15 Avqust 2021 02:24
1427
Mədəniyyət
A- A+

Rənglər dünyasının adamı

 

Məşhur filosofların nəzəriyyəsinə inansaq, insan əzab çəkmək üçün doğulur... Ömrün xoş günləri qədər bir-birini izləyən narahat anları da sona qədər bitib-tükənmir. Amma çəkdiyi əzabların qarşılığında insana təbiət bəzən elə bir sərvət bəxş edir ki, düşünürsən, təkcə elə buna görə dünyaya gəlib sonsuz əziyyətlərə qatlaşmağa dəyər...

Bu bəxşişlərdən ən qiymətlisinin adı istedaddır.

Stalin repressiyasının anadan, atadan ayrı saldığı bir gəncin 20 illik mənəvi iztirablarını, həsrətini bir anlıq təsəvvür etsək görərik ki, anası Səmərqənddə sürgündə, atası isə şaxtası iliklərə işləyən uzaq Sibir çöllərində əzab-əziyyət, zillət çəkir. Körpələrsə, Bakıda sıxıntılar, məhrumiyyətlər içində, demək olar ki, taleyin ümidində böyüyürlər.

Amma o 11 yaşlı yeniyetmə yenə də ümidini itirmir. Əlindəki fırçadan, təxəyyülündəki rənglər dünyasından güc alıb bütün varlığı ilə həyata bağlanır. Yaşamaq və yaratmaq uğrunda mübarizə aparır. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə məktəbi başa vurub Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil almağa başlayır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənir. Və böyük sərgi salonlarında asılmış ecazkar tabloların küncündən ulduz kimi parlayan bu imzanı tezliklə bütün dünya tanımağa başlayır: Toğrul Nərimanbəyov.

Bu imzanın işığı ilə əsrarəngiz bir aləmə açılan qapı yaşadığı bütün ağrı-acıların müqabilində həyatın ona ən gözəl hədiyyəsi olur.

 

Ayrılığın sonu

 

İnsanın yaradıcılıq həyatına, sənət yoluna doğulduğu ailənin böyük təsirinin olduğunu söyləyənlər müəyyən mənada haqlıdırlar. Bunu Toğrul Nərimanbəyov nümunəsində də görürük.

O, 1930-cu ilin avqustunda Bakıda dünyaya gəlib. Atası Fərman Şuşada anadan olub. İlk təhsilini aldıqdan sonra o, Fransanın Tuluza Universitetində mühəndis-elektrik ixtisasına yiyələnmiş ziyalı idi. Təhsil müddətində fransız dilini mükəmməl öyrənmişdi. Avropa mədəni dəyərlərini mənimsəmişdi. Elə ailə qurduğu qız da İrma Lya Rude adlı fransız modelyer idi.

Fərman təhsilini başa vurandan sonra onlar Bakıya köçüb bu şəhərdə yaşamağa başlamışdılar. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından formalaşan maraqlarına, təbii ki, təsirsiz ötüşmürdü.

Əfsus ki, atalı-analı günlərin ömrü çox qısa çəkdi.

1930-cu illərin repressiya dalğası Avropada təhsil almış bir çox ziyalılarımız kimi Toğrulun atasından da yan keçmədi. Onu həbs edib Sibirə sürgünə göndərdilər. 1941-ci ildə isə anası İrma Lya Rude də həbs olundu. Hərçənd ki, o, hələ Fransa vətəndaşlığında qalırdı. Ana Səmərqənddə 1961-ci ilədək sürgün həyatı yaşamalı olur. Uzun ayrılıqdan sonra Toğrul artıq xeyli yaşlanmış anası ilə bir də tələbəlik illərində görüşə bilir. Onun müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətləri sayəsində bir müddətdən sonra anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur. Tezliklə atası Fərman Nərimanbəyov da amnistiyaya düşərək Sibir sürgünündən Vətənə dönür.

 

Sənət zirvələrində

 

Toğrul Nərimanbəyovun rəssam kimi yaradıcı istedadı hələ Vilnüsdə oxuduğu illərdən parlamağa başlamışdı. O, monumental rəssamlıq üzrə təhsil alırdı. Bu sahədəki hüdudsuz yaradıcı imkanlar onu novatorluğa həvəsləndirirdi. Gənc rəssam işlədiyi mövzuların bədii həllinə başqa prizmalardan yanaşaraq tədricən öz fərdi üslubunu formalaşdırırdı.

Bu uğurların əldə olunmasında sonralar da həmişə böyük sevgi və rəğbət hissi ilə xatırladığı müəllimi, məşhur litvalı rəssam Yuozas Mikenasın böyük rolu olmuşdu. Beləliklə, həm fitri qabiliyyəti, həm müəllimlərinin köməyi, həm də özünün fədakar əməyi sayəsində o, yaradıcı həyatının ilk mərhələlərindən sənətin ən yüksək zirvələrini fəth edə bildi. Ötən əsrin 50-ci illərindən, hələ tələbə ikən əsərləri bir çox yerli və beynəlxalq sərgilərdə nümayiş etdirildi. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olundu. 1964-cü ildə Azərbaycanın Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görüldü. 1974-cü ildə Azərbaycanın, 1980-ci ildə keçmiş SSRİ-nin dövlət mükafatları ilə təltif olundu. 1989-cu ildə SSRİ-nin Xalq rəssamı adını aldı. Yada salaq ki, sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından yalnız üç nəfəri ovaxtkı ən yüksək fəxri ad sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə Toğrul Nərimanbəyov idi. O, Fransa Müasir İncəsənət Ensiklopediyasında da haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

 

Nadir mədəniyyət incilərimiz

 

Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Uzun illər Amerikada, Lüksemburqda, Fransada yaşayıb. Bununla belə, bütün yaradıcılığı boyu yenə də öz əsərlərində Azərbaycan gerçəkliyinin yaddaqalan “bədii aynası”nı

yaradıb.

Dəfələrlə Azərbaycanda və müxtəlif xarici ölkələrdə - Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ və digər ölkələrdə onun fərdi sərgiləri keçirilib. Bu gün də dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun əsərləri saxlanılır.

Görkəmli rəssamın əsərlərinə nəzər yetirərkən, onun mövzu dairəsinin çox geniş olduğunu görürük. O, mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrə müraciət edib. Bu əsərlərin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənir. Onları birləşdirən əsas cəhət isə Toğrul Nərimanbəyovun özünəməxsus üslubudur. Çəkdiyi hər əsər rəssamın təxəyyül dünyasının dərinliklərindən gəlir. Bu dünyanı zəngin və bənzərsiz lövhələrlə təcəssüm etdirərək Azərbaycanın müasir təsviri sənətinin simasını formalaşdırır. Mədəniyyətimizin nadir inciləri xəzinəsində layiqli yer tutur.

Elə buna görə də Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənət tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri sayılır. İncəsənət xadimləri, mütəxəssislər haqlı olaraq onun yaradıcılığını daha bir görkəmli sənətkarımız Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Mirzə Cəlil doğma yurdumuzun özəlliklərini, milli xüsusiyyətlərimizi, ruhumuzun etnoqrafik çalarlarını sözlərlə, dilin tükənməz enerjisi ilə çatdırdığı kimi, Toğrul Nərimanbəyov da rənglərin dili ilə tərənnüm edir. Azərbaycanın gözəlliklərini əlvan boyalarla dünyada tanıdır, bizi başqalarına sevdirir.

 

Çərçivələri aşan sənətkar

 

Azərbaycan təbiətinin gözəllikləri, həyatımızın özünəməxsusluqları onun əsərlərində dünyanı dolaşır. Toğrul Nərimanbəyovu bütün dünyada qəribə və qeyri-adi yaradıcılıq üslubuna görə sevir, əsərlərini yüksək dəyərləndirirlər. Obrazların bolluğu və monumentallığı, kompozisiyanın dolğunluğu, bədii şərti dekorativliyə meyil, zəngin kolorit, personajların ustalıqla bilərəkdən qeyri-mütənasib işlənməsi, eləcə də perspektivin həllində çox zaman predmetlərə çoxbucaqlı baxış istiqamətinin seçilməsi onun fərdi üslubunun əsas səciyyəvi əlamətləridir. Ona görə də yaradıcılıq proseslərini müəyyən qədər izləyən, təsviri incəsənətdən anlayışı olan hər kəs rəssamın əsərləri ilə rastlaşan kimi, hətta imzası olmasa belə, bu üslubun məhz Toğrul Nərimanbəyov fırçasına aid olduğunu bilir.

O, fırça və boyalarla çox sərbəst davranmağı sevən sənətkarlardan idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş kanonlara qarşı çıxır. Məlum bədii çərçivələri qırıb atır. Amma bunu da kor-koranə şəkildə yox, böyük ustalıqla edir. Sərbəst davranışların məharətli şəkildə yaratdığı incilərlə rəğbət oyadır.

 

Torpaq ətirli əsərlər

 

Bütün böyük sənətkarlar kimi Toğrul Nərimanbəyovun yaradıcılığı da bir neçə dövrə bölünür. “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqa belə əsərləri onun yaradıcılığının ilkin dövrlərinə aiddir. Bu əsərlərin mövzu dairəsinin zənginliyi rəssamın yaradıcı axtarışlarından xəbər verir. Adıçəkilən əsərləri onu uğur zirvəsinə aparan böyük sənət yolunun xoş başlanğıcıdır.

Yaradıcılığının növbəti dönəmlərində rəssamın sənətin ayrı-ayrı sahələrində özünə yaxın bildiyi dostlarına həsr edilmiş əsərləri ilə də rastlaşırıq. “Şair Fikrət Qoca”, “Rəssamın ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”, “Ana” və s. kimi canlı obrazlar buna nümunədir.

Bu sırada “Səttar Bəhlulzadə” obrazı xüsusilə diqqəti çəkir. Toğrul Nərimanbəyov unudulmaz rəssam həmkarı ilə yaxın dost idi. Səttar Bəhlulzadənin mənəvi dünyasına onun qədər yaxından bələd olan sənətkar çətin tapılardı. Bu dostluq münasibətlərindən, ruh yaxınlığından qalan yadigarlar isə dahiyanə ustalıqla işlənmiş bir neçə sənət əsəridir.

Toğrul Nərimanbəyovun Səttar Bəhlulzadəyə həsr etdiyi əsərlərinin birində dahi rəssam öz çılğınlığı, çərçivələrə sığmazlığı, uzun, quru barmaqları arasından əskik olmayan papirosunun tüstüsü ilə kompozisiyanın mərkəzindən boylanır. O, dərin fikirlər içində sanki təxəyyülündəki hansısa yeni bir əsər haqqında düşüncələrə təslim olur. Ustalıqla işlənmiş əsərin kolorit həlli obraza yüksək canlılıq bəxş edir və Səttar Bəhlulzadənin daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açıb göstərir.

Səttar Bəhlulzadə onun yaradıcılığını çox yüksək qiymətləndirir və deyirdi: “Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir...”

Həqiqətən, Toğrul Nərimanbəyovun yaradıcılığında Bakı mənzərələri, Azərbaycanın ayrı-ayrı regionlarının özünəməxsusluqları xüsusi yer tutur. “Doğma şəhər”, “Bakı”, “Qədim Naxçıvanın panoramı”, “Göyçay bağlarında”, “Dağların mahnısı” və s. mənzərələrində o, Azərbaycan təbiətinin zənginliklərini, bu yurdun bərəkətini tərənnüm edirdi.

 

Sevginin rəsmi

 

“Qədim Naxçıvanın panoramı” əsəri tarixilik və müasirliyin vəhdəti baxımından xüsusilə səciyyəvidir. Rəsm əsərində dəvə karvanı ilə hərəkət edən sarvanın təsviri verilir. Tamaşaçı burada əsrarəngiz Şərq dünyasının “nağıllar aləmi”nə düşür. Əsərin fonunda təsvir edilmiş qədim Şərq memarlığı üslubunda binalar bu aləmin ecazkarlığını daha da gücləndirir. Buludlara toxunan uca dağ zirvələri Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri göz önündə canlandırır. Adam əsərə tamaşa etdikcə bu yurdun havasını, suyunu, ləziz nemətlərinin tamını ruhunda hiss edə bilir. Təsadüfi deyil ki, sənətşünaslar haqlı olaraq bu əsərlə Soltan Hacıbəyovun yaratdığı “Karvan” süitası arasında bədii-fəlsəfi, estetik paralellər aparırlar.

Toğrul Nərimanbəyovun “Emalatxanada”, “Kafedə”, “Qız qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. bu kimi əsərləri də onun istedadının, yaradıcı zəhmətinin ucalığında qərarlaşan sənət inciləridir.

Rəssamın yaradıcılığında natürmort janrının öz yeri var. Onun əsərlərində bu janrın sərhədləri, ölçüləri daha da böyüyür, yeni bir məzmun kəsb etməyə başlayır. Bu da bəlkə onunla bağlıdır ki, Toğrul Nərimanbəyov çəkdiyi müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini və xüsusən də cənnət meyvəsi olan narı natürmortlarında fırçadan çox qəlbinin sevgisi ilə əks etdirir. Onları dünyaya bu sevginin işığında, rəngində təqdim edir. Ona görə rəssamın natürmortları da xoş duyğular yaradır, adamı sehrli bir aləmə çəkib aparır. Toğrul Nərimanbəyovun yaratdığı “Natürmort. Narlar”, “Narlar”, “Natürmort. Nar ağacı” və başqa belə əsərlərində nar Azərbaycanın milli simvolu kimi dünyanı dolaşır.

Görkəmli rəssamın Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının foyesində divarboyu yaratdığı nəhəng tablolarda da onun yaradıcılıq qüdrətinin misilsizliyi nəqş olunub.

 

Rənglərin səsi

 

Toğrul Nərimanbəyov rəssamlıqla yanaşı, musiqi ilə də məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.

Müsahibələrində deyirdi ki, özünü dərk edəndən musiqi ilə maraqlanır, oxumağı çox xoşlayır, bəzən hətta oxuya-oxuya işləyir: “Mənə belə gəlir ki, rəssam kimi yetişə bilməsəydim, vokalçı olardım...”, - deyirdi. Onun rəsm əsərlərindəki harmoniya, rənglərin ahəngi bəlkə də Toğrul Nərimanbəyovun həmin əsərlər üzərində işləyərkən oxuduğu musiqi parçalarının təsirindəndir.

Bir müsahibəsində isə o, muğamla bağlı fikirlərini bildirmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır”. Bu hiss onun “Muğam”, “Musiqiçilər” adlı əsərlərində öz ifadəsini tapıb. Bu əsərlərə tamaşa edərkən onların adi rəssamın yox, muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətə dərindən bələd bir sənətkarın fırçasından çıxdığını dərhal duya bilirsən. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif vəziyyətlərdə təsviri, xüsusilə xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi tamaşaçını sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur, bu rəsmlərdən elə bil muğam sədasını eşidirsən.

 

Bənzərsizlik axtarışında

 

Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdi. Ulu Öndər Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. Onun 1998-ci ildə təşkil edilmiş vokal konsertində də Heydər Əliyev şəxsən iştirak etmiş, rəssamla görüşərək yaradıcılığı barədə xoş təəssüratlarını söyləmişdi.

2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dahi rəssam “Şərəf” ordeni ilə mükafatlandırılmışdı. Eyni zamanda Prezidentin müvafiq sərəncamı ilə onun yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. Tək Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da yubiley tədbirləri keçirilmişdi. Bütün bunlar əsərləri ilə tərənnüm etdiyi doğma Vətəndə və dünyada onun ölməz sənətinə, şəxsiyyətinə dərin ehtiramın ifadəsidir.

Özü deyərdi: “Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki olmadı, sənət öldü... Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq”.

2013-cü ilin 2 iyun günü bu böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.

Nə qədər ki Azərbaycan var, nə qədər ki əsərləri yaşayır, Toğrul Nərimanbəyov da var olacaq, yaradıcılığının ən yüksək ucalıqlarından zəngin mənəvi dünyaya işıq saçacaqdır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video