15 Yanvar 2012 12:01
371
İQTİSADİYYAT
A- A+

«Şahdəniz» qazının Avropaya yolu Türkiyədən keçir

 

Yaxın illərdə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında bu müasir platforma tək olmayacaq. Yatağın ərazisində daha iki platforma quraşdırılacaq.

Elə "Şahdəniz"in hasilatı da üçqat artacaq. Əgər layihənin hazırda fəaliyyətdə olan birinci mərhələsi çərçivəsində mövcud platformadan ən yüksək hasilat dövründə ildə təxminən 9 milyard kubmetr qaz götürüləcəksə, ikinci mərhələdə bunun üstünə daha 16 milyard kubmetr gələcək. Beləliklə, 2006-cı ildən istismara verilən və potensialı geniş olan  "Şahdəniz" hazırda dünyada ən böyük qaz-kondensat yataqlarından biridir.

İkinci mərhələnin ilkin qazının hələ 2017-ci ildə alınacağı gözlənilir. Həmin vaxta qədər isə dənizdə və quruda irihəcmli işlər həyata keçiriləcək. Belə ki, iki yeni platforma quruda inşa edilərək aparılıb dənizdə quraşdırılacaq. Bu qurğular bir-birinə körpü vasitəsilə birləşdiriləcək. Dənizin 550 metr dərinliyində ümumi uzunluğu 550 kilometr olan sualtı boru kəmərləri şəbəkəsi yaradılacaq. Səngəçal terminalının "Şahdəniz" hissəsi genişləndiriləcək. Eləcə də Azərbaycanın və Gürcüstanın ərazisi ilə "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaq. Yatağa gətiriləcək iki yarımdalma qazma qurğusu ilə 26 sualtı quyunun qazılması planlaşdırılıb.

Hazırda "Şahdəniz"in birinci mərhələsinin qazı CQBK vasitəsilə Səngəçaldan Gürcüstan-Türkiyə sərhədinədək nəql olunur. Oradan isə CQBK-ya qoşulan 280 kilometrlik əlavə xətt qazı Türkiyənin ərazisində Ərzurumadək aparır. Bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

"Şahdəniz" qazı Azərbaycanın mavi yanacaq ixracı imkanlarını xeyli genişləndirəcək. Hazırda "Şahdəniz" konsorsiumu Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı  təklifləri dəyərləndirir. Həmin təkliflər 2011-ci ilin oktyabr ayının 1-dək "Nabucco", Trans-Adriatik Boru Kəməri və  "IGI Poseidon" tərəfindən təqdim olunmuşdu. Bundan əlavə, "Şahdəniz" layihəsi qrupu  regional olaraq  mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə Cənub-Şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir.

Keçən il oktyabrın 25-i "Şahdəniz-2" layihəsinin  yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səylərin dəstəklənməsi ilə əlamətdar oldu. Həmin gün iki ölkə arasında Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması "Şahdəniz"ə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verir.

Bundan əlavə, ötən il dekabrın 26-da Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında "TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu" da imzalanıb. Həmin memoranduma əsasən TANAP layihəsi Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutur. Memorandumu Azərbaycan tərəfindən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfindən isə Türkiyə Cümhuriyyətinin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalayıblar.

Beləliklə, "Şahdəniz" təkcə regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir. Yatağın ehtiyatlarının zənginliyi və bu ehtiyatların çıxarılması üçün aparılan uğurlu işlər göstərir ki, "Şahdəniz" qazını gözləyənlərin ümidləri tezliklə doğrulacaq.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video