05:15 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Regionlarda yeni məktəb binaları tikilir

ANA SƏHİFƏ / TƏHSIL
00:56 19.09.2021

 

Azərbaycan torpaqlarının 30 illik erməni işğalında olması, iki ilə yaxın davam edən COVID-19 pandemiyası ölkəmizin təhsil sisteminə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin sosialyönümlü sərəncamlarının icrası çərçivəsində, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən respublikamızda məktəb tikintisi uğurla davam etdirilib.

Dövlət başçısının bəyan etdiyi kimi, son illər təhsil ocaqlarının inşası sahəsində böyük işlər görülüb, maddi-texniki baza gücləndirilib. 3500-dən çox məktəb yenidən tikilib, əsaslı təmir edilib: “Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”.

Hazırda respublikamızın hər yerində məktəb binalarının tikintisi uğurla davam etdirilir. Onlardan bir neçəsini nümunə göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Sündü kəndində Ş.Şikarov adına tam orta məktəb üçün yeni bina inşa edilir. İkimərtəbəli bina 360 şagird yerlikdir. Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq. Artıq binada hörgü işləri başa çatıb, son tamamlama işləri gedir.

Ağsu rayonunun iri yaşayış məntəqələrindən olan Ərəbuşağı kəndində də tam orta məktəb üçün yeni bina inşa olunur. Tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə inşa edilir. Zirzəmi və iki mərtəbədən ibarət olan bina 360 şagird yerlikdir. Burada da təhsilin müasir tələblər səviyyəsində aparılması üçün bütün lazımi şərait yaradılacaq. İstilik sistemi ilə təchiz ediləcək tədris ocağında 30-dək sinif otağı, xüsusi avadanlıqlarla təmin edilən laboratoriyalar, qış idman zalı fəaliyyət göstərəcək. Həyətyanı sahədə futbol, voleybol meydançaları, habelə müxtəlif idman avadanlıqlarından ibarət meydança qurulacaq. 3996 kvadratmetr ərazisi olan tədris ocağının tikintiyə və idman meydançasına aid olmayan sahəsində park salınacaq. Bu da ərazinin, demək olar ki, yarısını əhatə edəcək. Parkın su təchizatı üçün artezian quyusunun qazılması da nəzərdə tutulub. Hazırda işlər sürətlə davam etdirilir. Tədris ocağı cari ilin sonunadək başa çatdırılacaqdır.

İsmayıllı rayonunun Sumağallı kəndində 42 ildən artıq istifadədə olan, son illər çoxlu şagird sıxlığı ilə üzləşən məktəb binası həm də istismara yararsız olduğundan Təhsil Nazirliyinin sifarişi ilə burada müasir standartlara cavab verən yeni orta məktəb binası tikilir. Layihəyə əsasən, məktəbdə təhsilin yüksək səviyyədə təşkili məqsədilə bütün lazımi şərait yaradılacaq. 264 şagird yerlik ikimərtəbəli binada 14 sinif otağı, fənn kabinetləri, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana olacaq. Habelə idmanın müxtəlif növləri üzrə açıq meydançalar qurulacaq. Kənd məktəbi üçün təzə binanın inşasına ötən ilin noyabr ayından başlanılıb. Binanın bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Lənkəran rayonunun ucqar dağlıq ərazisində yerləşən Gəgiran kənd tam orta məktəbi üçün tikilmiş 264 yerlik yeni tədris binası isə artıq istifadəyə verilib.

Respublikamızda ənənəvi məktəb binalarının tikintisi ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da sürətlə davam etdirilir. Beləliklə, dövlət başçısının göstərişinə uyğun olaraq, regionlarda modul tipli məktəblərin quraşdırılması sürətləndirilir. Ölkəmizin şimal bölgəsində, ucqar ərazilərdə, xüsusilə dağ kəndlərində modul tipli məktəblərin tikintisi layihəsi yaxın iki il ərzində başa çatdırılmalıdır.

Ölkəmizin şimal bölgəsində Quba rayonunun Kunxırt kəndində 20 şagird yerlik yeni modul tipli məktəb artıq quraşdırılıb. Sakinlərin və təhsil ekspertlərinin fikri nəzərə alınmaqla, 1968-ci ildən istismarda olan məktəb binası tamamilə yararsız və istifadəsiz hala düşdüyündən quraşdırılmış modul tipli tədris ocağı yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Dörd sinif, müəllimlər otağı və yeməkxanadan ibarət olan məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Yeni məktəbdə ibtidai siniflərin şagirdləri təhsil alacaq. Ümumilikdə, Qubada 24 modul tipli məktəb var ki, bunlardan 8-i ötən il quraşdırılıb.

Qubanın Birinci Nügədi kəndindəki 792 şagird yerlik məktəb binası istismara tam hazırdır, Zərdabi qəsəbəsində isə 850 yerlik təhsil ocağının inşası davam etdirilir. Yaxın günlərdə rayonun Digah kəndində 350 şagird yerlik müasir tipli yeni məktəb binasının tikintisinə başlanılacaq.

Bərdə rayon Məşədiibişli kənd ibtidai məktəbi üçün də yeni modul tipli bina quraşdırılıb. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 8 avqust tarixli sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.

20 şagird yerlik məktəb binası 5 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəb lazımi inventar və avadanlıqlarla tam təmin edilib. Həyəti abadlaşdırılıb, səkilərə və meydançaya asfalt döşənib.

Məlumat üçün bildirək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

İctimaiyyəti məmnun edən həm də odur ki, cari ildən işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə start veriləcəyi bildirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi çərçivəsində müasir tipli ümumtəhsil ocağının tikintisinə başlanmışdır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM