27 Noyabr 2011 01:11
885
MSK
A- A+

Seçkilərin keçirilməsi və səsvermənin təşkili

 

Səsvermə, səslərin sayılması, nəticələrin və yekunların müəyyən olunaraq ictimailəşdirilməsi seçki prosesinin məsuliyyətli məqamlarıdır

 

Seçki qanunvericiliyinin düzgün mənimsənilməsi və tətbiqi seçki prosesinin ən vacib elementidir. Bu iki vacib məqamın yerinə yetirilməsi üçün seçkilərin təşkilinə və keçirilməsinə məsul olan şəxslərin qanunlardan, təlimatlardan və prosedurlardan düzgün istifadəsi məhz seçki prosesinin professional səviyyədə təşkilini şərtləndirir.

Seçki prosesinin təşkilinin digər başlıca bir prinsipi isə vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqların maneəsiz həyata keçirilməsi, həmçinin bu hüquqların azad, birbaşa və gizli şəkildə ifadə edilməsi üçün münbit şəraitin yaradılmasıdır. Lakin hər bir halda istər aktiv, istərsə də passiv seçki subyektlərinin öz hüquqlarını reallaşdırması üçün demək olar ki, ilkin şərt seçki prosesinin qanunvericiliyə uyğun təşkili ilə bağlıdır. Bununla belə, nəzərə almaq lazımdır ki, seçki prosesinin təşkili ümumilikdə çox geniş mənanı ifadə edir. Hazırda üzərində dayandığımız mövzu - seçkilərin keçirilməsi və səsvermənin təşkili isə bu prosesin bir hissəsidir.

Seçkilərin keçirilməsinin hüquqi aspektləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin III bölməsində ən xırda məqamlarına qədər geniş şərh edilmişdir. Seçki Məcəlləsinin tələbinə görə, səsvermənin təşkili prosesində ilkin mərhələ səsvermə otağının təşkili ilə bağlıdır. Məcəllənin 98.1-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır. Amma səsvermə otağı ayrılarkən yuxarıda adları göstərilən subyektlər bir amili mütləq nəzərə almalıdırlar. Bu, səsvermə otağının adi bir yer deyil, seçki prosesində aktiv və passiv seçki hüququ subyektlərinin öz hüquqlarını ifadə etmələri üçün qanunvericiliklə müəyyən edilmiş mühüm məkan olmasıdır. Məhz buna görə səsvermə otağı təşkil edilərkən, onun müəyyən olunmuş seçki hüququnun həyata keçirilməsi üçün qanunvericiliyin tələblərinə cavab verməsi dəqiqləşdirilməlidir. Yəni konkret desək, səsvermə otağı elə təşkil olunmalıdır ki, istər seçki komissiyası üzvləri, istər müşahidəçilər, istər KİV nümayəndələri, istərsə də seçicilər öz hüquqlarını sərbəst, maneəsiz və azad şəkildə ifadə edə bilsinlər. Məhz bu konteksdən çıxış edərək Seçki Məcəlləsinin 98.2-ci maddəsində göstərilir ki, səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır, yaxud qurulmalıdır. Eyni zamanda, səsvermə qutuları elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.

Qanunvericiliyə uyğun olaraq seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsilə seçiciləri xəbərdar etməlidirlər. Bu baxımdan bildiriş vərəqələrinin vaxtında seçicilərə çatdırılması və burada fərdilik prinsipinə əməl olunması olduqca vacib məsələdir.

Seçicilərin öz səsvermə hüquqlarını reallaşdırmaları ilə əlaqədar hər hansı təbii və süni maneə yaranarsa, müvafiq subyektlər tərəfindən bu məsələ dərhal həll olunmalıdır. Belə ki, Seçki Məcəlləsinin 104.2-ci maddəsində göstərildiyi kimi, yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunarsa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ayrılan vəsait hesabına ödənilir. Qanunvericilikdə belə bir müddəanın təsbit edilməsinə baxmayaraq, bəzən yanlış olaraq bu cür fəaliyyəti seçicilərin iradələrinə təsir vasitəsi kimi qiymətləndirənlər də olur. Amma göründüyü kimi, bu, Seçki Məcəlləsinin birbaşa tələbidir.

Seçkilər günü seçici səhhətinə görə və ya digər üzürlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirə bilər. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Bu proses məntəqə seçki komissiyası tərəfindən Seçki Məcəlləsi ilə təsbit edilmiş daşınan seçki qutuları vasitəsi ilə reallaşdırılır. Bu vasitə ilə səs verən seçicilərin müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış DSK tərəfindən təsdiq edilməlidir.

Qanunvericiliyin tələbilə seçkilər günü saat 7:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8:00-da səsvermənin başlandığını elan edir. Amma seçki təcrübəsi göstərir ki, məntəqə seçki komissiyaları Məcəllədə göstərilən bu müddətdən qabaq seçki məntəqəsində olmalı, səsvermə otağının səsverməyə hazırlığı ilə əlaqədar bütün detallara diqqət yetirməli, texniki avadanlıqların sazlığı yoxlanılmalı və komissiya üzvləri arasında iş bölgüsü aparılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, göstərilən tələblər MSK-nın müvafiq təlimatları ilə də tənzimlənmişdir.

Səsvermə prosesi başlandıqdan sonra seçicilər seçki məntəqələrində səs verə bilərlər. Seçici səsvermə otağına daxil olarkən məntəqə seçki komissiyasının üzvü tərəfindən onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, həmçinin seçicinin əvvəlcə səs verib-verməməsini aydınlaşdırmaq üçün onun sol əlinin baş barmağı xüsusi cihazla yoxlanılır. Seçiciyə seçki bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici bülleten alarkən mütləq imza etməlidir. Əgər seçici seçki bülletenini sərbəst almaq imkanına malik deyilsə, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında müvafiq qrafada imza etməlidir. Amma qanunvericiliklə nəzərdə tutulmuş bu yardım seçicinin öz səsvermə hüququnu şəxsən, gizli və təklikdə ifadə etməsinə mane olmamalıdır. Təsadüfi deyil ki, Seçki Məcəlləsinin 104.9-cu maddəsində deyilir ki, hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxsin əvəzinə səs verməyə icazə verilmir. Seçici bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Lakin göstərilənlərə baxmayaraq, qanunvericilik humanizim prinsipini ehtiva edərək əlillərə münasibətdə bu normanı imperativ qaydada qoymur. Belə ki, göstərilən maddədə qeyd olunur ki, seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Belə olduqda bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

 Seçki Məcəlləsində seçicinin səsvermə hüququnu həyata keçirməsi ilə əlaqədar yaranacaq hər hansı maneəni önləyən mühüm normalar da müəyyən edilmişdir. Misal üçün, Seçki Məcəlləsinin 104.15-ci maddəsində göstərilir ki, "Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal akt tərtib olunur".

Səsvermə otağından kənarda səsvermə keçirilərkən məntəqə seçki komissiyasında təmsil olunma normasına riayət edilməlidir. Seçki Məcəlləsinin 105.2-ci maddəsində göstərilir: "Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü onun yanına gəldikdə yazılı ərizədə bir daha təsdiq olunmalıdır".

Səsvermə otağından kənarda səsvermə təşkil edilərkən vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydalarına ciddi riayət edilməlidir. Əks təqdirdə, belə hal səsin etibarsız hesab edilməsi üçün əsas yaratmış olar.

Qeyd olunduğu kimi, səsvermə saat 19:00-dək davam edir. Səsvermə müddəti məntəqə seçki komissiyasının sədri müvafiq qaydada səsvermə otağında olan seçicilərin səs verməsinə şərait yaradır və  səsvermə prosesinin qanuna uyğun başa çatmasını təmin edir. Seçki qutuları açılmazdan əvvəl istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı isə səsvermənin yekun protokoluna daxil edilir.

Növbəti mərhələ seçki qutularının açılması ilə başlayır. Bu məqamda nəzərə almaq lazımdır ki, qutular açılmamışdan qabaq onların möhür və plomblarının salamatlılığı yoxlanılmalı və bu proses iştirakçılarına nümayiş etdirilməlidir. Seçki qutuları növbəlilik əsasında - əvvəlcə daşınan, sonra daşınmaz seçki qutuları açılmalıdır. İstər daşınan, istərsə də daşınmaz seçki qutularından bülletenlərin sayı həmin seçki məntəqəsi üzrə bülleten almış (səsvermə vəsiqələri ilə səs verən seçicilər nəzərə alınmaqla) seçicilərin sayından çox ola bilməz. Bu norma Seçki Məcəlləsinin 106.2-ci maddəsində ehtiva olunmuşdur.

Məntəqə seçki komissiyası tərəfindən səslər hesablanarkən, səsin etibarlılığına şübhə yarandıqda bu məsələ səsvermə yolu ilə həll edilir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfinə etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Ümumiyyətlə isə, məntəqə seçki komissiyasında səslər hesablanarkən fasiləsizlik prinsipinə əməl olunmalıdır.

Qanunvericilikdə səslər hesablanarkən digər seçki subyektlərinin də öz hüquq və vəzifələrini düzgün həyata keçirmələri üçün normalar nəzərdə tutulub. Belə ki,  səslər hesablanarkən səsvermə otağında olan müşahidəçilər, həmçinin passiv seçki hüququnu həyata keçirən və müşahidəçilik hüququna malik olan digər subyektlər üçün elə şərait yaradılmalıdır ki, onların bu prosesi tam şəkildə izləmək imkanları olsun.

Səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolu tərtib edilir. Qaydaya görə, protokol 2 nüsxədə tərtib olunmalıdır. I nüsxə səsvermə günü daxil olmuş şikayətlər və bunlar üzrə qəbul olunmuş qərarlar, seçki bülletenlərinin alınması barədə akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt, səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt, seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, korlanmış seçki bülletenlərinin sayı haqqında akt və s. sənədlər əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin, müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. II nüsxə isə adları sadalanan sənədlərin surətləri əlavə edilməklə məntəqə seçki komissiyasında saxlanılır.

Məntəqə seçki komissiyası üzrə qanunla müəyyənləşdirilmiş qaydada fəaliyyət başa çatdıqdan sonra, əvvəl dairə seçki komissiyasının protokolu, daha sonra isə Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilir.

Seçki hərəkətlərinin son mərhələsi seçkilərin və səsvermənin nəticələrinin dərc edilməsidir. Seçkilərdə demokratikliyin və şəffaflığın təmin edilməsi bu mərhələdən çox asılıdır. Uzun müddət seçki sistemləri üzrə ixtisaslaşmış ayrı-ayrı beynəlxalq institutların və təsisatların maraq obyektlərinə çevrilmiş bu mərhələ müxtəlif ölkələrin seçki qanunvericiliklərində olduğu kimi Azərbaycan Respublikası Seçki Məcəlləsində də ayrıca olaraq təsbit edilmişdir. Seçki hüququ üzrə ixtisaslaşmış mütəxəssislər çoxillik seçki təcrübələrinə istinadən belə bir qənaətə gəlmişlər ki, seçkilərin nəticələri nə qədər tez ictimailəşərsə, bir o qədər şəffaflıq prinsipinə əməl olunmuş olar. Bu baxımdan Seçki Məcəlləsinin 109.1-ci maddəsində deyilir ki, seçkilərin ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra  MSK tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Mərkəzi Seçki Komissiyası bu sahədə bir qədər də irəliyə gedərək Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin imkanlarından istifadə etməklə, elə seçkilərin keçirildiyi gün ilkin nəticələrini ictimaiyyətə çatdırılması məqsədilə ətraflı məlumat verir.

 

Qabil ORUCOV,

Mərkəzi Seçki Komissiyasının

 

 üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video