07 Iyul 2021 17:45
972
Mədəniyyət
A- A+

Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikat təqdim edilib

 

İyulun 7-də Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair sertifikatın təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində Şəki sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Xan Sarayının qarşısında təşkil edilən mərasimin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açaraq, iki il əvvəl, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini və bugünkü təqdimat mərasiminin də həmin əlamətdar hadisə ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu, ölkəmizin tarixində, eləcə də Şəkinin mədəni irsinin və turizm potensialının tanıdılmasında çox mühüm hadisədir. Hazırda Şəki şəhərinin turistlərin ən çox üz tutduqları tarixi, bənzərsiz məkanlardan biri olduğunu vurğulayan agentliyin sədri deyib: “Şəki şəhəri memarlığı, tarixi mədəni irsi, sənətkarlıq nümunələri, təbiəti, mətbəxi, qonaqpərvərliyi ilə hər zaman seçilib. Şəkinin tarixi hissəsinin mühafizəsi və inkişafı dövlətin daim diqqətindədir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna Milli Qoruq statusunun verilməsi bu diqqətin bariz nümunəsidir. Bütövlükdə, ölkənin turizm potensialını hərtərəfli tanıtmaq və regional turizmi inkişaf etdirmək əsas hədəflərimizdəndir”.

Fuad Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq, onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESCO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa “Xınalıq” qoruğunun da təşkilatın namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, əlamətdar gün münasibətilə şəhər ictimaiyyətini təbrik edib. Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür.

Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olduğunu vurğulayan icra hakimiyyətinin başçısı hazırda bu şəhərdə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkarın məşğul olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.

Bildirilib ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan çoxsaylı sərəncamlar nəticəsində bu gün şəhər milli memarlıq üslubunu qoruyub saxlamaq şərti ilə müasirləşir, turizm potensialı daha da artır.

Şəkinin zəngin tarixi-mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya görə şəkililər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirən Elxan Usubov çıxışının sonunda hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunmasını təklif edib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, iki il əvvəl Azərbaycanın ən qədim şəhərlərindən Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ölkəmizin ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda tanınması kimi qiymətləndirilir. “Bu, o deməkdir ki, Şəki Xan Sarayı, tarixi abidələr, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, həm də bəşəriyyətin mədəni irsi hesab olunur. Şəkinin tarixi əhəmiyyətini göstərən bu mühüm hadisə, öz növbəsində region üçün bir sıra iqtisadi imkanlar yaradır. İqtisadi imkanlar bu diyarın turizm potensialının reallaşdırılması deməkdir”,- deyə KOBİA-nın rəsmisi vurğulayıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Tədbirdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov deyib: “Bugünkü tədbirin iyulun 7-də gözəl Şəki şəhərində, tarixi Xan Sarayının qarşısında təşkil edilməsi böyük rəmzi məna daşıyır. Belə ki, iki il əvvəl ölkəmiz UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. Bu sessiyada Azərbaycan tərəfindən Ümumdünya İrs Mərkəzinə təqdim olunan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” faylı məhz 7 iyulda UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin, onun qədim tarixinin zənginliyini ifadə edir. Bu, həm də Xan Sarayının, qədim Şəkinin tarixi abidələrinin bütün bəşəriyyətin mədəni sərvəti olaraq qəbul edilməsi anlamına gəlir. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat mədəni irsimizi qoruduğumuza, təşviq etdiyimizə və gələcək nəsillərə ötürdüyümüzə görə xalqımıza təqdim olunan rəmzi bir təşəkkürnamədir”.

Sonra Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyevə və Elxan Usubova təqdim edib.

Tədbir çərçivəsində, həmçinin Şəkidə tarixi-mədəni irsin qorunub saxlanması və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə bir qrup şəxs təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video