10 Sentyabr 2011 12:09
515
Mədəniyyət
A- A+

«Sənətkarlıq paytaxtı» İsmayıllıda tədbirlər keçirilib

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları Proqramı"na uyğun olaraq keçirilən müsabiqədə İsmayıllı rayonu 2011-ci il üçün "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunub.

Qeyd edək ki, müsabiqədə iyirmidən çox təklif təhlil edildikdən sonra namizədliyi irəli sürülmüş şəhərlərin nominasiyası üzrə tarixi ənənələri, ümumi hazırlığı, müvafiq sahələrin inkişafı, xalq yaradıcılığı subyektlərinin sayı, respublika və beynəlxalq tədbirlərdə iştirakı, mədəniyyət infrastrukturunun mövcud vəziyyəti, keçiriləcək tədbirlərin sayı və digər amillər nəzərə alınmaqla 2011-ci il üçün qədim Şabran şəhəri "Azərbaycanın əfsanələr paytaxtı", folklor diyarı Lənkəran şəhəri  "Azərbaycanın folklor paytaxtı", İsmayıllı şəhəri isə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunub.

Müsabiqə başa çatan kimi yaradılan təşkilat komitəsinin sədri, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov söhbət zamanı bildirdi ki, plana uyğun olaraq bir neçə tədbir həyata keçirilib.

Aprel ayında İsmayıllının Gənclər Mərkəzində keçirilmiş mərasimdə nümayiş olunan 300-dən çox sənətkarlıq nümunəsindən ibarət sərgi iştirakçılarda böyük maraq doğurub. Bu tədbirlərdə Lahıc və Basqal sənətkarlığı xüsusi fərqlənib.

Böyük tarixə malik Lahıc sənətkarlığı XIX əsrdə ən yüksək səviyyəyə çatıb. Həmin dövrdə 40-dan artıq sənət növü mövcud olub (misgərlik, dəmirçilik, qalayçılıq, xalçaçılıq, dulusçuluq, dabbaqlıq, bənnaçılıq, dülgərlik, sərraclıq, zərgərlik, dərzilik, toxuculuq, silah düzəltmə, həkkaklıq, nəqqaşlıq, döymə naxışçılıq və s.). XX əsrdə isə iki yüz misgərlik emalatxanası fəaliyyət göstərib.

Sənətkarlığın inkişaf etdiyi məskənlərdən biri də Basqal qəsəbəsidir. Basqalın yaşayış məntəqəsi kimi yaşı 2400-2500 il hesablanır. Basqalın mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətlərini əks etdirən və XIII əsrdən bu günədək fəaliyyət göstərən kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar meydanı, hamam, başqa mədəni, iqtisadi və dini tikililər yerli əhalinin mədəni irsinin nümunəsidir.

Basqal tarixən ticarət və sənətkarlıq mərkəzlərindən biri olub. Qəsəbə əhalisinin hamısı ipəkçiliklə məşğul olub. Sənətkarların toxuduqları müxtəlif növlü kəlağayı, yorğan üzləri, qanovuz parçalar dünya şöhrəti qazanaraq xarici bazarlarda özünəməxsus yer tutub. Basqalda boyaqçılıq, toxuculuq, ipəkçilik nəsildən-nəslə keçib. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən ümumdünya  sərgisində iştirak edib. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.

İsmayıllıda azərbaycanlılarla yanaşı, azsaylı xalqlar da yaşayırlar. Onların milli adət-ənənələrinin qorunub saxlanılması, folklor sənətlərinin inkişafı üçün rayonda hər cür şərait yaradılıb. "Sənətkarlıq paytaxtı" ilinin uğurla başa çatması üçün azsaylı xalqların sənətkarları da üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. 

Bu günlərdə İsmayıllının "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilməsi ilə əlaqədar İsmayıllı şəhərindəki Qala divarları qarşısında daha bir tədbir keçirilib. Bu bayram tədbirinə İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Göyçay, Qəbələ, Oğuz rayonlarından, Şəki və Mingəçevir şəhərlərindən də sənətkarlar və qonaqlar dəvət edilib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra mərkəzin qarşısında təşkil olunmuş kitab və turizm sərgisi, həmçinin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin çəkdikləri rəsmlər ilə tanış olub və digər eksponatlara tamaşa ediblər.

Qala divarları qarşısındakı tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun giriş sözündən sonra RİH başçısı Nizami Ələkbərov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər qonaqlar öz duyğularını bölüşüblər.

Mərasimdə sənətkarlıq nümunələri ilə yanaşı, milli mətbəxin təqdimatı da maraqla qarşılanıb. Folklor qruplarının, aşıqların, "Niyal" instrumental ansamblının, həmçinin digər rayonlardan gəlmiş müğənnilərin çıxışları da alqışlanıb.

Şübhəsiz ki, belə tədbirlərin keçirilməsi İsmayıllı rayonunun, ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video