26 Iyun 2021 01:29
2943
SİYASƏT
A- A+

Qüdrətli sərkərdə

 

İyunun 26-sı Vətən müharibəsində düşmənin başını əzən, torpaqlarımızı azad edən Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür. Xalq Cümhuriyyəti dövründə “Əlahiddə Azərbaycan korpusu”nun yaradıldığı bu tarix Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla artıq 23 ildir ki, Silahlı Qüvvələr Günü kimi təntənəli şəkildə qeyd olunur.

 

Heydər Əliyevin yaratdığı ordu

 

Ordu dövlətin əsas təhlükəsizlik sütunlarından biridir. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində cəbhədə məruz qaldığımız uğursuzluğun əsas səbəblərindən biri də ordu ilə bağlı problemlər idi. O illərdə Azərbaycana rəhbərlik edənlərin qətiyyətsiz və səriştəsiz olması səbəbindən ordu quruculuğu sahəsində də çox ciddi boşluqlar var idi ki, bunun da nəticəsində Ermənistanla aparılan müharibədə respublikamızın etibarlı müdafiəsini təmin etmək mümkün olmadı. Ayrı-ayrı şəxslərin və partiyaların nəzarətində olan silahlı dəstələr yalnız onların hakimiyyət uğrunda çəkişmələrdə maraqlarının təmin olunmasına xidmət edirdi. Elə buna görə də cəbhədə milli xəyanətlər baş verdi, Şuşa və Laçın işğal edildi.

Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu baxımdan müasir, mütəşəkkil ordunun yaradılması hələ 28 il əvvəl Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində müxtəlif təyinatlı hərbi birləşmələr yaradıldı. Ordunun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi tezliklə cəbhə xəttindəki vəziyyətdə özünü göstərdi. Cəbhəbə döyüş əməliyyatlarının vahid komandanlıq əsasında hazırlanaraq həyata keçirilməsi 1994-cü ildə öz bəhrəsini verməyə başladı.

Bu vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi.

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

 

Döyüş imkanları ən müasir səviyyəyə çatdırıldı

 

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bütün bunları xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin hər zaman qarşıya qoyduğu vəzifələrdən biri ordumuzun döyüş imkanlarının artırılması olub. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən illərdə Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti ilə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.

Azərbaycan ictimaiyyəti Silahlı Qüvvələrimizin artan gücünü əvvəlki vaxtlarda hərbi paradlarda və təlimlərdə görmüşdü. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında əzici gücünü praktik təsdiq etmişdi. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib olmuşdu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

2020-ci ilin iyul ayında isə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatın qarşısı silahlı qüvvələrimizin bölmələri tərəfindən rəşadətlə alındı. Düşmən əks-həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən hiss etdi, döyüş meydanında çoxsaylı itki verərək geri çəkilməyə məcbur oldu. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin müqayisəolunmaz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması növbəti dəfə öz təsdiqini tapdı.

Bütün bunlar təsdiq edirdi ki, Dağlıq Qarabağda yenidən hərbi əməliyyatlar başlasa, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı ildırım sürəti ilə azad edəcək.

 

Tariximizin şanlı Zəfəri

 

Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-hərbi əməliyyatlara başlamasına səbəb oldu. 44 gün davam edən və tariximizə Vətən müharibəsi kimi həkk olunan bu savaş Azərbaycan ictimaiyyətinin torpaqlarımızın azad olunması ilə bağlı gözləntilərini reallığa çevirdi. Cəbhənin elə bir istiqaməti olmadı ki, qoşunlarımız hücumda ləngisinlər. Elə bir cəbhə xətti olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın.

Noyabrın 10-da rəsmiləşən tariximizin şanlı Zəfərini Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Onlar döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.

Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Ümumiyyətlə, hərbi əməliyyatların strateji və taktiki planlaşdırılmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. Eyni zamanda İkinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan da tarixə düşdü. Hansı ki, bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanırlar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə İlham Əliyevin xüsusi diqqəti sayəsində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ən böyük uğurlarından biri məhz Azərbaycan Ordusunu mükəmməl hərbi gücə çevirməsidir.

Bu qələbə göstərdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu ordumuz onun arzu etdiyi kimi inkişaf edib, qüdrətlənib, regionun hərbi gücünə çevrilib. Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev onu dünyanın ən güclüləri sırasına çıxartdı. Vətən müharibəsində isə ordumuz qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirdi.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video