15 Iyun 2021 00:54
808
İQTİSADİYYAT
A- A+

“Şahdəniz” Azərbaycana həm də müasir texnologiyalar gətirir

 

Üstəlik, bu layihə əhalinin məşğulluğunun təminatına dəstək verir

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun  məlumatına görə, cari ilin ilk 5 ayında “Şahdəniz” yatağından 62,176 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.  Bu, qazın və kondensatın satışından  əldə  edilən gəlirdir. İlin əvvəlindən iyun ayının 1-dək  təkcə kondensatın gəlirləri 57,131 milyon  dollar təşkil edib.

“Şahdəniz” 15 ildən çoxdur Azərbaycanın, Gürcüstanın və Türkiyənin qazla təminatına mühüm töhfə verir. Keçən ilin sonundan isə bu yatağın sərvətindən Avropadakı qaz istehlakçıları da bəhrələnirlər. “Şahdəniz”in kondensatı isə 2006-cı ildən tam sistem kimi fəaliyyət göstərən  Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur. İki mərhələdə işlənməsi, istismar quyularının sayının artması,  əməliyyatlar zamanı ən yeni texnika və texnologiyalardan istifadə edilməsi “Şahdəniz”in  hasilatının və nəticədə karbohidrogenlərin satışından  gəlirlərin getdikcə çoxalmasına səbəb olur.

Lakin “Şahdəniz”in gətirdiyi fayda bununla məhdudlaşmır. Bu yatağın işlənməsinin   xeyri  həm də  bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan verməsidir. Məsələn, “Şahdəniz-2” üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələrində  təkmilləşdirmə işləri aparılmışdır. Bayıl zavodunun platformalar, “BOS Shelf” istehsalat sahəsinin isə  yeni sualtı konstruksiyalar inşa etmək imkanları genişləndirilmiş  və inkişaf etdirilmişdir. “Şahdəniz-2” dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli səviyyədə Azərbaycanın yerli resursları və imkanlarından istifadə edilərək həyata keçirilmişdir. Eləcə də yerli təchizat strategiyası yerli müəssisələrin daha da inkişaf etməsini stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətinə neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan vermişdir.

“Şahdəniz”in  operatoru olan BP şirkətinin  bu  barədə məlumatlarında bildirilir ki, layihə ölkənin dəniz gəmilərindən geniş istifadəyə də şərait yaratmışdır. Məxsusi olaraq “Şahdəniz” üçün  inşa edilib istifadəyə verilmiş müasir “Xankəndi” gəmisi hazırda yataqda uğurla fəaliyyət  göstərir.

“Şahdəniz” layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində  regionun sakinləri  üçün əhəmiyyətli məşğulluq imkanları təmin etmişdir. “Şahdəniz-1”in işə salınmasında 5000 nəfərdən çox insanın məşğulluq problemi  həll olunmuşdur. “Şahdəniz-2”nin işlənməsinin pik həddində isə Azərbaycanda və Gürcüstanda 30 mindən çox iş yeri yaradılmış və ümumi iş saatları 180 milyondan çox olmuşdur.

Layihənin tikinti və sonrakı istismar dövründə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilmişdir. “Şahdəniz”  həmçinin sosial investisiya  layihələri  ilə Azərbaycanı   iqtisadiyyatını gücləndirməkdə dəstəkləyir.

“Şahdəniz”, eləcə də Xəzərə qabaqcıl texnoloji təcrübə gətirmişdir. Belə ki, yatağının işlənməsi  zamanı ortaya  bir sıra texniki çətinliklər  çıxdı. Bunlar strukturun dərin sularda yerləşməsi  və nəhəng coğrafi ərazini əhatə etməsi səbəbindən  lay-kollektora girişin mürəkkəbliyi,  qazma zamanı  baş verən yüksək  təzyiqlər  və s. idi. Bu və digər  çətinliklərin öhdəsindən gəlmək üçün qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Onların bəziləri Xəzərdə ilk dəfə istifadə edilirdi.

Məlumdur ki, “Şahdəniz” 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometr axın xəttinə malik dünya səviyyəli bir sualtı hasilat sistemidir. Burada dünyanın ən çətin yüksəktəzyiqli quyularından qaz  çıxarmaq üçün yeni qazma və tamamlama üsulları  istifadə edilir.

Təzyiqə qarşı yüksək etibarlığa  malik  qoruyucu klapan Xəzər dənizində ilk dəfə istifadə olunan daha bir yenilikdir. Manifold təzyiqi əvvəlcədən təyin olunmuş səviyyəni aşdıqda bu klapan cəmi 15 saniyədə bağlana bilir və bununla  ən yüksək təhlükəsizlik standartlarına nail olunur.

Birbaşa elektrik isitmə də müasir texnologiyalardandır. Bundan dənizin 500 metr dərinliyində  yüzlərlə kilometr boru kəməri ilə axan neft və qazın soyumasının, parafinləşməsinin və sürətlə yığılaraq  tıxanmaya səbəb olan, hidrat adlandırılan buz parçalarının əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilir.

“Şahdəniz”də ilk dəfə olaraq  nasos-kompressor boruları üçün asqı da işlədildi. Diametri cəmi 7 düym olan bu xırda avadanlıq quyudakı boruları sualtı sistemlə birləşdirərək axın sürətini artırmağa kömək edir.

Genişləndirilə bilən bərk boru elementləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Çünki bu elementlər  daha dərin lülə intervallarının nisbətən böyük ölçüdə qazılmasına və qoruyucu kəmər quraşdırılmasına imkan verir.

Səngəçal terminalında istiliyin utilizasiyası qurğuları fiziki olaraq terminaldakı kompressorların qaz turbinlərinə bərkidilmişdir. Onlar qaz turbinindən çıxan işlənmiş qazı tutaraq terminal boyu istilik təmin etmək üçün istifadə olunur. Bu istilik dəyişdiriciləri  emissiyaların azaldılmasına kömək göstərir.

“Şahdəniz” yatağı hələ uzun illər öz sərvətləri ilə Azərbaycandakı, regiondakı və Avropadakı istehsalçılara xidmət edəcək. Layihə uğurla davam etdikcə xalqımıza birbaşa və dolayısı ilə  fayda, xeyir-bərəkət gətirəcək.

 

Flora  SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video