20 Yanvar 2012 12:01
390
Mədəniyyət
A- A+

Şəhid ucalığı

 

Şəhid adı Tanrı yanında ən uca məqamdır. Müqəddəs kitabımızda da bu haqda danışılır. Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

Belələri ölüb getsələr də, zaman-zaman xalqın xatirəsində yaşayırlar. İgid oğulları olan xalq yada, namərdə baş əymir, qələbələr qazanır. Ən yeni tariximizin qanlı səhifələri bunu bir daha aydın şəkildə əks etdirir. 1990-cı ilin müdhiş 20 Yanvar gecəsi. Qırmızı imperiyanın qoşunları ölkəmizin paytaxtı Bakı şəhərinə yeridildi. Haqq səsini ucaldan xalqın iradəsini qırmaq, azadlıq arzusunu beşikdəcə boğmaq üçün. Şaxtalı, qaranlıq bir gecədə dinc əhalini gülləbaran etdilər. Tanklar qarşısına çıxan nə vardısa, tırtılları altında qoydu. Çoxmərtəbəli evlərin pəncərələri, eyvanları güllə yağışına tutuldu. Xalq baş verən hadisədən xəbərsiz olsun deyə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Ən dəhşətlisi isə o idi ki, günahsız, əliyalın qadınları, qocaları, uşaqları belə qətlə yetirirdilər. Xalq o vaxta kimi inandığı, güvənc yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini ucaltdı. Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib o ağır günləri birlikdə yaşadı. Öz şəhidlərini son mənzilə el adəti ilə ən yüksək səviyyədə yola saldı. Qırmızı qana dönmüş qırmızı qərənfillər şəhid tabutlarını, küçə və meydanları süslədi, bəzədi, əzizləyib oxşadı. O vaxtdan da qırmızı qərənfil xalqımızın azadlıq mübarizəsinin simvollarından birinə döndü. Nalə qoparan qaboyun yanıqlı səsi ürəkləri riqqətə gətirərək insan hönkürtüsünə, göz yaşlarına çevrildi. Bu zülmə dözməyənlərin isə ürəyi əbədi susdu. Ümummilli lider Heydər Əliyevin verdiyi layihəyə əsasən, şəhidlərin uyuduğu ərazidə məqbərə ucaldıldı, onların məzarları adlarına layiq şəkildə hörüldü. Qanlı 20 Yanvar günündən artıq 22 il keçir. Xalqımız bu günü hər il hüzn günü kimi qeyd edir.

Lakin 20 Yanvar həm də xalqımızn şanlı mübarizə tarixinin qanla yazılmış səhifəsidir. İllər ötdükcə bu gün qəhrəmanlıq tarixinin ibrətamiz bir səhifəsinə çevrilir. Hər bir itkinin bir "qazancı" da olur. Həmin qazanc da o oldu ki, xalqımız yadlara - Sovet İttifaqı rəhbərlərinə bel bağlamağın əbəs olduğunu, imperiyanın əsl üzünü, mahiyyətini birdəfəlik başa düşdü. Yatanlar da sanki ayıldı, milli müstəqillik mübarizəsi daha da alovlandı və nəticədə çox keçmədi ki, ölkəmiz öz suverenliyini əldə etdi.

Şəhid adlarının əbədiləşdirilməsi üçün onların adına küçələr, təhsil ocaqları verilib. Müxtəlif yerlərdə büstləri qoyulub, ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.  

İndi respublikamıza gələn ayrı-ayrı dövlətlərin rəhbərləri, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu məkana baş çəkərək məqbərə önünə gül çələngi, şəhid məzarları üstünə tər çiçəklər qoyurlar.

Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir:

 

Dağılar duman da, dağılar çən də,

Həm Allah sevinər, həm də ki bəndə,

Dava qurtaranda, üzlər güləndə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Bir oğul evlənsə, bir gəlin köçsə,

Aşıq sinəsində sazıyla ötsə,

İgidlər, ərənlər girəndə bəhsə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Bir dəli gülüşün uğuntusunda,

Körpə bir uşağın qığıltısında,

Elin şad günündə, elin yasında

Şəhidlər qayıdar yenə bu yurda.

 

Yananda hər evdə toy-bayram şamı,

Sevinər el-oba,sevinər hamı...

Həftədə bir dəfə - cümə axşamı

Şəhidlər qayıdar yenə bu yurda.

 

Yayılsın bu sədam şəhərə, kəndə,

Dedim sözlərimi ürək dinəndə.

Bütün Azərbaycan bütövləşəndə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video