11 Aprel 2021 00:33
800
SİYASƏT
A- A+

Qürur doğuran 3 il

 

Azərbaycanda yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulduğu son prezident seçkilərindən 3 il ötür. Bu seçki ilk növbədə bəlli həqiqətə yeni işıq salaraq göstərdi ki, İlham Əliyev öz xalqının yüksək etimadına malikdir. Seçkidə iştirak edən vətəndaşların 86 faizindən çoxunun öz səsini məhz İlham Əliyevə verməsi təsdiq etdi ki, Azərbaycan xalqı respublikamızın yüksəlişinə və qüdrətlənməsinə aparan siyasi xətti birmənalı dəstəkləyir.

Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on beş il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurların nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu. Seçkilərin nəticəsi göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad bəsləyir. Bu etimad həm də perspektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına olan inamın təcəssümü idi.

Bütövlükdə, bu seçim Azərbaycanın yüksəlişinə xidmət edən ümumxalq qərarı idi.  2018-ci il aprelin 11-də seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab İlham Əliyev də xalqımızın bu seçkilərdə sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdiyini dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Prezident seçkilərinin nəticəsi həm də cəmiyyətin mövcud siyasi kursu gələcək uğurların mühüm şərti olaraq qəbul etməsi idi. Yəni Prezident İlham Əliyevin qələbəsi  qarşıdan gələn 7 ildə 15 il ərzində başlanılmış işlərin yeni keyfiyyət mərhələsində davam etdirilməsi, Azərbaycanın nailiyyətlərinin daha da artması demək idi. Bu baxımdan beynəlxalq miqyasda davam edən iqtisadi çətinliklərə, o cümlədən koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq dövlət olaraq bu 3 ildə olduqca mühüm uğurlara imza atmışıq. Bu qısa zaman kəsiyində həyata  keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradıb. Müxtəlif sahələrdə başladılan yeni islahatlar son nəticədə dövlət-vətəndaş münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoymasına yol açıb, sosial rifahın yüksəlməsinə xidmət edib. Ən mühüm nailiyyətlərimiz sırasında qlobal layihələrin işə salınması, Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi,  üçüncü peykimizin kosmosa göndərilməsi kimi məsələlər xüsusi yer tutur.

İlham Əliyevi xalqa sevdirən cəhətlər dövlət başçısının daim xalqın yanında olması, verdiyi bütün vədləri yerinə yetirməsidir. Yeganə ağrılı problemimiz  torpaqlarımızın işğal altında olması idi. Lakin möhtərəm Prezident hər zaman bəyan edirdi ki, Azərbaycan Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, işğal altında olan torpaqlarımız mütləq azad ediləcək.  2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Zəfər bir daha İlham Əliyevin vədinə sadiq, öz fəaliyyətini dövlətə və xalqa xidmət məramı üzərində quran lider olduğunu sübuta yetirdi.

Vətən müharibəsində qazanılan Qələbə İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətinin uğurlu nəticəsi idi. Belə ki, bu illərdə cənab Prezidentin atdığı addımlar, həyata keçirdiyi genişmiqyaslı tədbirlər torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş kompleks siyasətdən xəbər verir. Ermənistanın məğlubiyyəti, torpaqlarımızın azad edilməsi ilə nəticələnən bu müharibə həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbərinin ətrafında sıx birləşməsinin nümayişi oldu.  Bu Qələbə göstərdi ki, ötən  ildə müxtəlif uğurlarla yanaşı, İlham Əliyevin liderliyi ilə dövlətçilik tariximizi şərəfləndirən qələbələrə də imza atılıb.

Ötən 3 ilin yekunları  pozitiv və qürurdoğuran notlarla, hadisələrlə zəngindir. Qarşıda duran hədəflərə  doğru gedilən yolda Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət sistemli, ardıcıl və məqsədyönlüdür. Ən əsası bu siyasət hər addımda dövlətə və xalqa xidmət missiyasını daşıyır. Qarşıda isə bizi yeni qələbələr, o cümlədən Qarabağın dirçəlişi gözləyir. Azad edilmiş bütün torpaqlarımız qısa müddətdə yenidən qurulacaq və xalqımız İlham Əliyevin rəhbərliyi və öndərliyi ilə yeni uğurlara imza atacaq.

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video