23 Iyun 2020 00:33
2445
Elm və texnika
A- A+

Rəqəmsal texnologiyalar dövründə dövlət qulluğunun inkişaf dinamikası


Azərbaycan Respublikası olduqca qısa zaman kəsiyində dövlət quruculuğunun bütün sahələrində mühüm irəliləyişlərə imza atıb. Ölkə və onun siyasi sistemində müşahidə olunan keyfiyyət sıçrayışında dövlət qulluğu mürəkkəb, kompleks, sosial, hüquqi, təşkilati institutdur. Şübhəsiz, istənilən dövlət fəaliyyətinin səmərəliliyi dövlət aparatının rasional təşkil olunmuş strukturu, həmçinin dövlət qulluqçularının peşəkarlığı, səriştələri və məsuliyyətliliyi ilə ölçülür. Göstərilən özəllikləri özündə ehtiva edən dövlət qulluğu hakimiyyətin təməli və onun sabitliyinin, nüfuzunun və yüksək dinamizminin başlıca amilidir.

Hazırda Azərbaycan Respublikası məntiqli islahatların nəticəsi olaraq dinamik inkişaf edən dövlətin qarşısında duran vəzifələri yüksək səviyyədə həll etməyə qadir səmərəli dövlət idarəçiliyi sistemi formalaşdırmağa müvəffəq olub. Lakin bu bir faktdır ki, zaman yerində durmur, yeni idarəçilik texnologiyaları meydana çıxır, dövlət qulluqçularının fəaliyyətinə daha proqressiv yanaşmalar ortaya qoyulur. Azərbaycanda dövlət qulluğu institutunun inkişafı məsələsində bir çox hallarda zamanın tələblərini geridə qoyan önləyici təşəbbüslər gerçəkliyə çevrilir. Bu arada insan resursu, bəzən hətta xammal, logistika potensialından istifadə daha böyük əhəmiyyət kəsb etməklə ön plana çıxır. Zamanında dövlətin inkişafında insan faktorunun müəyyənedici roluna diqqət çəkən Sinqapurun sabiq lideri Li Kuan Yu düzgün qeyd edib ki, müdrik və səmərəli idarəetmə inkişaf yoludur. Və onun trayektoriyasını həqiqi siyasi və dövlət xadimlərinin yardımı ilə uğurla planlaşdırmaq olar.

Qeyd olunanların fonunda ölkəmizdə uzunmüddətli strategiyaların seçimi, prioritetlərin müəyyənləşdirilməsi, dövlət qulluğunun XXI əsrin reallıqlarına uyğun modernləşdirilməsi önəmli bəhrələrini verib. Azərbaycanda siyasi iradə "dövlət qulluğunu” "cəmiyyətə, millətə qulluğun” sinoniminə çevirməkdə israrlıdır.

Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ikinci dəfə ali hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar etdi və dövlət idarəçiliyini yeni əsaslarla formalaşdırdı. 2000-ci ildə "Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra indiyədək onun həyata keçirilməsini təmin edən hüquqi bazanın yaradılması üçün 49 qanun, 103 fərman və sərəncam, 5 qərar qəbul edilmişdir. Həmin aktlardan "Dövlət qulluqçularının icbari sığortası haqqında”, "Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” qanunları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının, dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın müəyyənləşməsi qaydalarının, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında fərmanları və s. aktları qeyd etmək lazımdır. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmini formalaşdırmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci ildə nəşr etdiyi "Dövlət qulluqçuları” Statistik məcmuədə qeyd edilir ki, bu gün Azərbaycanda 29368 dövlət qulluqçusu vardır ki, onlardan 29 faizini qadınlar təşkil edir.

Ölkə rəhbərinin nəzərdə tutduğu uzunmüddətli inkişaf xəttinin həyata keçirilməsi dövləti idarə edən kadrlardan, yəni dövlət qulluqçularından çox asılıdır. Məhz bu məqsədlə ölkə Prezidentinin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planında dövlət qulluqçuları ilə bağlı bir çox müddəalar yer almışdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması və digər məsələlər öz həllini tapmışdır.

Ölkədə dövlət qulluqçularının peşəkarlığının artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır ki, bu məqsədlə də Prezident yanında yeganə ali təhsil müəssisəsi olan Dövlət İdarəçilik Akademiyası artıq bir neçə ildir ki, dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayır. Artıq əminliklə demək olar ki, ölkənin yeni idarəetmə aparatı Dövlət İdarəçilik Akademiyasında peşəkar mütəxəssislərdən təlim almış dövlət qulluqçularından təşkil olunub.

Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda "common brain” (hərfi tərcüməsi "ümumi beyin”, "ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşmışdır. Heç də təəccüblü deyil ki, "informasiya cəmiyyəti”nin yaradıldığı əsrdə ölkənin idarə edilməsi müəyyən mənada "kompüter şəbəkəsində inzibatçılığı” xatırladır. Azərbaycanda artıq fəaliyyətə başlamış "elektron hökumət” dövlət məsələlərini səmərəli və operativ həll etməyə imkan verir. Beləliklə, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulub, bu tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizmdir. Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşmış peşəkar yeni nəsil dövlət qulluqçularından asılıdır.

Onu da qeyd edək ki, rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksioner gələrsə, bu həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta həmin sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Yeni dövlət idarəçiliyi sisteminin hər bir üzvü dövlət idarəçiliyinin konkret istiqaməti üzrə mütəxəssisdir. Geniş təhsilli, yüksək intellektual keyfiyyətlər, yüksək idarəçilik təcrübəsi, işgüzar ünsiyyət vərdişləri, iyerarxik sistemə uyğunlaşmaq bacarığı - bütün bu və digər keyfiyyətlərin məcmusu yeni dövlət idarəçiliyi sisteminin hər bir üzvünə xas olan xüsusiyyətlərdir. Eyni zamanda son vaxtlar dövlət başçısının yaranmış vəziyyətlə əlaqədar operativ qərarlar qəbul etməsi, çoxvariantlı idarəçilik və böhranlı vəziyyətlərin kollektiv nizamlanması modellərini tətbiq etməsi, dövlət idarəçiliyinin bütün sahələrində informasiya texnologiyalarından geniş istifadəni zəruri etmişdir.


Rəqəmsal dövlət gulluğuna gedən yol


Bu gün artıq dünyada yaxşı idarəçilik, dövlət xitmətlərinin keyfiyyəti və əlçatanlığı, dövlət idarəçiliyində məmur və vətəndaş ünsiyyətini minimuma endirmək, dövlət idarəçiliyində elektron xidmətlərin tətbiq edilməsi səviyyəsi və dövlət qulluğunda korrupsiya ilə mübarizə xüsusi indikatorlarla qiymətləndirilir və reytinq cədvəlləri tərtib olunur. Belə ki, dünya ölkələrində dövlət idarəçiliyində elektron resursların tətbiqi ilə innovativ metodlara üstünlük verilir, idarəçiliyin təşkilinə xərclənən vəsaitə qənaət edilir. Misal olaraq göstərə bilərik ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) elektron hökumətin inkişafı indeksi üzrə birinci onluğa daxil olan ölkələr sırasında Danimarka, Avstraliya, Koreya Respublikası, İngiltərə, İsveç, Finlandiya, Sinqapur, Yeni Zelandiya və Fransa yer almışdır. Bu ölkələrin əksəriyyəti cəmiyyətin rəqəmsallaşması strategiyasını qəbul edib və aktiv şəkildə yeni müasir texnoloji yenilikləri, blokçeyn, süni intelekt və böyük məlumatlar bazası sistemlərinin tətbiqinə qərar veriblər. Azərbaycanda da hələ müstəqilliyin ilk illərindən dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına yönəlik önəmli addımlar atılıb. Bu sahədə qanunvericilik bazası formalaşdırılıb, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə davamlı həyata keçirilən strategiya nəticəsində ölkə böyük uğurlar əldə edib. Ölkə Prezidentinin imzası ilə müvafiq sərəncamlar, o cümlədən korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi sahəsində 6 strateji sənəd qəbul edilib. Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda "Elektron hökumət”in formalaşması təmin olunub. Dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlayn elektron xidmətlərdən geniş istifadə etməyə başlayıb. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb. Görülmüş işlərin davamı kimi ölkədə "Elektron hökumət”in inkişafı, "rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılması və göstərilməsi üçün dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi üçün və "bulud” texnologiyasının tətbiqi məqsədilə 3 iyun 2019-cu ildə "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında fərman imzalanıb. Bu fərman Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı”nın 2.4.5-ci yarımbəndinin icrası ilə bağlı ərsəyə gəlib. Fərmanla "Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edildi. Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanıldığı, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırıldığı və aparıldığı, beynəlxalq standartlara cavab verən Data mərkəzi isə hökumətin milli məlumat məkanıdır. "Hökumət buludu” dövlət idarəçiliyində İKT-dən, onun verdiyi üstünlüklərdən daha səmərəli istifadə edilməsi, mövcud infrastrukturun idarə edilməsinin təkmilləşdirilməsi, bunun vasitəsilə təmin edilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması baxımından önəmlidir. Qəbul edilmiş Konsepsiya ilə "Elektron hökumət”in (eGov) inkişafına və "rəqəmsal hökumət”ə keçidə təkan veriləcək, dövlət xidmətlərinin yüksək keyfiyyət səviyyəsi təmin ediləcək, istifadəçi məmnuniyyəti artacaq, "açıq məlumatlar”a (Open Data) əsaslanan xidmətlər göstəriləcək, "Süni intellekt”ə (Artificial İntelligence) və robot texnologiyalarına əsaslanan innovativ həllər dəstəklənəcəkdir. Bütün bunlar əlbəttə ki, dövlət idarəçiliyində qabaqcıl və yüksək texnologiyaların tətbiqinə, informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı məsrəflərin qarşısının alınmasına və kadr ehtiyatına tələbatın optimallaşdırılmasına və onların ixtisas səviyyəsinin yüksəlməsinə töhfə verəcəkdir.

Mənbə: "Hökumət buludu” (G-cloud) Konsepsiyası. 3 iyun 2019-cu il.

Bu sistemin tətbiqi vasitəsilə bütün dövlət qurumlarının elektron əlaqəsi təmin ediləcəkdir. Azərbaycanın brendi olan "ASAN xidmət” ilə digər dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin olunması bunun bariz nümunəsidir. "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Bu xidmət mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

3 iyun 2020-ci ildə növbəti "ASAN Həyat” Mərkəzinin açılışında Prezident İlham Əliyev qeyd etmişdir ki, "biz qısa müddət ərzində "ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. "ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. "ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız "ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik”.

16 iyun 2020-ci ildə Prezident İlham Əliyev "Microsoft” şirkətinin vitse-prezidenti və şirkətin digər nümayəndələri ilə keçirdiyi videokonfransda vurğulamışdır ki, hazırda Azərbaycanda Rəqəmsal Transformasiya üzrə Hökumət Strategiyası üzərində işlər aparılır. Bu gün qlobal dünyada yeni risk mədəniyyətinin və blokçeyn texnologiyalarının formalaşdığı dövrdə dövlət idarəçiliyinin yeni metodlar əsasında fəaliyyət göstərməsi zərurəti yaranmışdır.

Müasir dövrün ən qabarıq xüsusiyyətləri qloballaşma və informasiyalaşma ilə bağlıdır. Yeni texnologiyalar insan fəaliyyətinin ən vacib komponenti kimi qəbul olunur. "Elektron demokratiya”, "Kiberokratiya”, "Virtual icma”, "Elektron hökumət” və bu kimi yeniliklər həyatımızın ayrılmaz atributlarına çevrilmişdir. Cəmiyyətin informasiya texnologiyaları sahəsindəki inqilaba əsaslanan, bütün dünyaya yayılan yeni informasiya epoxasına keçidi sosial və iqtisadi strukturların dəyişməsinə də səbəb olub. Sərt iyerarxik sosial "ehramlar”, "şaquli” idarəçilik institutları çevik, "üfüqi” şəbəkələrlə əvəzlənir. Məhz sonuncuların vasitəsilə də hazırda idarəetmə və resurslar mübadiləsi prosesi təşkil olunur. Həyatın demək olar bütün sferaları - gündəlik həyatdan tutmuş milli dövlətlərin geosiyasətinədək hər növ fəaliyyət sahəsi qlobal şəbəkənin informasiya fəzasına transfer olunub. Dünyanı bürümüş CovId-19 infeksiyasının yaratdığı qlobal pandemiya şəraitində bir çox ölkələr öz dövlət aparatının böyüməsini, dövlətin sosial, səhiyyə, nəqliyyat və digər sahələrinin zəif işləməsini, büdcə xərclərinin kəskin şişməsini, buradan irəli gələrək nəzarət imkanlarının məhdud olmasını və korrupsiya hallarının artmasını, bir sözlə, mövcud sistemin ləng işləməsi və dövrün tələblərinə cavab verə bilməməsi kimi "simptomlarla” müşayiət olunan "bürokratik xəstəliyin” təcili olaraq təxirəsalınmaz "müalicəsi” kimi faktlarla üz-üzə qalıblar. Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvabın sözləri ilə desək, müasir dövrün çağırışlarına transformasiyada gecikən dövlətlər gələcəkdə inkişaf tempinə görə digər dövlətlərdən uzun illər geridə qalmaq təhlükəsi ilə üzləşəcəklər. Azərbaycanda bu sahəyə nəzər salsaq görərik ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan nəinki region ölkələrindən, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrindən də öncə bu istiqamətdə əsaslı işlər görmüşdür. Azərbaycanda artıq ağıllı şəhər -”Smart City” layihəsi üzərində işlər aparılır. Növbəti mərhələdə isə "Ağıllı ölkə” proqramı üzərində işlərə başlanacaq, dövlət idarəçiliyndə "Süni intellekt” (Artificial intelligence) kompüter proqramlarının tətbiqi yolları araşdırılr.

Göründüyü kimi, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi siyasi prioritetdir. Buna misal olaraq qeyd edək ki, Azərbaycanda dünyanı bürümüş pandemiya ilə mübarizə gedişində də yeni üsullar tətbiq edilir. 19 iyun 2020-ci il tarixindən Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın Mobil Tətbiqi istifadəyə verilmişdir. "E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək.

Bu gün Prezident İlham Əliyev bu stereotipi qırmağa müvəffəq olub. Hazırda biz dövlət qulluğunun sahələrin rəqəmsallaşması və yeni nəslin, yeni dövrün tələbatlarına uyğun daxildən dəyişməsinin şahidinə çevrilirik: təkcə heyət keyfiyyət baxımından dəyişmir, həm də müasir məmur obrazı transformasiyaya uğrayır. Dövlət orqanlarında yeni fəaliyyət mədəniyyəti formalaşır, rəqəmsal kompetensiyalar inkişaf etdirilir. Bir sözlə, rəqəmsal kadr platformalarına əsaslanan yeni tip dövlət qulluğu qurulur.

Prosesin gedişi ölkə başçısının qeyd etdiyi kimi, dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin rəqəmsallaşdırılması prosesinin gələcəkdə də davam etdiriləcəyini, Azərbaycanın bu sahədə liderlik mövqelərini möhkəmləndirəcəyini və dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacağını əminliklə vurğulamağa əsas verir. Çünki rəqəmsal texnologiyalar növbəti trend deyil, dövlət qulluğunun daimi inkişaf vektorudur.

Rəcəb RƏHİMLİ,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video