14 Iyun 2021 18:53
768
SİYASƏT
A- A+

Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır

 

İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycanda akkreditə olunmuş səfiri Erling Sönsberq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən söz açıb. Səfir Erling Sönsberqin ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycanla Norveç arasında ikitərəfli əlaqələrdə əldə edilmiş nəticələrə toxunan komitə sədri təhsil və humanitar sahələrdə əməkdaşlıq layihələrindən bəhs edib.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalaşmasını, müxalifət partiyalarının nümayəndələrinin qanunverici orqanın sədarətində və komitələrin rəhbərliyində geniş təmsil olunmasını qonağın diqqətinə çatdırıb. Bildirib ki, Milli Məclisdə Norveçlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu formalaşdırılıb.

Səməd Seyidov 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn müddəalarına əsasən öz ərazilərini azad etməsindən danışıb. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların bu reallıqları qəbul etməsinin regionda sülhün və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstək olacağına inam ifadə edilib.

Öz növbəsində Norveçin Azərbaycandakı səfiri Erling Sönsberq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, bölgədə sülhün və sabitliyin davamlı olması üçün dialoqların qurulmasının, Azərbaycanla Ermənistan arasında problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Görüşdə 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli Bəyanatda əldə edilən razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığı bildirilib. Bölgədə sülhün və sabitliyin təmin olunması üçün problemlərin, həmçinin fikir ayrılıqlarının həlli üçün konstruktiv yanaşmanın önəmi vurğulanıb, bu istiqamətdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun fəaliyyətindən bəhs edilib.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video