24 Oktyabr 2021 00:27
857
CƏMİYYƏT
A- A+

“Şəhid olsam, özümü xoşbəxt sayaram”

 

Fərid Dursunov son məktubunda belə yazmışdı

 

Fərid hələ uşaqkən atasının medallarını döşünə taxıb, taxtadan düzəltdiyi avtomatı çiyninə keçirib qonşu uşaqları ilə “müharibə” meydanında “vuruşmağı” çox sevərdi. Atası Fazil Dursunov Sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşmüşdü. Ata müharibənin nə olduğunu hamıdan yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, hərbi biliklərə yiyələnmək hər bir oğulun borcudur. Elə buna görə də gözünün ilk nuru Fəridin hərbçi olmaq istəyini dəstəkləyirdi.

Fərid 1986-cı il iyulun 26-da dünyaya göz açmışdı. 2003-cü il kənd orta məktəbini bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdu. Hərbi məktəbi 2008-ci ildə bitirib xarici dövlətlərin birinə qısamüddətli hərbi təlimə göndərilmişdi. Fərid düz 12 il ön cəbhədə, düşmənlə üz-üzə xidməti vəzifəsini şərəflə yerinə yetirmişdi. Azərbaycan Silahlı Qüvvələrin Quru Qoşunlarının kapitanı Fərid Dursunov şərəfli zabit adını həmişə uca tutmuşdu. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrin üç yubiley medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalla təltif olunmuşdu.

Kapitan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsi zamanı Kəlbəcər döyüşlərində savaşıb. Sentyabrın 28-də isə Şəhidlik şərbətini içib. Doğma kəndində dəfn olunub.

Fərid Vətənini çox sevən, uğrunda can verməyə hazır olan oğullardan idi. O, bu sevgini özündən kiçik iki qardaşına da ötürə bilmişdi.

Fazil Dursunov oğulları ilə haqlı olaraq fəxr edir: “Nə yaxşı ki, onları belə, Vətənini uğrunda can verəcək qədər sevən igidlər kimi böyüdə bilmişəm. “Hərbçi olmaq istəyirəm” dediyi gündən onunla fəxr etmişəm. Hər dəfə oğlumu hərbi formada görəndə qürurla dayanıb onu xeyli süzərdim. Kiçik oğullarım da bunu yaxşı bilirdilər. Onlar hərbi məktəbdə oxumamışdılar. Amma hiss edirdim ki, Vasif və Röyal da bu yolu seçəcəklər. Hər ikisi həqiqi hərbi xidmətdən qayıdandan sonra Milli Orduya qayıdacaqlarına qərar verdilər. Vətənə döyüşən oğullar gərəkdir. Doğrusu, anaları Mirvari bir qədər narazı idi. Deyirdi ki, heç olmasa biri yanımızda qalsın”.

Müharibə başlamamışdan bir neçə gün əvvəl Fərid kiçik qardaşına bərk-bərk tapşırır ki, döyüş başlanan gün, çayda dəstənamazını alsın, namazını qılsın, əyləşsin texnikasına. Heç nə fikirləşməsin. Ancaq düşmənin üstünə irəliləsin. Qarabağda görüşərik. Bu onun kiçik qardaşına son vəsiyyəti olur.

Fərid evli idi. Qonşu kənddən - Şotavardan sevib-seçmişdi. Məryəmlə xoşbəxt idilər. İki oğul - İsa və Öməri böyüdürdülər. Çox sevərdi oğullarını. Boş vaxt tapan kimi onlarla futbol oynayardı. Fərid hələ uşaqlığından “Qalatasaray”lı idi. Arzusu Türkiyəyə getmək, “Qalatasaray” komandasının oyununu canlı-canlı seyr etmək olub. Bu sevgini həyat yoldaşı Məryəmlə, oğulları ilə bölüşürdü Fərid.

Fərid yoldaşlarına bərk-bərk tapşırmışdı ki, işdir şəhid olsa, məzarı üstündə Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ın bayrağını da ucaltsınlar. Dəfn mərasimində iştirak edən dostları onun bu vəsiyyətinə əməl etmişlər. İndi Fəridin məzarı üstündə üçrəngli müqəddəs bayrağımızla yanaşı onun sevimli komandasının bayrağı da dalğalanır.

Fəridin bu sevgisindən xəbər tutan “Qalatasaray” İdman Klubu rəsmi tvitter hesabında şəhidimiz Fərid Dursunovun məzarının fotosunu paylaşmış, ailəsinə və Azərbaycana başsağlığı mesajını yayımlamışdır.

“Qalatasaray” Futbol Klubunun başqan yardımçısı Yusif Günay şəhidin atası ilə telefonla danışmış, Fərid kimi igid Azərbaycan oğulları ilə fəxr etdiklərini bildirmiş, başsağlığı vermişdir.

- Adəti idi, həmişə işə gedəndə mənimlə, uşaqlarla sağollaşardı. Bu dəfə əvvəl İsanı, Öməri bərk-bərk qucaqlayıb öpdü. Sonra əllərimdən tutub, mənim alnımdan öpdü və bircə bunu dedi: “Uşaqlardan muğayat ol”. O gedəndən bir neçə saat sonra yazdığı məktubu tapdım. Çox qısa idi məktubu: “Məndən narahat olmayın. Şəhid olsam, özümü xoşbəxt sayaram”. Əlimdə məktub donub qalmışdım. O, bizimlə vidalaşırdımı?! İçimdən elə bil nə isə qırılıb düşdü. Telefon zənginə cavab almadım... Bilirdim ki, gec-tez torpaqlarımızı azad etmək üçün müharibə olacaq. Öndə Milli Ordunun zabitləri dayanacaqlar. 10 illik ailəlik həyatımda özümü müharibənin gətirəcəyi acılara alışdırmağa çalışsam da, müharibə xəbəri məni sarsıtmışdı. Sanki nə isə pis bir xəbər alacağam kimi ürəyim yerindən çıxırdı...

Məryəm danışdıqca göz yaşları sel olub axırdı. Balaca Ömər isə hey içini çəkib: “Ağlama, ana”, - deyirdi.

Fəridin doğum günündə onun ailəsinə baş çəkdim. Üç igidin anası Mirvari Dursunova ilə ilk görüşüm idi. Özümü bu ailənin yaxını bildiyim üçün çox səmimi keçdi ilk görüşüm. Fazilin rəhmətlik anası - Fəridin nənəsi Babbalı ilə mən xala nəvələri idik. Söhbət bizi çox uzaqlara apardı...

Mirvari anaya səbr dilədim. “Vətən üçün belə igidlər böyütməyin özü ən böyük səadətdir”, - dedim. Oğul evləndirib, ev-eşik, oğul-uşaq sahibi etmək valideyn üçün şərəfdir. Hələ bu oğullar Vətən üçün sinəsini sipər edərsə, bir dünya xoşbəxtlik qürurdur. Mirvari ana belə xoşbəxt analardandır. Üç oğlu torpaqlarımız üçün ön cəbhədə düşmənlə vuruşub. Tanrı onlardan birini seçdi. Onu Şəhidlik zirvəsinə qaldırdı.

Ölümündən sonra Fərid Dursunov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Fəridin dəfnindən bir il keçir. Anım gününə döyüş dostları, rayon rəhbərləri, kənd camaatı, rayon gəncləri toplaşmışdı. Məzarı üstə ruhuna dualar oxunmuş, igidliyindən söz açılmışdı.

Noyabrın 8-də Qələbə gününü qeyd edəcəyik. Qələbəni doğma xalqımıza bəxş edən, bu yolda şəhid olan oğullarımızın ruhları qarşısında baş əyirik və deyirik: “Qələbə gününüz mübarək!, Şəhid oğullarımız!”

 

Xavər ƏFƏNDİYEVA,

Qax rayonunda çıxan

“Şəlalə” qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video