21 Aprel 2021 15:11
533
SİYASƏT
A- A+

Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var

 

Ölkəmiz 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanata böyük əhəmiyyət verir və onun bütün müddəalarının tam yerinə yetirilməsinə sadiqdir. Bu gün buradakı bəzi insanlar “erməni müharibə əsirləri” barədə əsassız iddialarla çıxış edirlər. Bəziləri bunu məqsədli şəkildə edir, bəziləri isə məsələnin mahiyyətindən xəbərsizdir. İlk növbədə, qeyd etməliyəm ki, Azərbaycan bu vaxtadək üçtərəfli Bəyanata uyğun olaraq bütün erməni müharibə əsirlərini qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da sərbəst debatlar zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, Azərbaycanda hələ də saxlanılan bir qrup erməni hərbçilərinə gəldikdə, ilk növbədə, sual olunmalıdır: onlar harada, nə vaxt və hansı şəraitdə tutulublar? Nəzərə çatdırım ki, təxminən 60 nəfərlik qrupun üzvləri noyabrın sonlarında - Bəyanatın imzalanmasından sonra Ermənistanın Şirak bölgəsindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə göndərilib. Bu fakt özlüyündə Ermənistanın həm beynəlxalq hüquqda, həm də üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərini kobud şəkildə pozduğunu göstərir. Üstəlik, bu qrupun üzvləri 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq bölgədə bütün zorakılıqların dayandırıldığı vaxtda dörd Azərbaycan vətəndaşını öldürüb, bir nəfəri ağır yaralayıblar.

Nəticədə ölkəmizin müvafiq dövlət qurumları Azərbaycanın Xocavənd rayonunda antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldılar, bu şəxsləri dekabrın əvvəlində - üçtərəfli Bəyanatın imzalanmasından bir ay sonra tutuldular. Hazırda məsələyə aydınlıq gətirmək üçün təhqiqat aparılır. Bu faktları nəzərə alsaq, Azərbaycanı bu insanları azadlığa buraxmağa çağıranlar davranışlarının ədalətə xidmət etmədiyini düşünmürlərmi? Əksinə, bu cür çağırışlar cəzasızlığı və belə hadisələrin təkrarlanmasını təşviq edir. Anlaşılmalıdır ki, bu qrupun üzvlərinin Azərbaycanda tutulması birbaşa olaraq Ermənistanın öz öhdəliklərini pozmasının nəticəsidir.

Bu, həll edilməsi lazım olan son dərəcə ciddi məsələdir. Ermənistan beynəlxalq hüququ və 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hərbçilərini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə göndərməyə çalışır. Bu gün Ermənistanda valideynlər övladlarının zorla Azərbaycan ərazilərində hərbi xidmətə göndərilməsinə etiraz edirlər. Ermənistandakı çağırışçılar qanunsuz şəkildə onların iradəsinə zidd olaraq və beynəlxalq hüquq pozularaq başqa bir ölkəyə göndərilir. Bölgəmizdə davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına dəstək göstərmək istəyən həmkarlarımızın bu məsələyə lazımi səviyyədə diqqət ayırması, Ermənistanı öhdəliklərini qəbul etməyə və onlara hörmət göstərməyə çağırması çox vacibdir.

S. Fətəliyeva diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra tamamilə yeni və perspektivli bir dövrə qədəm qoyulub. Əslində, üçtərəfli Bəyanat Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən silahlı qarşıdurmaya son qoyaraq, Avropa Şurasının bu iki üzvü arasında sülh və barışıq üçün nadir imkanlar təklif edir.

Beynəlxalq ictimaiyyətin 10 noyabr tarixli üçtərəfli Bəyanatın tam icrasına və bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla Azərbaycan arasındakı dövlətlərarası münasibətlərin normallaşmasına fəal dəstək verəcəyinə inanırıq. Bununla belə, beynəlxalq aktorlar hərəkətlərində diqqətli olmalıdırlar, səylər yalnız iki dövlət arasında davamlı sülh və barışığın inkişafına xidmət etməli, bölgədə düşmənçilik və nifrəti davam etdirmək istəyənlərə sərf edən əsassız ittihamları alovlandırmamalıdır. Təəssüflə qeyd etməliyəm ki, Ermənistanda və onun xaricində bu ölkəni 10 noyabr Bəyanatını, xüsusən də onun müddəalarını yerinə yetirməkdən yayındırmaq üçün süni problemlər və maneələr yaratmaqda maraqlı dairələr var, bu da davamlı sülh və rifaha zərər gətirə bilər.

Azərbaycan münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf və əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Bu məqsədlə bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqəli əməli addımlar atılır. Qətiyyətlə inanırıq ki, bu, ilk addımlar, xalqımızı daha yaxşı bir gələcəyə aparacaqdır. İkinci Dünya müharibəsindən sonra Avropanın müxtəlif bölgələrində olduğu kimi, xüsusilə də, iqtisadi sahədə əməkdaşlıq xalqlara uğursuz münaqişə və hərbi əməliyyatların yaralarını unutdurmaq, onları yaxşılaşdırmaq və sülh, harmoniya şəraitində birlikdə yaşamağı təmin etmək gücündə idi. Bugünkü Avropa həqiqətən bu baxışın ən yaxşı nümunələrindən biridir. Təəssüf ki, bu gün Azərbaycan qarşı tərəfə sülh mesajları göndərərkən, hələ də Ermənistandan bu çağırışlara adekvat cavab eşitmirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video