17:16 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərqin istiqlal rəmzi

ANA SƏHİFƏ / SİYASƏT
00:56 28.05.2021

 

Çoxəsirlik tarixə malik olan Azərbaycan xalqı tarixdə dövlətçilik sahəsində də dərin izlər salmışdır. Azadlıq, müstəqillik hər bir xalq üçün ən şirin nemətdir. Bizim müstəqilliyimiz hələ XX əsrin əvvəllərində böyük bir salnaməyə çevrilmişdir.

Çünki Azərbaycan müsəlman Şərqində ilk müstəqil dövlət idi. Çox təəssüflə deyə bilərik ki, həmin dövrdə müstəqilliyimizin ömrü cəmi 23 ay olmuşdur. XX əsrin sonlarında Azərbaycanın xilaskarı, müasir dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan xalqına əbədi müstəqillik ərmağan etdi. Bu azadlıq bayramı hər il ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd edilir.

XX əsrin əvvəllərində müsəlman Şərqində və Türk dünyasında ilk dəfə olaraq demokratik quruluşlu respublika yaradıldı. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranışı ilə əlaqədar olaraq müstəqil dövlətçilik ənənələri də yaradıldı.

1918-ci il may ayının 28-də Milli Şura “İstiqlaliyyət Bəyannaməsi” adlı mühim bir sənəd qəbul etdi.

Bəyannamədə deyilirdi: Azərbaycan tam müstəqil dövlətdir, Cənubi Qafqazın cənub və şərq hissəsindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycanın siyası quruluş forması isə Xalq Cümhuriyyətidir. O dövrdə ali hakimiyyət səsvermə yolu ilə seçilirdi. Eyni zamanda qonşu ölkələr və həmsərhəd xalqlarla qonşuluq əlaqələri yaradıldı. Cümhuriyyət dövründə irqindən, dinindən, irsindən asılı olmayaraq, Azərbaycanda yaşayan vətəndaşlara tam siyasi və vətəndaşlıq hüququ verilirdi.

 

Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat

 

Əhalinin fasiləsiz ərzaqla təmin edilməsi, qiymət bahalaşmasının qarşısının alınması üçün 1918-ci il iyun ayının 27-də hökumət müvafiq zəruri addımlar atdı. Belə ki, taxıl, mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara çıxarılmasını qadağan edən qərar qəbul edildi. Respublika ərazisində azad ticarətin stimullaşdırılmasına icazə verildi. Lakin daxili bazarın balanslaşdırılmasını qorumaq üçün xaricdən gətirilən bir sıra məhsullara qoyulan gömrük rüsumları artırıldı. Ölkədən məhsulların xaricə azad şəkildə ixracı üçün zəruri tədbirlər planı həyata keçirildi. Qiymətli metalların ölkədən ixrac olunmasına görə müəyyən qaydalar tətbiq olundu. Eyni zamanda həmin dövrdə maliyyə sahəsi də hökumət tərəfindən diqqətdən kənarda qalmadı. 1918-ci il iyul ayının 18-də Fətəli Xan Xoyski İstanbulda Azərbaycan manatının hazırlanmasını tapşırdı və həmin il sentyabr ayının 22-də Bakı bonu (“bon”-əskinasın adıdır) adlı pul vahidi dövriyyəyə buraxıldı.

“Bakılıların milliləşdirilməsi haqqında” dekret (Dekret-Ali hökumət orqanının qanun qüvvəsində olan qərarı) Bakıda komissarların həyata keçirdiyi ilk dekretlərdən biri sayılsa da, əslində heç bir milliləşdirmə həyata keçirilməmişdir. 1918-ci ilin 5 oktyabrında verilən qərar ilə Bakı Xalq Komissarları Sovetinin neft sənayesi, ticarət donanması və s. haqqında milliləşdirməyə dair bütün dekret və sərəncamları ləğv edildi. Bu fərmanla bütün müəssisələr öz sahiblərinə qaytarıldı. Həmin dövrdə ölkənin əsas gəliri neft və neft məhsullarından ibarət idi.

“Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında 1918-ci il 2 iyun tarixli dekret”in Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı da xüsusi qeyd etmək lazımdır. Dekretin qəbul edilməsi onunla əlaqədar idi ki, vətəndaş müharibəsi və iqtisadi blokada şəraitində sovet Rusiyasının neftə xüsusi ehtiyacı var idi və buna görə də Bakını hər vasitə ilə öz əlində saxlamağa çalışırdı. RSFSR hökuməti, şəxsən Lenin Bakı Xalq Komissarı Sovetindən neft təchizatını təmin etməyi tələb edirdi. Məsələn, mayın 28-də Bakıda Lenindən “ilk növbədə şübhəsiz neft hasilatını təmin etmək” adlı teleqram alınmışdı. V.İ.Lenin iyunun 5-də S.Şaumyana “nefti ilk sıraya qoymaq” tapşırığını, iki gün sonra göndərdiyi teleqramda isə yenə “tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün” göstərişini vermişdi.

Dekretin belə tələsik həyata keçirilməsində yeganə məqsəd Bakıdan mümkün qədər daha çox neftin daşınmasına nail olmaqdan ibarət idi. 1918-ci il dekabrın 10-da Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə büro yaradıldı.

 

Xalq Cümhuriyyəti dövründə mətbuat

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif dillərdə çoxsaylı qəzet və jurnallar işıq üzü görmüşdür. Dövlətin mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqları prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi “Mətbuat haqqında Nizamnamə”də öz əksini tapmışdı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatını həmin illərin salnaməsi hesab etmək olar.

Mirzə Cəlilin təbirincə desək, “XX əsr Azərbaycan xalqının oyanma dövrüdür. Bu vaxta qədər gah İranın, gah da Rusiyanın təsiri altında qalmış, soyulmuş Azərbaycan yavaş-yavaş özünə gəlmiş, keçən əsrdə Mirzə Fətəli Axundov və Həsən Bəy Zərdabi ənənələri üzərində möhkəmlənmişdir. Bu proses durmadan irəliləmişdi”. Bu möhkəmlənmə və irəliləmə daha çox özünü mətbuatda əks etdirmişdi. Çünki mətbuat xalqın sosial-mədəni, milli-mənəvi istiqamətləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır və izləyir. Bu mənada dövrün nəbz döyüntüləri mətbuatda duyulur və əks olunur. Mətbuatımızın tarixi həm də o dövrün tarixi ilə bağlıdır. Mətbuat dövrün kollektiv yaddaşıdır və hadisələrin yazılı salnaməsidir. Bu salnamənin şanlı səhifələrindən biri də 1918-1920-ci illərdir.

Milli mətbuatımızda dərc olunan müxtəlif səpgili yazılar və müxtəlif həcmli məqalələr bir daha təsdiq etmişdir ki, 1918-1920-ci illər xalqımızın mədəni həyatında xüsusi bir mərhələdir.

O dövrdə mətbuatımız milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycanın canlı salnaməsinə çevrildi. Cəmiyyəti maarifləndirmə prosesinin başlanması, demokratik ideyaların yayılması da ən çox bu dövr mətbuatının fəaliyyəti ilə bağlıdır.

1918-1920-ci illərdə “Azərbaycan” qəzeti milli mətbuatımızın tarixində əlamətdar bir hadisəyə çevrildi. Qəzetin adının “Azərbaycan” adlandırılması heç də təsadüfi deyildi. Dəfələrlə Azərbaycan ziyalıları “Azərbaycan” adlı qəzet nəşr etdirmək istəsələr də, buna nail ola bilməmişdilər. Azərbaycanın adını daşıyan ilk mətbuat orqanı 1906-cı il dekabr ayının 6-da Təbrizdə “Molla Nəsrəddin”in təsiri ilə nəşr olunan “Azərbaycan” adlı satirik jurnal olmuşdur. Azərbaycan və fars dillərində çap olunan jurnalın redaktoru Əliqulu Səfərov idi. Cəmi 16 sayı işıq üzü görən jurnal 1907-ci ilin ortalarında fəaliyyətinə son qoymuşdur. Bakıda “Azərbaycan” adlı ilk qəzet isə 1918-ci ilin yanvar ayında nəşrə başlayıb. Feyzullah Əliquluzadənin redaktorluğu ilə həftədə iki dəfə çıxan bu qəzet İran demokratik partiyasının orqanı idi. 1918-ci il yanvar ayının 28-dən martın 13-dək çap olunan qəzetin cəmi 13 sayı işıq üzü görmüşdür. Çar Rusiyası hökumətinin nümayəndələri bu fikrin gerçəkləşdirilməsinə qətiyyətlə mane olurdular. Çünki buna yol vermək Azərbaycan adında bir ölkənin var olmasını bəyan etmək demək idi. 1918-ci ildə isə yeni yaranan müstəqil Azərbaycan Cümhuriyyətinin adını Azərbaycan və rus dillərində çıxan “Azərbaycan” qəzeti vasitəsilə dünyaya yaymaq şansı əldə edildi. Beləliklə, “Azərbaycan” qəzeti 1918-ci il sentyabr ayının 15-də Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində nəşrə başlayır. Gəncədə qəzetin cəmi dörd sayı çap olunur. Dörd səhifədən ibarət olan qəzetin birinci sayının iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılır. Gəncədə nəşr olunan qəzetin Azərbaycan dilində buraxılan səhifələrinin başında qəzetin adı ilə yanaşı, belə bir fikir də yazılmışdı: “Türk və islamçılığa müfid məqalələrlə “Azərbaycan” səhifələri açıqdır”.

Qəzetin birinci sayında bu haqda yazılırdı: “Türklük və İslamlıq - iştə bu şüarlar ilə müstədid Rusiya çarlığının cəngəlindən qurtarmış gənc Azərbaycan hökuməti isbati-vücud etməyə iqtam etdi. Həqq-təala müvəffəqiyyətlər versin!”

Tarixi mənbələrə nəzər saldıqda görürük ki, “Azərbaycan”ın Gəncədə çıxan birinci sayında “8 zilhəccə 1336” tarixi yazılıb. Bu tarixi miladiyə çevirəndə 15 sentyabr 1918-ci ilə düşür ki, bu da çox əlamətdar bir günə təsadüf edir. 1918-ci il 15 sentyabr! Bakının rus-erməni birləşmələrindən azad edildiyi tarixi bir gün. Bu şad müjdəni ilk dəfə olaraq Azərbaycan oxucusuna “Azərbaycan” qəzeti çatdırmışdır:  “Dünən gecə Azərbaycan Cümhuriyyəti höküməti adına Qafqaz İslam Ordusunun komandanı Farik Nuru”.

Bu tarixi günün əhəmiyyəti haqqında 43 il sonra “Mücahid” jurnalında Taki Aran “Azərbaycan tarixinə qısa bir baxış” adlı məqaləsində yazırdı: “Anadolu və Azərbaycan əsgərlərinin amansızcasına çarpışaraq qazandıqları 15 sentyabr 1918-ci il zəfərinin Azərbaycan İstiqlal savaşında müstəsna bir yeri və Müstəqil Azərbaycan Cümhuriyyətinin torpaq bütövlüyünün saxlanılmasında dəyərli bir rolu vardır. 15 sentyabr anlam və önəmini daha yaxşı görə bilmək üçün Azərbaycanın yaxın tarixinə qısa bir göz yetirmək faydalı olacaq” (Mücahid, 1961, 7-ci sayda).

Qəzetin həmin sayında şanlı zəfərlə bağlı Azərbaycan hökumətinin sədri Fətəli Xan Xoyskinin adından Nuru Paşaya təşəkkür teleqramı dərc edilib. Teleqramda yazılır: “Qafqaz İslam Ordusunun Komandanı səadətli Nuru Paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi millətin zati-həmiyyət pərvanələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim”.

Azərbaycan mətbuatı tarixində ilk rəsmi dövlət qəzeti olan “Azərbaycan” azad sözün, sərbəst düşüncənin carçısı kimi gənc müstəqil dövlətimizin ideyalarını sədaqətlə təbliğ edərək qərəzsizliyi, obyektivliyi ilə digərlərinə nümunə oldu.

 

Əbədi müstəqillik qazandıran dahi şəxsiyyət

 

XX əsrin sonlarında Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəni genişləndirdi. Ancaq buna mane olan qüvvələr də az deyildi. Lakin Azərbaycan xalqının azadlıq mübarizəsindən dönməyə bir anlıq belə fikri belə yox idi. Çünki bunun bəlli səbəbləri vardır. Azərbaycan xalqı tək bir şəxsə güvənir və inanırdı ki, yalnız o, Azərbaycan xalqını uzun illərin qaranlığından xilas edib əbədi işıqlı günlərə çıxaracaq. Bu şəxs Azərbaycan xalqının xilaskarı, yaşadığı ömrün tamamını yalnız azərbaycançılığa həsr edən Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev xalqın bütün ümidlərini doğruldaraq ilk növbədə xalqımıza ən şirin nemət olan azadlığı bəxş etdi.

1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul edildi. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi xalqın təkidli tələbi ilə Heydər Əliyevi Ali Məclisin sədri seçdi. Heydər Əliyev respublikada xalq kütlələri tərəfindən başlamış milli dövlət quruluşunun dirçəlişini dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına başlanıldı. Xalqın tələbi ilə Azərbaycan Ali Soveti 1991-ci il oktyabrn 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya aktını qəbul etdi. Heydər Əliyevin sədrliyilə keçiriliən sessiyada Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı Dövlət bayrağı kimi qəbul olundu. Bununla da Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-ci il fevralın 5-də keçirilən sessiyada dövlətin adı dəyişdirilib “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan Respublikası Milli Məclisi 1992-ci il mayın 27-də musiqisi Üzeyir Hacıbəyli, sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himnini, 1993-cü il fevralın 23-də isə Dövlət gerbini təsdiq etdi. Tez bir zamanda Azərbaycan 14 beynəlxalq təşkilata üzv qəbul edildi. 116 dövlət tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyi tanındı.

 

Üzeyir HƏBİBBƏYLİ,

filologiya üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM