14 Avqust 2011 01:08
570
Qəbullar
A- A+

Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Əvvəlcə Şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda aparılan inşaat işlərinin gedişi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulan bu iqamətgahda dindarların ibadəti və dini mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Mərasimdə Şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək  dedi:

- Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri!

Hörmətli din xadimləri, səfirlər, qonaqlar!

Sizin bu müqəddəs ayın cümə günündə iftar mərasimimizdə iştirak etməyiniz mənim üçün çox xoşdur. Bu, həm də Allaha xoş gedən bir işdir. Çünki bu ay müqəddəs Ramazan ayıdır. Quranın nazil olduğu bu ay bağışlanılan, ruzi-bərəkət diləyi edilən, ruhlar azad olunan bir aydır. Onun üçün də bizim bugünkü iftar mərasimimiz ənənə halına çevrilmişdir. Möhtərəm Prezident həzrətlərinin dəvətimizi qəbul edib bu mərasimdə iştirakı bizim üçün çox xoşdur. Biz möhtərəm Prezidentə minnətdarlığımızı bildiririk.

Bu gün Azərbaycan dövlətində çox işlər görülür. Prezident həzrətlərinin də çox mühüm işləri vardır. Buna baxmayaraq, hörmətli Prezidentimizin milli-mənəvi dəyərlərimizə qiymət verərək bu gün bizimlə bərabər olması həm də xalqımıza, millətimizə, dinimizə, milli ənənəmizə verdiyi böyük bir qiymətdir. Əlbəttə, bu ənənənin də təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Allah-taala ulu öndərimiz Heydər Əliyev həzrətlərinə rəhmət etsin. Bu gün Azərbaycan onun qoyduğu təməl üzərində bütün sahələrdə uğurla irəliləyir və inkişaf edir. Bu gün Azərbaycan təkcə Qafqazda deyil, bütün dünya miqyasında tanınan mühüm dövlətlərdən birinə çevrilmişdir. Bu da Prezident İlham Əliyev həzrətlərinin apardığı düzgün siyasətin nəticəsidir.

Allah-taala, əlbəttə, insanlara yaşamaq üçün sərvətlər vermişdir. Allah-taala bizə də çoxlu sərvətlər vermişdir. Bu sərvətlərimiz içərisində insanlığa, mənəviyyatımıza, mədəniyyətimizə verilən qiymət ən mühümüdür. Abidələrimizi qorumaq, onları bərpa etmək, gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifələrimizdən biridir.

Bu gün Azərbaycan tərəqqi yolundadır və gələcəkdə də, inşallah, inkişaf edəcəkdir. Bugünkü nəsil gələcəyin qurucularıdır və mən inanıram ki, inşallah, Azərbaycan xalqının inkişafı hələ gələcəkdədir. Mən buna inanıram, çünki Həzrəti Əli əleyhissəlam buyurub ki, siz övladlarınızı gələcək üçün öyrədin və gələcəyi onlara öyrədin. Çünki onlar gələcəyin insanlarıdır. Bu gün iqtisadi və siyasi həyatımızla bərabər mənəvi dünyamız da inkişaf edir. Bu, göz qabağındadır. Biz Dünya Dini Liderlərinin Sammitini Azərbaycanda keçirmək istəyəndə buna çoxları inanmırdı. Müxtəlif dinlərə mənsub görkəmli xadimlərin, patriarxların bu sammitdə bir araya gəlmələri çox mühüm hadisə idi. Dostum, katolikos patriarx İlya həzrətlərinin, yaxın dostum və qardaşım Ümumrusiya patriarxı Kirill həzrətlərinin, Vatikanın nümayəndəsinin və dünyanın digər dini liderlərinin - həm müsəlman, həm qeyri-müsəlman dini liderlərin sammitdə iştirakı Azərbaycanda mənəvi dəyərlərin qorunmasına yüksək qiymət verilməsinin təsdiqi idi.

Azərbaycan sürətli inkişafla bərabər, həm də əmin-amanlığın, bərabərliyin təcəssüm tapdığı bir ölkədir. Mədəniyyətlərarası Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan öz mənəvi dəyərlərinə çox böyük qiymət verir.

Sovet hakimiyyəti dövründə bizim cəmi 18 məscidimiz var idi. Müstəqilliyimizin 20 ili ərzində isə onların sayı 850-ni ötüb, daha 250-dən yuxarı məscid qeydiyyat ərəfəsindədir. Təkcə bu faktın özü son 20 ildə Azərbaycanın mənəvi həyatında nə qədər irəliləyişin olduğunu təsdiq edir. Azərbaycanda fəaliyyət göstərən ənənəvi dinlərin nümayəndələrinə də eyni səviyyədə diqqət və qayğı göstərilir. Bunu mərasimimizdə iştirak edən qardaşlarımız, ənənəvi dinlərin liderləri - həm katolik, həm pravoslav kilsələrinin, həm xristian, həm yəhudi icmalarının nümayəndələri təsdiq edirlər. Azərbaycanda bütün sahələrdə yeniliklərin şahidiyik.

Bu yaxınlarda Prezident həzrətləri "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq etmişdir. Qanunda əksini tapmış dəyişikliklərdən biri də xaricdə yaşayan azərbaycanlıların mənəvi dəyərlərini qoruyub saxlamaları üçün əcnəbi ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliklərinin açılması barədə müddəadır. Bu, bir daha sübut edir ki, Prezident həzrətlərimiz bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin inkişafına çox böyük önəm verir.

Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf mənəvi həyatda da özünü göstərir. Ona görə də dövlət mənəvi dəyərlərlə, dini etiqad azadlığı ilə bağlı qanunlara da yenidən baxmalı, dindarların həyatını yaxşılaşdırmaq üçün tədbirlər görməlidir və bunu da edir. Ona görə də mən Qafqaz müsəlmanları, bütün dindarlar adından Prezident həzrətlərinə dərin minnətdarlığımı bildirirəm.

Prezident həzrətləri müsəlman ölkələrinin səfirlərini qəbul edərkən multikulturizm haqqında çox qiymətli fikirlər söylədi. Dedi ki, insanlar bir-birinə yaxın, bir-biri ilə ünsiyyətdə olmalıdırlar. Dinlər arasında dialoq olmalıdır. İnsanları Allah-taala yaradıb və Qurani-Şərifdə buyurur ki, mən sizi yaratdım, bir-birinizlə danışın, dil, elm öyrənin, bir-birinizi tanıyın. Ona görə də bu gün Azərbaycanın apardığı siyasət, vicdan azadlığı, din-dövlət münasibətləri siyasəti, dinlər, mədəniyyətlər arasında dialoq çox vacib məsələdir və Allahın buyurduğu hikmətlərə xidmət edir. Bu çox müqəddəs məsələdir, həm də Qurani-Şərifdə Allahın buyurduğu məsələlərdən biridir.

Əlbəttə, mən bir misal da gətirmək istərdim. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu yaxınlarda çıxışında dedi ki, bütün dualarımız bir Tanrıyadır, bir Allaha dua edirik. Amma bəzi insanların bəd əməlləri, məsələn, bir keşişin Quranı yandırması bütün dinlərə hörmətsizlikdir.

Bu gün biz bəzi Qərb dövlətlərində islamofobiyanın olmasını görürük. Bu, bəşəri dəyərlərlə bir araya sığmayan məsələdir. Halbuki insanlar bütün dinlərə, bütün əqidələrə, o cümlədən müqəddəs kitablara - Qurana da, İncilə də, Tövrata da hörmətlə yanaşmalıdırlar.

Azərbaycanda dini ənənə, tolerantlıq deyə bilərəm ki, dünyada bir örnəkdir. Bizim yüzdən yuxarı dövlətlə əlaqələrimiz vardır. Biz xarici ölkələrdə konfranslarda, görüşlərdə iştirak edəndə ölkəmiz haqqında, Azərbaycanın tolerantlığı, din-vicdan azadlığının təmin edilməsi sahəsində görülən işlər barədə ürəkdolusu danışırlar.

Amma uğurlarımızı həm ölkə daxilində, həm də xaricdə gözü götürməyən qüvvələr də vardır. Xüsusən erməniləri, Ermənistanı, qəsbkarları müdafiə edən qüvvələr vardır. Əlbəttə, biz yolumuzdan dönən deyilik. Bizim yolumuz həqiqət yoludur. Mən bir din xadimi kimi inanıram ki, Prezident həzrətlərinin qətiyyəti, müdrik siyasəti sayəsində, inşallah, münaqişə sülh yolu ilə həll ediləcək, torpaqlarımız tezliklə işğaldan azad olacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Allah onlara rəhmət etsin.

Bu gün bu mərasimdə görüşməyimizə çox sevinirik. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan, Dərbənd, Mahaçqala üzrə nümayəndələri də aramızdadır. Deyə bilərəm ki, bu gün Azərbaycan bir mənəvi mərkəzə, məkana çevrilmişdir. Bu, Prezidentimizin, dövlət rəhbərlərimizin dini dəyərlərə gözəl münasibətinin nəticəsidir.

Siz buraya gələndə yarımçıq binanı gördünüz. Mən Prezident həzrətlərini ailəsi ilə birlikdə gələn ilin müqəddəs Ramazan bayramı ərəfəsində həmin binanın açılışına dəvət edirəm. Ümidvaram ki, inşallah, Allah-taala bizə həmin məsələni də nəsib edəcək və həmin günlərədək Qarabağ problemimiz də həllini tapacaqdır.

Mən Sizə bir daha "Xoş gəlmisiniz!" deyirəm, möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, Allah-taala bütün şəhidlərə, dünyadan gedənlərə rəhmət etsin, qardaşım, dostum, ulu öndərimiz Heydər Əliyev həzrətlərinin ruhu şad olsun. Bu müqəddəs günlər ruhların şad olan günləridir. Allah-taala bütün analara rəhmət etsin. Allah-taaladan anamız Zərifə xanıma da rəhmət diləyirəm. Allah-taala dünyamıza xoşbəxtlik, səadət nəsib etsin. Mən bir din xadimi kimi, ancaq bunları dua edə bilərdim və arzu edirəm ki, Azərbaycan daha da çiçəklənsin. Arzu edirəm ki, Azərbaycan daha da inkişaf etsin, Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə dünyada ən önəmli, ən qabaqcıl dövlətlərdən birinə çevrilsin.

Sizə cansağlığı arzulayıram. Sizə bu mərasimə gəldiyinizə, iftarımızı şərəfləndirdiyinizə görə minnətdarlığımı bildirirəm. Nə niyyətləriniz varsa, Allah-taala qəbul etsin. Çox sağ olun.

* * *

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR Azərbaycanda tolerantlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını vurğuladı. O, respublikamızın dinlərarası dialoqa sanballı töhfələr verdiyini dedi. Azərbaycanın siyasi, iqtisadi sahədə mühüm nailiyyətlər qazandığını deyən Aleksandr ölkədə pravoslav əhalisinin də böyük hörmət, diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. O, bütün xalqımıza rifah və çiçəklənmə arzuladı.

* * *

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İXİİLOV azərbaycanlılar ilə yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu dedi. O, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç vaxt antisemitizmlə qarşılaşmadıqlarını söylədi. S.İxiilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirdi.

* * *

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir FEKETE ölkəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini dedi və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Vladimir Fekete 2011-ci ildə Azərbaycan-Vatikan münasibətlərində əlamətdar dövr olduğunu söylədi və qeyd etdi ki, tərəflər arasında imzalanan əməkdaşlıq sazişi ikitərəfli münasibətlərdə mühüm mərhələ olacaqdır.

* * *

Alban-udin dini icmasının sədri Robert MUBİLİ ölkəmizin udin icmasının salamlarını çatdırdı. O, min illərdir Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayan, dünyada fenomen etnos kimi tanınan udinlərin bu gün də öz dini-mənəvi dəyərlərini qoruyub saxladığını bildirdi. Qeyd etdi ki, bu gün Nic tolerantlığın ən gözəl məkanlarından biri kimi tanınır və həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun Nicdə həyata keçirdiyi tədbirlər ölkənin udin icmasına olan hörmətin bariz nümunəsidir.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.

(Dövlətimizin başçısının çıxışı qəzetin bugünkü nömrəsində dərc olunur).

* * *

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə xoş sözlərinə görə təşəkkür etdi.

* * *

Sonra iftar süfrəsi açıldı.

 

AzərTAc

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video