10 Sentyabr 2021 00:46
675
SİYASƏT
A- A+

Şərin məğlubiyyəti

 

Regionun sonuncu ölkəsinin “birinci xanım”ının arzusu necə ürəyində qaldı

 

Müharibə təkcə səngərlərdən, artilleriya və raket zərbələrindən, texnikaların toqquşmasından, ağır və qanlı üzbəüz döyüşlərdən keçmir. O, eyni zamanda diplomatik masada, ideoloji cəbhədə gedir. Biz 44 günlük Vətən müharibəsində bunların bir daha şahidi olduq, Azərbaycan Prezidenti İlham Əliyevin 30-dan çox müsahibə ilə düşmən təbliğatını ağır zərbələrlə necə darmadağın etdiyini gördük.

Amma elə bu ideoloji mübarizədə diqqət yetiriləsi incə bir məqam da oldu. Yadınızdadırsa, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünü işğalçı dövlətin birinci qadını hesab edən Anna Akopyanın “siyasi debata” çağırışlarına əhəmiyyət vermədi, onları yox kimi qarşıladı. Lakin dövlətlərarası münasibətlərdə bu münasibət saymazlıq, opponenti hesaba almamaq kimi qarşılansa da, əslində reallıq tam başqa mətləblərdən xəbər verirdi.

İki il əvvəl - 2019-cu ildə Ermənistanın baş nazirinin arvadı Anna Akopyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Qarabağda “muğam məclisi”nə dəvət etməsi yəqin çoxlarının xatirindədir. Ermənistanda da, Azərbaycanda da buna mütləq cavab veriləcəyini gözləyənlər kifayət qədər oldu. Lakin Anna Akopyan əldən-ayaqdan getsə də, qarşı tərəfdən cavab ala bilmədi. Bəs, əvəzində nə aldı?

Hadisələri təfərrüatı ilə xatırlatmaq üçün bir daha iki il geriyə qayıdaq. 2019-cu il dekabrın əvvəlində Anna Akopyan hardansa oxumuşdu ki, Mehriban xanım Əliyeva sosial şəbəkədə “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!” məzmunlu status yazıb. Əslində isə ölkə mediasında Mehriban Əliyevanın bu sözləri xeyli əvvəl - avqust ayında yayılmışdı. Amma bu xronoloji təhrifi kənara qoyuruq, baxmayaraq ki, həmin təhrif ermənilərin özləri kimi, yazdıqlarının da saxta olduğunu göstərir. Nə isə, Anna Akopyan Mehriban xanımın həmin sözlərindən sonra gözlərini yumub ağzını açaraq feysbuk səhifəsində sərsəm sayaqlamalara rəvac vermişdi: “Mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər. Bu, həqiqətən dəvətdir... Onun Qarabağda sevimli muğamını dinləmək arzusu yerinə yetər”.

Lakin bu da ona azlıq etmişdi. A.Akopayn 2019-cu il dekabrın 4-də Yerevanda “Qadınların sülh təsbit etməkdə rolu: imkanlar və çağırışlar” mövzusunda keçirilən konfransda dəvətini yenidən səsləndirdi. Hələ bu azmış kimi, hədə də gəlmişdi: “Qarabağda muğam dinləmək arzuları müharibə yolu ilə gerçəkləşdirilməsi nəzərdə tutulursa, bu arzu yerinə yetirilməz qalacaq”.

Lakin işğal edilmiş Azərbaycan ərazilərinə əbədi sahib çıxdıqlarına və “ermənilərin ən qədim, müdik, ağıllı və güclü xalq” olduğuna hər bir erməni kimi cahilcəsinə inanan Anna Akopyan bu zaman anlamamışdı ki, onun həmin bəyanatları harın işğalçılığa, quduz faşist jestlərinə söykənən, qadına və ölkənin birinci qadınına yaraşmayan rəzillikdən savayı bir şey deyil. Anlamamışdı ki, Qarabağa səfərləri, bu cür sərsəmələri yiyəsiz qadının üzdəniraq sərgüzəştlərinə bənzəyir. O üzdən hətta Cıdır düzündə əri ilə yallı getməsi, erməni silahlı qüvvələrinə təlim keçməsi, döyüşən qadın dəstəsi yaratmaq cəhdi də onu bu imicdən xilas etmədi. Və beləliklə, özünü dünya ictimaiyyətinə sülhün carçısı kimi təqdim etmək istəyi olmayan ürəyində qaldı.

Amma bir arzusu həyata keçdi - Şuşadan muğam səsi, Üzeyir bəyin yeri-göyü silkələyən üvertürası ucaldı və bu səsin əks-sədası bütün dünyaya yayıldı. Bir neçə ay əvvəl Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtında keçirilmiş “Xarıbülbül” festivalı A.Akopyanın sosial şəbəkə boşboğazlığına verilən ən tutarlı cavab oldu. İnanmırıq ki, regionun sonuncu ölkəsinin birinci xanımı bundan sonra bir də başından böyük bu cür qələt edə. Xüsusən də 30 illik işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda səsi heç də “Xarıbülbül”dən zəif çıxmayan işlər görülürsə, tədbirlər keçirilirsə. Bu gün Akopyan və özü kimilərinin dağıdıb viran qoyduqları Vaqifin məqrəbəsi, Bülbülün ev muzeyi bərpa edilib, Üzeyir bəyin heykəli kiçik vətəninə qaytarılıb, bu yaxınlarda isə ev muzeyi əsaslı təmir olunacaq. Bunlar təkcə Şuşada görülən işlərin yalnız bir hissəsidir. Onların üzərinə Azərbaycanın mədəniyyət paytaxtında yenilikcə istifadəyə verilən beşulduzlu hoteli, keçirilən Vaqif poeziya günlərini, həmin tədbir çərçivəsində açılan “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgilərini, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə görülən işləri - çəkilən yolları, tunelləri və inşa olunan hava limanlarını, reallaşdırılan infrastruktur layihələrini, salınan “ağıllı” kənd və şəhərləri də gəlsək və həmin işlərə işğalçıların əməlləri və bəyanatları fonunda qiymət versək, onda kimin xeyir, kimin də şər üçün doğulduğu bir daha məlium olar.

Biz böyük Nizaminin məşhur əsərindəki “xeyir və şər”i təsadüfən qeyd etmədik. Bəli, ən azı Qarabağa - Azərbaycan ərazisinə münasibətdə A.Akopyanı və onun kimilərini şərdən savayı kiməsə, yaxud nəyəsə bənzətmək mümkün deyil.

Amma nə yaxşı ki, tarixi torpaqlarımız bu cür şərlərin əsarətindən xilas olmuşdur. İndi 30 il sahibinin yolunu gözləmiş Qarabağ və Şərqi Zəngəzurun İlham Əliyev və Mehriban xanım Əliyeva kimi xeyirxahları var. Azərbaycan xalqı bu gün məhz o iki şəxsin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizi büsbütün yenidən qurur. Ümumiyyətlə, yenidən qurmaq, dirçəltmək, inkişaf etdirmək üzü Ulu Öndərdən bəri Əliyevlərin alnına yazılıb. Və yenə də nə yaxşı ki, yazılıb, yoxsa ...yanlar kimi şər qüvvələr bu dünyada hələ çox əraziləri xarabalığa çevirərdi.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video