03 Mart 2021 00:48
963
İQTİSADİYYAT
A- A+

Sərvətlərlə zəngin Zəngilan

 

İndi bu zəngin sərvətlər yenidən Azərbaycana xidmət edəcək

 

Prezident İlham Əliyev işğaldan azad edilən bölgələrə səfərləri zamanı sosial-iqtisadi təyinatlı obyektlərin təməlqoyma mərasimlərində iştirak etməklə həm də dünyaya mesaj göndərir ki, bu torpaqların əsl sahibi onu viran günə qoyan, xarabalığa çevirən Ermənistan yox, qurub-yaradan, yenidən quran, abad bir diyar edən Azərbaycandır. Bu baxımdan dövlət başçısının fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti səfəri də böyük əhəmiyyət kəsb edir.

Prezident bu dəfə də təsdiqlədi ki, vəd etdiyi kimi, düşmən tərəfindən dağıdılaraq viran qoyulmuş əraziləri cənnətə çevirmək qərarında israrlıdır. Qarabağda savaşdan sonra icrasına başlanan bir çox infrastruktur layihələri bunu sübut edir. Götürək Zəngilan rayonunu. Burada yalnız bir neçə salamat qalan evdə xarici ölkələrdən gətirilən ermənilər qanunsuz olaraq məskunlaşdırılmışdı. İndi isə Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu, talan edilmiş Ağalı kəndidir. Onu da qeyd edək ki, layihəyə elə səfər zamanı start verilmişdir.

Düşmən işğal zamanı bu rayonda da təbii sərvətləri vəhşicəsinə talayaraq əsl ekoloji terror törətmiş, o cümlədən buradakı nadir çinar meşəsini məhv etmişdir. Dövlət başçısının bu baxımdan ailə üzvləri ilə birlikdə həmin meşənin yerləşdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkməsi təsadüfi deyildi. Bu, Zəngilanın dünyada məşhur olan çinar meşələrinin bərpası istiqamətində atılan ilk addım idi. Göründüyü kimi, düşmən işğal illəri ərzində floramız kimi, faunamızı da məhv etmişdir. Elə Bəsitçaya nəsil artırmaq üçün balıqların buraxılması da bununla bağlı idi.

Ötən dövr ərzində rayonun kənd təsərrüfatına da xeyli zərbə dəymişdir. Halbuki 1988-ci ilin statistik məlumatlarına əsasən, Zəngilanın cəmi əkin sahəsi 6726 hektar olmuş və burada tonlarla müxtəlif məhsullar yetişdirilmişdir. Əlbəttə, rayonun əmək, torpaq, iqlim və su resursları ilə indi daha çox məhsul əldə etmək mümkündür. Çünki hazırkı dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma sayəsində ciddi inkişaf əldə olunub. Mütəxəssislər hesablayıblar ki, heyvandarlıqda yeni növ cinslərdən, bitkiçilikdə isə daha məhsuldar toxumlardan istifadə etməklə Zəngilanın işğaldan əvvəlki istehsal həcmini artırmaq imkanları var.

İşğaldan əvvəl ölkə üzrə əkilən torpaqların cəmi 0,4 faizinə malik olan və əsasən tütün və üzüm istehsalı üzrə ixtisaslaşmış rayonda tütünün istehsalının bərpa edilməsindən sonra ilk illərdə təqribən 22, üzümçülükdə isə təqribən 13 faiz artım ola bilər. Arpa, buğda, dənli və dənli paxlalı bitkilərin əkininin də işğaldan öncəki dövrə nisbətən artırılması mümkündür. İribuynuzlu heyvandarlığın bərpa edilməsi ilə bu sahədə 0,8, xırdabuynuzlu heyvandarlıqda isə 0,4 faiz artım gözlənilir. Həmçinin diri və kəsilmiş çəkidə ət istehsalında 0,3, yun istehsalında təqribən 3 faiz artım olacaq. Süd və yumurta istehsalında da müvafiq olaraq 0,4 və 0,2 faiz artım proqnozlaşdırılır.

Göründüyü kimi, bir kənd rayonu olaraq Zəngilanda aqrar sahəni inkişaf etdirmək üçün çox əlverişli şərait var. Bununla yanaşı, o həm də sənaye əhəmiyyətli rayonlardan biri ola bilər. Belə ki, buradakı “Vejnəli” qızıl yatağında ilkin hesablamalara görə, 6,5 ton qızıl və 3 min ton mis var. Həmin hesabatlar hələ sovetlər dönəmində aparılıb. Müasir texnika və texnologiyalarla həmin yataqların ehtiyatlarını daha dəqiq hesablamaq mümkündür. Bundan əlavə, rayonda üzlük daş istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş və “Daşbaşı-Esgurum” əhəng daşı yataqları yenidən istismar ediləcək. Eyni zamanda rayonda zəngin ehtiyatlara malik Bartaz-I və Bartaz-II porfirit, həmçinin kərpic istehsalına yararlı olan gil və qum-çınqıl yataqları da mövcuddur. Həmin təbii sərvətlərdən istifadə edilməsi ölkə istisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Ötən illər ərzində istər dünyada, istərsə də Azərbaycanda iqtisadi sahədə bir çox yeniliklər baş verib və nailiyyətlər əldə edilib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Zəngilan rayonu da bu inkişafdan kənarda qalmayacaqdı. Buna baxmayaraq, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər hesabına Zəngilanın zəngin sərvətindən, potensial imkanlarından səmərəli istifadə etməklə bu geriliyin aradan qaldırılacağı şübhəsizdir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video