04 Noyabr 2011 02:11
386
Mədəniyyət
A- A+

«Sehrli qutu»nun əbədiyaşar sirləri

 

Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi də davam edir. Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də "Bakı" studiyası adı ilə efirə çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu "sehrli qutu" adlandırıblar. Yaranmasından yüz il də ötə, min il də keçə, bu "qutu" öz sehrini saxlamaqdadır. Onun cazibəsinə milyonlar yığışır.

Mərkəzi televiziyanın ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) nəzdində fəaliyyət göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan", Mədəniyyət kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV, ANS, İTV, "Xəzər", "Lider", "Space" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə Azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri fəaliyyət göstərirlər.

Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir. Özünəməxsus ənənələrə, səriştəyə, peşəkarlığa, təcrübəyə malik olan bu şirkəti mütəxəssislər "Mərkəzi televiziya" adlandırmaqda haqlıdırlar. Əski sovetlər zamanında müttəfiq respublikalar üçün bu missiyanı Moskva televiziyası yerinə yetirirdi. Təbii ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra teleradio verilişləri sahəsində gedən inkişaf və kanalların çoxluğu imkan verir ki, biz öz qədim, şərəfli tarixi olan sevimli televiziya şirkətimizi iftixarla bu cür təqdim edək.

Mərkəzi televiziyanın maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri də yeni və müasir avtomobillərlə zənginləşdirilib. 2006-cı ilin avqustunda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsinə təyin olunan Arif Alışanov burada köklü islahatlar apardı. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edildi. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.

Ötən illər ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlarla müşahidə edilir: "Xəbərlər", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Sələflər, xələflər", "Ədəbi abidələr", "Oğuznamə", "Tərəf-müqabil", "Unudulmayanlar", "Ovqat", "Səadət", "Əsgər anı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Əbədiyyət", "Azərbaycan, yurdum mənim", "Səhər", "Bizim planet", "Yada düşər xatirələr", "Kənd saatı", "Yurd yeri" və s.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, eləcə də AzTV-nin təşkilatçılığı ilə Bakıda "Muğam müsabiqəsi-2007" və "Muğam müsabiqəsi-2011" televiziya müsabiqələri keçirildi. Müsabiqə iştirakçılarının istedadını SMS-lər deyil, peşəkar musiqiçi və xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirdi. Bu müsabiqələr zamanı bütün nüanslar - ifaçıların oxuduqları muğam parçalarından, qəzəllərdən tutmuş danışıqlarına, geyimlərinə qədər hər məqam nəzərə alındı. Muğam müsabiqələri ölkə daxilində və xaricində böyük tamaşaçı marağına, rəğbətinə səbəb oldu. Bunu həm Heydər Əliyev Fonduna, həm də AzTV-nin elektron ünvanına gələn məktublar da təsdiq etdi.

Cəmiyyətin tanınmış şəxslərinin, nüfuzlu insanların böyük məhəbbətlə AzTV-yə üz tutması bu telekanallarda müxtəlif verilişlər aparılmasını da Mərkəzi televiziyanın öz kökünə - maarifçi ənənələrinə qayıdışından xəbər verir. Hazırda AzTV və "Mədəniyyət" kanalının efiri öz sahəsində peşəkarların, sənətkarların ixtiyarındadır. AzTV-də xalq yazıçısı Anar "Poeziya", görkəmli alim Vasif Məmmədəliyev "Haqqın dərgahı", Milli Məclisin deputatı, tanınmış filoloq Nizami Cəfərov "Azərbaycan dili", tarixçi-alim Kərim Şükürov "Azərbaycan tarixi" verilişlərini aparırlar.

Son illərdə AzTV-nin studiyalarında maraqlı teletamaşalar da çəkilib. Vaxtilə geniş populyarlıq qazanmış "Evləri köndələn yar" tamaşasının (ssenari müəllifi Anar) ikinci hissəsi də çəkildi. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə rejissor Ramiz Həsənoğlu "Mürafiə vəkilləri"nə ekran həyatı verdi. Milli serialların çəkilməsi də müntəzəm davam edir. Ənvər Seyidovun qələmə aldığı "Gürzə", "Ünvansız eşq" (quruluşçu rejissor Məhərrəm Bədirzadə) kimi seriallar tamaşaçılara təqdim edilib. Dövlət başçısının sərəncamına əsasən, serialların çəkilməsinə ayrılan maddi vəsait burada çalışanların da iş üslubuna yeni sürət gətirib. Növbəti ildən geniş fəaliyyət proqramının həyata keçirilməsi nəzərdə tutulub.

2006-cı ildən 2011-ci ilədək "Telefilm" Yaradıcılıq Birliyi 190-dan çox sənədli film çəkib. Bu filmlərin arasında "Ermənilər. Riyakarlığın anatomiyası", "Tarixin izi ilə... Yaqub Mahmudov", "Zəngəzur", "Sumqayıt salnaməsi", "Tərcümeyi-hal: Bəkir Nəbiyev", "Bəstəkar Ramiz Mirişli", "Tarzən Ramiz Quliyev", "Elturan Avalov". "Molla Pənah Vaqif", "Aşiqlər", "Şamaxı abidələri", "Vaxt gözləmir", "Möcüzələr adasının sakini" və s.

Ədəbi dram verilişləri redaksiyası da həmişəki kimi sənədli filmlər çəkməkdə ənənəsini uğurla davam etdirir. Bu redaksiyanın əməkdaşları tərəfindən ekran həyatı almış "Şərqdə doğan günəş", "Mirzə Cəlil möcüzəsi", "Naxçıvanın baharı", "Böyük yolun adamı", "Bir ömrün xatirəsi" adlı sənədli filmlər tamaşaçılar tərəfindən maraqla izlənilib.

"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə və xaricdə keçirilən beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtəlif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir. Bu gün "İdman-Azərbaycan" gənclərin sevimli kanalına çevrilib. Onlar "sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münhendə, Moskvada, Pekində keçirilən müxtəlif idman yarışlarından xəbər tuturlar. Kanalın özünün yayımladığı xüsusi verilişlər də diqqət çəkir. Məsələn, "Çempionlar klubu", "İdman ensiklopediyası", "Arena", "Flaqman", "İdman sağlamlığın rəhnidir" və s. "Şahmat klubu" adlı proqram isə Azərbaycan televiziyasının ən uzunömürlü verilişlərindən sayılır. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini ustalıqla əhatə edir.

Azərbaycan televiziya məkanının ən təzə mavi ekranı Mədəniyyət kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın - AzTV-nin çəmənində göyərən bu pöhrənin yenilikləri çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. "Buta" mədəniyyət xəbərləri", "Teatr", "Xatırlanan ömürlər", "Nobel" mükafatçıları, "Kino ulduzları" və s. verilişlər artıq tamaşaçıların diqqətini çəkib. Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri təqdim olunur. Yeni kanalda ədəbiyyatşünas Kamal Abdulla "Sözün sirri", kulturoloq Fuad Məmmədov "İdrak", yazıçı-publisist Akif Əli "Zaman və məkan", Füzuli Bayat "Klassik irsimizdən" verilişlərinin aparıcılarıdırlar.

6 noyabr həm də radio işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə də müşahidə olunur. Bu ilin əvvəlindən milli radiomuz tam şəkildə kompyuterləşməyə və servis xidmətinə keçib. Azərbaycan radiosunun "Lirika dəftəri"ndən, "Bulaq", "Muğam saatı", "Elm və həyat", "Radio teatrı" kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub.

Hazırda "Gəl səhərim", "Bağçada güllər", "Addım-addım", "Ustad nəfəsi", "Kino səltənəti", "Xeyrə qənşər", "Şah misralar", "Nağıl axşamı". "Ünvanımız Azərbaycandır", "Vətən sənə oğul dedi", "Yadigar səslər", "Duyğu yarpaqları", "Sabaha pəncərə" və s. verilişlər dinləyicilərə təqdim edilir.

Azərbaycan efirində bu il 70 yaşı tamam olan Beynəlxalq radio də fəaliyyət göstərir. Bu radio türk, ərəb, fars, erməni, ləzgi, talış, kürd və gürcü dillərində verilişlər yayımlayır. Beynəlxalq radio uzun illərdir ki, "Cənubi Azərbaycan" redaksiyası vasitəsilə bütün dünyaya səpələnmiş soydaşlarımız üçün vahid ünvana çevrilib.

Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.

Bir məsələni də qürurla qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC həmişə dövlətçiliyin, xalqın, millətin keşiyində ayıq-sayıq dayanıb. Təqdim etdiyi verilişlər əxlaqımıza, mənəvi dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəbgətirici söhbətlərdən uzaq olub. Maarifçilik əsas ideyasıdır. Elə bu uğurlu fəaliyyətinə görədir ki, Mərkəzi televiziyamız 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə "Avropa keyfiyyəti" medalına layiq görülüb. Eləcə də, Avropa Biznes Assambleyası 2010-cu ildə Azərbaycan televiziyasını "Teleradio yayım sahəsində ən yaxşı şirkət" mükafatına təqdim edib. Bu ilin mayında AzTV-də yayımlanan "Sovet imperiyasının gizlinləri, Ariqoryanın işi" adlı üçhissəli sənədli filmə görə Mədəniyyət və Turizm Nazirliyinin, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyasının təsis etdiyi "Humay" mükafatını alıb. Burada çalışan əməkdaşların əksəriyyəti ölkə başçısının sərəncamına əsasən müxtəlif fəxri adlara, mükafatlara, Prezident təqaüdünə və s. təltiflərə layiq görülüb. Bu günlərdə Mərkəzi Televiziyanın ünvanına bir şad xəbər də qanadlandı. Oktyabrın sonlarında Kiyevdə keçirilən "TEFİ-Sodrujestvo"nun I beynəlxalq festivalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən çəkilən "Toğrul Nərimanbəyov" və "Eyni səma altında" filmləri mükafata layiq görülüb. 

Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında televiziyanın rəhbərliyinin, yaradıcı heyətinin xüsusi əməyi vardır. Şübhəsiz, son illər aparılan islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, Mərkəzi televiziyamız öz ənənəsinə sadiqliyi ilə seçilir, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimizin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik məhəbbəti təsirli şəkildə tamaşaçının ruhuna hopur!

6 noyabr Televiziya və Radio İşçiləri Günüdür. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarlarımızı ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. Ürəyimizdən o da keçir ki, torpaqlarımızın düşməndən - erməni işğalçılarından azad olunması xəbərini - Qələbə müjdəsini də biz elə ilk dəfə Mərkəzi televiziyamızın ekran və efirindən eşidək!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video