23 May 2021 00:19
1580
Mədəniyyət
A- A+

Sərhədlərə sığmayan sevgi...

 

(Qazaxıstan materialları əsasında)

 

Dahi şair Nizami Gəncəvi (1141-1209) Azərbaycan xalqının bəşər mədəniyyətinə verdiyi ən böyük şəxsiyyətlərdən biridir. Şair 880 ildir ki, qüdrətli söz sənəti ilə dünyanı fəth edir. Onun sehri bitib-tükənmir, əsərlərinə bəslənən sevgi sərhəd hüdudlarına sığmır, qitədən-qitəyə dolaşır. İqlim qurşaqları bir-birinə qarışır, dünya fikir-fikir, biçim-biçim bu ölməz, əbədi irsin işığında yazılıb-yozulur. Hər təzə baxışda, hər yeni biçimdə təkrarsız bir ovqat yaranır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli sərəncamında deyilir: “Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyat Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir”.

Sovetlər dönəmində Azərbaycan KP MK-nın “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq haqqında” (1979, 6 yanvar) qərarına uyğun olaraq dahi sənətkarın həyat və yaradıcılığını daha dərindən tədqiq etmək imkanı genişlənirdi. Nizami irsi ilə bağlı iki ildən bir Ümumittifaq elmi konfransın keçirilməsi Azərbaycanda yaxşı bir ənənə halını almışdır. Bu möhtəşəm tədbirlər dünyanın şair və yazıçılarını Nizami işığında birləşdirdiyi kimi, alim və filosofları da daha böyük tədqiqatlara sövq edirdi.

Qüdrətli Nizami irsi Qazaxıstan və Mərkəzi Asiyanın çoxsaylı xalqları içərisində həmişə sevilmiş və xüsusi hörmət hissi ilə anılmışdır. XIV əsrin ortalarında yaşamış Qızıl Orda şairi Qütb Xarəzmi tərəfindən ilk dəfə Nizaminin “Xosrov və Şirin” əsərinin təxminən 1341-1342-ci illərdə cığatay dilinə çevrilməsindən sonra onun əsərlərinə olan maraq xeyli artmışdı. Qütb Xarəzmi bu işi dövrünün hökmdar şahzadəsi Tini bəy və onun arvadı Məleykə xanımın xahişi ilə yerinə yetirmişdir.

Nizami Gəncəvi Qazaxıstanda daha çox sevilən, tanınan və nəşr edilən şairdir. Əgər sənət meydanında qürurla addımlayan Oljas Süleymenovun təbirincə desək, şairin ən çox sevdiyi qadını Afaq (Appaq) qıpçaq (qazax) qızı olduğundan “qazaxlar Nizamini özlərinin doğma və əziz, qohum sənətkarı kimi qəbul edirlər”.

Qazaxlar Nizamini akın adlandırmış və haqqında yazılmış əksər məqalələrdə onu “Ulu akın”, “Gəncəli akın” və b. adlarla öz oxucularına təqdim etmişlər. Şairin Qazaxıstanda anadan olmasının 800 (1947), 825 (1966), 840 (1981) və vəfatının 750 (1959) illiyi təntənə ilə qeyd edilmişdir. 1947-ci ildən etibarən Nizaminin əsərləri Qazaxıstanda ayrı-ayrı qəzet və jurnallarda, həmçinin nəşriyyatlarda kitab şəklində çap olunmaqdadır.

1947-ci ildə Nizaminin 800 illik yubileyi ilə əlaqədar olaraq onun əsərləri bütünlüklə qazax dilində çap olunmuşdu. Şairin “Leyli və Məcnun” əsəri poema kimi yox, “Leyli və Məcnun” dastanı adlandırılmaqla, iki dəfə - 1947-ci və 1962-ci illərdə çap edilmişdi. 1968-ci ildə Alma-Atada “Nizami” kitabı “Ulu akınlar kitabxanası” seriyası adı altında nəşr olunmuşdu. Kitabın tərcüməçisi K.Kepişev ona müqəddimə yazmış, içəridə “Leyli-Məcnun” dastanından parçalar və Nofəllə Məcnunun qrafik üsulla çəkilmiş şəkilləri verilmişdir.

Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını qazax dilinə Q.Amanjalov, Q.Jarokov, T.Alimkulov, D.Əbilov, K.Kepişev və başqaları çox böyük ustalıqla tərcümə etmişdilər. Əsərin qazax oxucuları arasında hüsn-rəğbətlə qarşılanmasında onun yüksək bədii məziyyətlərinin məharətli tərcüməsi də mühüm rol oynamışdır.

Qazaxıstan SSR EA-nın həqiqi üzvü, akademik M.Auezov (1897-1961) 1947-ci il sentyabrın 26-da “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş “Sovet xalqlarının iftixarı” adlı məqaləsində qazax xalqının ədəbi yaradıcılığına N.Gəncəvinin böyük təsir göstərdiyini, qazax klassiki Abayın şeirlərindən birində onu özünün müəllimi və ustadı saydığını bildirərək, “Sovet İttifaqı ailəsinə daxil olan xalqların mədəniyyət tarixi üfüqündə parlayan solmaz bir günəş” kimi Nizami Gəncəvini səciyyələndirmişdir.

Böyük qazax sənətkarı Abay Kunanbayevin (1845-1904) yaradıcılığına Nizaminin zəngin irsi çox güclü təsir göstərmişdir. Təsadüfi deyildir ki, “İskəndərnamə” poemasının təsiri altında o, özünün “İskəndər” dastanını yaratmışdı. Əlbəttə, bu əsərdə Abay öz sələfinin əsərinə bənzərliyə yer versə də, ancaq fərqli, orijinal xüsusiyyətləri ilə seçilməyi də unutmamışdı. Əsərdə müəllif qazax xalqının həyatından lövhələr yaratmış, hətta Nizamidən gələn bəzi detalları, səhnələri dəyişdirməyi də unutmamışdı. O, Nizamini bəhanə edərək, öz zəmanəsinin müasir problemlərini dilə gətirmişdir. “İsgəndərnamə”də olan məşhur Nüşabə - İsgəndər görüşündə bildiyimiz kimi süfrəyə qaş-daş gətirilir. Abay həmin qaş-daşı adi sümüklə əvəz etmişdir. Məsələnin mahiyyətində də dəyişiklik aparılmışdır. Nizaminin qənaətinə görə qaniçən, qəddar fatehlər dünyanı “yemək belə mümkün olmayan” qaş-daşlara görə işğal edirdilər. Abay isə göstərirdi ki, şahlar aləmi sür-sümüklə doldurmuşlar”.

Nizami irsinə xüsusi önəm verən Xalijan Bekxojin qazax sovet şairlərinin orta nəslinə mənsub olub, onlarca lirik, epik və dramatik əsərlərin müəllifidir.

Xalijan Bekxojinin

Ey şeir mülkünün şahı, sultanı,

Sözünlə bəzədin bütün dünyanı.

Firdovsidən alıb söz bayrağını,

Ucaltdın sənətin təmtərağını. - misraları ilə başlayan “Afaqnamə” poeması Qazaxıstanda yeni poetik hadisə kimi dəyərləndirilmişdi. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatından, sevgisindən, onun ömür-gün yoldaşı Afaqın taleyindən bəhs edən bu “əsərin çox hissəsi, Nizaminin öz əsərlərində olduğu kimi, məsnəvi formasında qələmə alınıb. Deməli, qazax müəllifi Nizami yaradıcılığından hər şeydən qabaq forma cəhətindən istifadə etmişdir”.

1974-cü ildə Alma-Atada “Jazuşi” (“Yazıçı”) nəşriyyatı tərəfindən kitab şəklində çap olunmuş “Afaqnamə” poeması dörd hekayətdən - “Qıpçaq qızı haqqında nəğmə”, “Gəncəli şair haqqında beytlər”, “Qızıl Arslanla görüş”, “Afaqın ölümü”ndən və hər hekayət də bir neçə bölmələrdən ibarətdir. Poema-dastanın belə struktur forması da bir qədər diqqətlə fikir verilsə, elə Nizaminin “Sirlər Xəzinəsi”nin üslubunda qurulmuşdur.

“Afaqnamə”nin “Gəncəli şair haqqında beytlər” adlı ikinci hekayətində Nizaminin yetişməsində əvəzsiz rolu olan Gəncə şəhərinin təsviri və tərənnümü xüsusi yer tutur. Şair X.Bekxojin yazır:

Ərzi tutub adı-sanı Gəncənin,

Bağ-bağatdır dörd bir yanı Gəncənin.

Dan çökəndə cəh-cəh vurur bülbülü.

Ətir saçır göy reyhanı, al gülü,

Göy kəmərli gözəl Gəncə, elə bil,

Ya füsunkar Səmərqənddir, ya Babil.

Bu mahalda Rum elinin, İraqın

Aliminə rast gələrsən - bir yığın.

Filosoflar, kimyagərlər, xətiblər

Bu şəhərdə fəzilətə yetiblər.

Poemadan aydın olur ki, şöhrəti ərzə sığmayan Gəncədən sonra Nizamini Nizami eləyən ikinci böyük, ülvi qüvvə Afaqdır. Daim öz ilahi, qənirsiz gözəlliyi, dərin ağlı və kamalı ilə şairi həmişə yazıb-yaratmağa ilhamlandıran, sövq edən Afaq! Bu baxımdan poemanın “Afaqnamə” adlandırılması da təsadüfi deyil. Bir Azərbaycan oğlunun sənətkarlıq qüdrətinin parlamasında qıpçaq gözəlinin qatdığı rəng - öz çalarlarıyla həmişə parlayacaq, heç vaxt solmayacaq rəng.

“Afaqnamə” poemasını qazax dilindən şair Ələkbər Ziyatay doğma ana dilimizə çox böyük ustalıqla çevirmiş və bu əsər 1981-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən 15000 nüsxə tirajla kitab şəklində çap olunmuşdur.

Nizami poemasının vurğunu X.Bekxojin şairin anadan olmasının 840 illiyi ərəfəsində onun “Yeddi gözəl” poemasını ustalıqla qazax dilinə çevirmiş və 488 səhifəlik bu kitab 1980-ci ildə Qazaxıstanda Alma-Ata şəhərində yüksək tirajla çap edilmişdir. Kitaba qazaxıstanlı nasir, şair, dramaturq və tərcüməçi kimi yaxşı tanınan K.T.Şangitbayev “Ulu akının gözəl dastanı” adlı sanballı müqəddimə yazmışdır. Çox nəfis və gözəl tərtibatla buraxılmış bu kitab indi də Nizami muzeyinin Nizami salonunda nadir eksponatlardan biri kimi nümayiş etdirilir.

1981-ci ilin oktyabrında Bakıda “dünya bədii mədəniyyətinin, bədii təfəkkürünün nəhəng simaları sırasında ilk yerlərdən birini tutan” dahi Azərbaycan şairi Nizaminin anadan olmasının 840 illiyi böyük təntənə ilə qeyd edildiyi yubiley tədbirlərində iştirak edən çoxsaylı qonaqlar içərisində Qazaxıstan Yazıçılar İttifaqı idarə heyətinin katibi, Qazaxıstan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri şair Oljas Süleymenov da var idi. Şanlı yubileyə həsr olunan şənliklər oktyabrın 6-da V.İ.Lenin adına sarayda təntənəli yığıncaqla açıldı. Yığıncaqda şıxış edən O.Süleymenov demişdir: “Bu gün biz çox gözəl və fərəhli hadisə münasibətilə toplaşmışıq. Əlamətdar haldır ki, ölkə və planet üçün məhz belə təşvişli bir vaxtda, bəşər sivilizasiyasının taleyinin yenidən həll olunduğu bir zamanda Azərbaycan Respublikası, ölkəmiz dünyanı sarsıdan bir sərkərdənin deyil, söz inciləri ilə xoş duyğular oyadan, dinc insan tərbiyə edən bir simanın adını və əlamətlərini bir daha yad etməyi mümkün və zəruri hesab edirlər.

...Mənim üçün bu yubiley həm də yenidən Azərbaycanda, Bakıda olmaq deməkdir. Mən sizin diyarınızı sevirəm. Mənim burada çox-çox dostlarım vardır. Mən çoxdan onları müşahidə edir, izləyirəm və son onillikdə siması həqiqətən dəyişmiş respublikanızın yeni taleyində öz duyğularımla sanki iştirak edirəm...”

Yığıncaqdan sonra yubiley iştirakçıları üçün verilən bayram konserti Nizami poeziyasının solmayan təravətini, onun misilsiz dəyərini göstərən təsirli hekayət oldu. Qazax şairi O.Süleymenov konsert iştirakçılarını böyük yaradıcılıq uğuru münasibətilə təbrik edərək, “İfaçıların məharətinə valeh olduğumu ifadə etməyə söz tapmıram. Mən sizə məftun oldum” demişdir.

Böyük Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin anadan olmasının 840 illiyi Gəncədə (Kirovabadda) poeziya bayramı ilə, ədəbi-bədii yığıncaqlar və tamaşalarla qeyd edilmişdir.

Şəhərin şərq tərəfində ucalan əzəmətli Nizami məqbərəsinin ətrafında böyük poeziya bayramı keçirilmişdi. Şairin yaradıcılığını geniş təbliğ edən Nizami Poeziya Teatrı onun “Xosrov və Şirin” poemasının motivləri əsasında hazırladığı “Məhəbbət dastanı” adlı yeni tamaşanı qonaqlara göstərmişdir. Qonaqlar xor sənəti teatrının konsertində də olmuşlar. Yubiley şənlikləri Gənclər sarayında poeziya axşamı ilə başa çatmış, tədbirdə şair O.Süleymenov da iştirak etmişdir.

1981-ci ilin oktyabrında N.Gəncəvinin anadan olmasının 840 illiyi münasibəti ilə keçirilən yubiley tədbirlərində iştirak edən tanınmış qazax şairi, ədəbiyyatşünas, tənqidçi və pedaqoq Saqinqali Seitov (1917-2007) böyük poeziya bayramından razı qalmış, aldığı yüksək təəssüratı “Ədəbiyyat və incəsənət” qəzetinə göndərdiyi “Dühanın əbədi işığı” məktubunda çox səmimi şəkildə ifadə etmişdir.

Şair S.Seitov orada yazırdı: “Mən çox məmnun idim: çoxdankı arzum həqiqətə çevrilmişdi. Dahi Nizamini dünyaya bəxş etmiş qədim Gəncəni öz gözlərimlə görürdüm. Hələ şairin vətəninə gələndə inanırdım ki, buradan gələcək yaradıcılığım üçün yeni mövzular, yeni həvəs aparacağam...

Nizami Qərbin və Şərqin mədəniyyət xəzinəsinə çox böyük xidmət göstərmişdir. Onun dahiyanə əsərləri olmadan dünya ədəbiyyatını təsəvvürə gətirmək çətindir. Onun zəkasına və poeziyasına bütün dövrlərin və zamanların şairləri heyran qalmışlar. Şairin əsas əsərləri - onun “Xəmsə”si, qəsidə və qəzəlləri əsl ədəbi qəhrəmanlıq nümunəsidir. Misilsiz ustalıq, dərin məzmun və parlaq dil timsalıdır. Öz işıqlı, humanist ideyaları ilə Nizami bizim zəmanəmizlə daxilən səsləşir. O, insan əməyini və insan nəcibliyini tərənnüm edirdi”.

Qədim türk yurdu Qazaxıstanın kitabxana və arxivlərində Nizamiylə bağlı xeyli əsərlər mövcuddur. A.Kürkatovun “Azərbaycanın dahi akını Nizami”, E.İsmayılovun  “Söz zərgəri”, T.Nurtazinin “Sənətkarlıq nümunəsi” və s. belə əsərlərdəndir.

XX əsrin 80-ci illərində Azərbaycanda Azərbaycan KP MK-nın 1979-cu il 6 yanvar tarixli “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq haqqında” qərarına uyğun olaraq Ümumittifaq Nizami konfransı “XI-XII əsrlər Azərbaycan mədəniyyəti və Nizami Gəncəvi yaradıcılığı” (1980), ikinci konfrans “Nizami Gəncəvi və dünya ədəbiyyatı” (1982) və üçüncü “Nizaminin dünya ədəbiyyatında lirikanın inkişafındakı rolu və “Xosrov və Şirin” poemasının 800 illiyi” (1984, dekabr) mövzularında idi. Üçüncü konfransda 30-a yaxın məruzə dinlənilmişdir. Qazaxıstanın Alma-Ata şəhərindən gəlmiş alim X.Suyunşaliyevin məruzəsi Nizaminin Qazaxıstanda öyrənilməsi və tərcüməsinə həsr edilmişdi.

Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Leyli və Məcnun” poemasının 800 illiyi və nizamişünaslığın aktual probemləri” mövzusundakı dördüncü konfransı 1989-cu il dekabr ayının 20-21-də keçirilmişdir. Konfransda Alma-Atadan gəlmiş qazaxıstanlı alim, filologiya elmləri doktru Y.Kumısbayev “Qazax ədəbiyyatında Nizami ənənələri” mövzusunda məruzə etmişdir.

1988-ci il sentyabrın 27-də Gəncə şəhərində Nizami poeziya bayramı keçirilmişdir.

Bu gün Qazaxıstanda Nizaminin anasının və arvadının amazonlar nəslindən olması haqqında hələ də rəvayətlər və əfsanələr dolaşmaqdadır. “Guya onlar Qorqud kimi öz qopuzlarını gecə-gündüz çala-çala el-obanı gəzirmişlər. Nizami bir akın - aşıq kimi dastanlarını bu qopuzların təranələri, türküləri, şərqiləri altında yazıb-yaratmış və ozanlara vermişdir. Başqa sözlə, Nizami öz əsərlərinə ölməzlik ömrünü bu qopuzların ilahi səsindən əxz etmiş və dünyaya yaymışdır. Qazax folklorunda Nizamini ilahiləşdirmək meyilləri özünü açıq şəkildə büruzə verməkdədir. Onu Qorquda bərabər tuturlar”.

Bəli, Nizami sevgisi bu gün şirin bir nağıl, unudulmaz əfsanə, qədimdən də qədim rəvayət kimi dünyanı dolaşır. Bu sevgi sərhədlərə sığmayan əbədi bir sevgidir. Bu dünya durduqca bu sevgi də ölməyəcək, zamanın yaddaşına yazılıb, əbədiyyət heykəli kimi ucalacaq. Çünki Nizami qüdrəti İlahidən gələn qüdrətdir. Əbədiyyət ömürlü ilahi bir qüdrət.

 

Əzizağa ƏLƏKBƏROV,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video