02 Sentyabr 2021 00:29
2414
SİYASƏT
A- A+

Rəqəmlərin arxasındakı reallıqlar

 

Dünya artıq neçə vaxtdır rahatsız günlər yaşayır, həm də təkcə yaşamır, “qloballaşma” deyə-deyə qlobal problemlər içərisində çapalayır. Bir tərəfdən iki ilə yaxın meydan sulayan COVID-19, digər tərəfdən təbiətin ona edilən “təcavüz” və müdaxilələrə dözməyib “üzə durması”, başqa bir tərəfdən regional münaqişələr və bu üzdən qarşısıalınmaz qaçqın-köçkün dalğası. Bunların öhdəsindən gəl görüm necə gəlirsən, xüsusən də hələ dünyanı təhdid edən sadalamadığımız neçə-neçə irili-xırdalı problem varsa...

Desək ki, Azərbaycan bu problemlərdən kənardadır, ən azından doğru olmaz. Ölkəmizə də dünyanın bir parçası kimi həmin problemlərin az və ya çox dərəcədə təsirləri var. Götürək elə koronavirus səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi pandemiyanı, daha doğrusu, onun qadağalarını. Bu məcburi qadağalar bütün dünya kimi, ölkəmizin də normal həyat və fəaliyyət ritmini pozmuşdur. Hətta virusa yoluxma dalğasının enməsi səbəbindən qadağaların yumşaldılmasına baxmayaraq, pandemiyadan öncəki normal vəziyyətə dönmək mümkün olmur. Yeni ştamlar üzündən yüksələn yoluxma və ölüm sayları əhalini səksəkədə saxlamaqda davam edir.

Elə bu gün təbiətə münasibətdə bəşəriyyəti ciddi fikirləşməyə, götür-qoy etməyə məcbur edən fəlakət dərəcəsinə çatmış ekoloji problemlərdən də yan deyilik. Düzdür, hələ məsələn, qardaş Türkiyədəki kimi odla su arasında qalmasaq da, artıq bir neçə ildir görünməmiş isti yay günləri yaşayırıq. Normadan çox istilər isə təkcə sağlamlıq üçün əlverişsiz hava şəraiti yox, eyni zamanda əkin-biçinin qənimi olan quraqlıq deməkdir. Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqazdakı təbii su ehtiyatlarının cəmi 10-11 faizinə malikdir, onda quraqlığın ölkəmizin kənd təsərrüfatı üçün hansı problemlər törətdiyini təsəvvür etmək çətin deyil. Bunun üzərinə əhalimizin də təxminən 45 faizinin kənddə yaşadığını, deməli, çörəklərinin torpaqdan çıxdığını gəlsək, bu cür istilərin həm də sosial fəsadları üzə çıxır.

Əfqanıstan hadisələri də son günlər dünyanın əlavə başağrısına çevrilib. ABŞ-ın qoşunlarını bu ölkədən çıxarmağa başlaması ilə “Taliban”ın 20 ildən sonra yenidən hakimiyyətə yiyələnməsi həm Əfqanıstanın daxilində, həm də yaxın və uzaq xaricdə aranı əməlli-başlı qarışdırıb. İndi hamı radikal islamçı kimi ad çıxarmış taliblərin idarəsi altında yaşamaq istəməyib xaricə köç etməyə qərar vermiş yüz minlərlə əfqan qaçqınların yarada biləcəkləri problemlər haqqında fikirləşir. Amma “yüz fikir bir borcu ödəmir” və bu baxımdan hələlik görünən odur ki, “yetimə “can-can” deyən çox olsa da, sahib duran yoxdur”. Yəni potensial Əfqanıstan qaçqınlarına nəinki qapı açmaq istəyirlər, əksinə, regiona yaxın ölkələr sərhədlərini hasarlarla möhkəmləndirirlər. Bu yerdə xatırladaq ki, Əfqanıstan coğrafi cəhətdən Azərbaycandan uzaq görünsə də, əslində belə deyil, aramızda tək İran var. Yəqin ki, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Və nəhayət, bütün bunlardan savayı, Azərbaycan həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, özü də təkcə saxlamadığı, eyni zamanda dağıdıb taladığı, viran qoyduğu əraziləri dirçəltməli, başdan-ayağa yenidən qurmalıdır. İşğaldan azad olmuş ərazilərimizsə kiçik deyil. Təsəvvür edin, təkcə kiçik rayon sayılan Cəbrayılın 80-dən çox kəndi var, daha doğrusu, var idi. Biz hələ əhalisi işğaldan əvvəl 200 minə yaxınlaşan Ağdamı, Füzulini, ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcəri, Laçını demirik. Bəs Şuşa? Təkcə Azərbaycanın yox, bütün Qafqazın incisi olan bu şəhər işğal zamanı digər rayon mərkəzlərimiz qədər dağıntıya məruz qalmasa da, yadellilərin nəfəslərindən və sifətlərindən solmuş çiçəyə bənzəyirdi. Bənzəyirdi ona görə ki, 2020-ci il noyabrın 8-dən sonra Şuşa çiçək kimi yenidən açmağa başlayıb.   

Bunlar yalnız Azərbaycana birbaşa, yaxud dolayısı dəxli olan gördüyümüz və bildiklərimizdir. Görün hələ görmədiklərimiz və bilmədiklərimiz nə qədərdir. Kim fikirləşirsə ki, onlardan baş çıxarmaq, ölkəni, dövlət maraqlarını mövcud və gözlənilən təhlükələrdən qorumaq, real və potensial, aşkar və gizli düşmənləri tərk-silah etmək və bütün bunlarla birlikdə həm də məlum səbəblərdən inkişafı relsdən çıxmış dünyada sosial-iqtisadi cəhətdən ayaqda qalmaq asandır, deməli, o, ən azından qərəz mərəzinə yoluxub. Necə ki, təxminən bir il öncə hasilatı tonlara, tonları barellərə vurub neft pullarını hesablayanlar Azərbaycanın bahalı “məşğuliyyət” sayılan müharibə şəraitində olduğunu unudurdular, indi də  həmin o qərəz mərəzinə tutulmuşlar nə reallığı dərk edirlər, nə də burunlarından uzağı görürlər.

Dərk etmirlər və görmürlər ki, bütün sadaladığımız və sadalamadığımız böyüklü-kiçikli problemlərin fonunda Azərbaycan əksər sahələr üzrə inkişaf edir, qarşıya qoyulan hədəfləri vaxtında və yüksək səviyyədə reallaşdırır, xüsusən sosial və infrastruktur layihələrinin heç birini təxirə salmır.

Dövlət Statistika Komitəsinin (DSK) cari ilin 7 ayı üzrə son hesabatına nəzər salaq: həmin dövrdə ölkə üzrə 47,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 2,7 faiz çoxdur. Bəziləri deyə bilər ki, bu artım dünya birjasında neftin bahalaşması hesabına olmuşdur. Amma belələrinin nəzərinə çatdırırıq ki, hesabat dövründə ölkə üzrə neft hasilatı 2,3, ümumilikdə neft-qaz sektorunda ÜDM istehsalı 3,1 faiz azalmışdır. Bu isə o deməkdir ki, əlavə dəyər istehsalının mənbəyi başqadır, yəni qeyri-neft sektorudur. DSK-nın hesabatına əsasən, yanvar-iyul aylarında iqtisadiyyatın qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 5,3 faiz artmışdır. Artım o cümlədən qeyri-neft-qaz sənaye məhsullarının istehsalında qeydə alınmışdır, özü də nə az, nə çox - 16,4 faiz. Hesabat dövründə Azərbaycanın emal sektorunda istehsalın qida məhsulları üzrə 6,8, tikinti materialları üzrə 46,7, metallurgiya sənayesi məhsulları üzrə 14,5, elektrik avadanlıqları üzrə 46,7, toxuculuq məhsulları üzrə 56,4, əczaçılıq məhsulları üzrə 88,3 faiz, kompüter, elektron və optik məhsulları üzrə isə 2,6 dəfə artması sıradan rəqəmlər deyil. Çünki həmin rəqəmlərin aid olduğu sahələrin hamısı qeyri-neft-qaz  sektorudur. Nəzərə alsaq ki, qeydlərimizi rəqəmlərlə yükləmək istəmədiyimizdən istehsalı artmış bütün məhsulları qeyd etməmişik, onda Azərbaycan iqtisadiyyatında həqiqətən neftin arxa plana keçdiyini deyə bilərik. Bu qənaətimizi həm də yanvar-iyul aylarında ölkənin qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin (3 milyard 938,2 milyon manat) neft-qaz sektoruna ayrılan vəsaitdən (3 milyard 121,1 milyon manat) çox olması təsdiqləyir. Lakin bu da hamısı deyil. DSK-nın məlumatına əsasən, ilin əvvəlindən ötən 6 ay ərzində Azərbaycan 1,1 milyard manatlıqdan artıq qeyri-neft məhsulları ixrac etmişdir ki, bu da keçən ilin eyni dövründəkindən faktiki qiymətlərlə 27,4, real ifadədə 14 faiz çoxdur.

Etiraf edirik: ola bilsin ki, qeyd etdiyimiz rəqəmlər sadə oxucuya quru statistika kimi görünsün. Amma məsələ bundadır ki, həmin quru rəqəmlərin arxasında bizim bu gün həm paytaxtda, həm də regionlarda gördüyümüz abadlıq, istifadə etdiyimiz müasir yollar, vaxt tapıb dincəldiyimiz yaraşıqlı park və xiyabanlar, iş üçün müraciət etdiyimiz müəssisələr, aqro və texnoparklar, sənaye məhəllələri, istirahət etdiyimiz turizm obyektləri, müalicə aldığımız müasir standartlara cavab verən tibb müəssisələri, sanatoriyalar, sağlamlığımızı qorumaq üçün üz tutduğumuz idman qurğuları və s. dayanır.

Hələ işğaldan azad olunmuş ərazilərimizdə görülən işləri yazmırıq. Yazmırıq ki, savaş qələbəmizlə sona çatan andan həmin ərazidə tank, top və artilleriyanın gurultusunu ekskavatorların, yük maşınlarının, asfaltdöşəyən və s. texnikaların səsi əvəz edib. Dünən ağılsız erməni işğalçılarının viran qoyduğu yaşayış məntəqələrimiz bu gün “ağıllı” kənd və şəhərlərə çevrilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkilən Zəfər yolunun istifadəyə verilməsinə çox qalmayıb. Yadımızdadır, həmin yolun çəkilib tamamlanacağına ermənilər inanmırdılar. İnanmırdılar ki, Azərbaycan bu cür çətin relyefdə yol çəkə bilsin. Ancaq onlar növbəti dəfə bizim gücümüzə və imkanımıza münasibətdə yanıldıqlarını etiraf etməli oldular. Niyə də etiraf etməsinlər ki, biz nəinki Zəfər yolunun çəkilişini tamamlamaq üzrəyik, həmçinin Qarabağ və Şərqi Zəngəzurda 3 aeroport tikirik, Kəlbəcər və Laçın istiqamətində dağları yarıb tunellər inşa edirik.

Və bütün bu işlərə birbaşa dövlət başçısının özü nəzarət edir. Özü də təkcə nəzarət yox, həmçinin idarə edir, Vətən savaşında olduğu kimi - qətiyyət, ardıcıllıq və səriştə ilə. Müharibədən sonra bəlkə də elə ay olmayıb ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər və bu səfərlər çərçivəsində zəruri obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etməsin.

Həmin ziyarətlərin digər mühüm əhəmiyyəti də dövlət başçısının hər səfər zamanı region ölkələrin, xüsusən Ermənistanın ən azından gündəmini dəyişən bəyanatlar verməsidir. Bəli, bu, həqiqətdir və ona heç kimin şübhəsi olmasın. Çünki həmin bəyanatların ünvanlandığı dövlətlər və ya şəxslər onların kimin dilindən səsləndiyini yaxşı bilirlər və dəfələrlə şahidi olublar ki, İlham Əliyev heç bir sözü boş yerə demir, onun hər sözünün arxasında konkret məqsəd və əməl durur.

 

Raqif MƏMMƏDLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video