər.  

 

Səyyar qatar- 16 rayona 48 səfər

 

Beləliklə, iyulun 1-dən Lənkərana gələn “ASAN qatar” bu ayın 30-dək, yəni otuz gün müddətində vətəndaşların xidmətində olacaq. “ASAN qatar”ın növbəti dayanacağı isə Astara rayonu olacaq.

Elnur Niftəliyevin sözlərinə görə, avqustun 3-dən 28-dək respublikamızın cənub bölgəsində olacaq səyyar qatar 25 gün müddətində vətəndaşlara xidmət göstərəcək. Bu il Astara rayonundan xidmətə başlayan səyyar qatarın son duracağı Füzuli rayonu olacaq. Ümumilikdə bu il “ASAN qatar” ölkənin 5 rayonunda əhaliyə  operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında məsuliyyətlə xidmət edəcək.

Qeyd edək ki, səyyar qatar bu günədək ümumilikdə 16 rayona 48 dəfə səfər edib.

Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətləri, xüsusən də “ASAN qatar”da yaradılan şərait bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir. Milli brendimiz olan “ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir. Elnur Niftəliyevlə söhbətimiz əsnasında bəlli oldu ki, artıq Lənkəranda da yeni “ASAN xidmət” mərkəzi inşa olunmaqdadır. Tezliklə cənub bölgəsində  Masallıdan sonra Lənkəranda belə mərkəz açılacaq. 

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM