04 Noyabr 2018 00:40
1471
SİYASƏT
A- A+

Qüdrətli Komandanın güclü əsgərləri


Səngərdəki məğrur Azərbaycan əsgəri yüksək döyüş ruhunda köklənib və Ali Baş Komandanın hücum əmrini icra etməyə tam hazırdır


Səngərdəyik...
Hünər, mətinlik meydanı adlanır bu məkan... Azərbaycan əsgərinin sinəsini sipər bildiyi müqəddəs torpaqdır... Çünki qarşıda düşmən, arxada Vətən dayanır. Onun keşiyində duranlar isə ən şərəfli vəzifənin daşıyıcılarıdır... Sabahın igidləri, milli qəhrəmanlarıdır...

Vətənin, xalqın güvənc yeri

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin ön xəttə döyüş tapşırığını yerinə yetirən bütün bölmələri ən müasir hərbi texnikalarla, modern silahlarla təchiz olunub və hər bir əsgər yüksək döyüş əzmindədir.
Buradan erməni səngəri ilə ən yaxın məsafə 350-400 metrdir. Səngərlərimizin effektiv müdafiə sistemi ilə təmin edilməsi düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır və istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Vətənin, xalqın güvənc yeri olan Azərbaycan əsgəri üçün hərbi hissədə bütün lazımi infrastruktur yaradılıb.
Azərbaycanın torpaq itkisinə baxmayaraq, müqavimətini itirməməsinin və bu gün inkişaf dinamikasına görə dünyada lider dövlət olmasının səbəbkarları da vətən təəssübü üçün mərdliklə labüd ölümün ağuşuna atılan gənclərdir, milli ruhda köklənən oğullardır. Bu gün onlar əldə silah vətən keşiyindədirlər. Onları hər zaman gümrah, xoş əhvali-ruhiyyədə görmək isə böyük qürur hissi doğurur.

Ölümün gözünə dik baxanlar

Döyüş tapşırığını yerinə yetirən manqanın xidməti mövqeyindəyik. Şəxsi heyətin sosial-yaşayış şəraiti müasir tələblərə cavab verir. Manqa üçün nəzərdə tutulmuş kazarma taxta döşəməlidir. Bəzədilmiş otaqla tanışlıq zamanı ilk baxışdan təmizlik, səliqə-sahman diqqət çəkir. Postdan qayıdan əsgərlər burada dincəlir, asudə vaxtlarında kitab, jurnal və qəzet oxuyur, dama, şahmat oynayırlar. Bir sözlə, istirahətlərini səmərəli keçirirlər.
Burada təşviqat guşəsi, ərazinin coğrafi quruluşunu əks etdirən xəritələr, hərbi maarifçilik vərəqələri ilə tanış ola bilirsən. Kazarmada həmçinin mətbəx, əşya anbarı, sanitariya qovşağı da mövcuddur.
Manqa komandiri, kiçik çavuş Samir Bəylərov döyüş tapşırığı növbəsinə gedən heyəti təlimatlandırıb yola salır. Bir qədər sonra növbədə olan əsgərlər kazarmaya daxil olub təlimata uyğun olaraq silahlarını boşaldırlar. Sonra istirahət saatları başlayır.
Bu mənzərəni kənardan izlədikdən sonra manqa komandirinin müşayiəti ilə postlarda döyüş tapşırığını yerinə yetirən əsgərlərə baş çəkirik. Postda əsgəri danışdırmaq, fikrini yayındırmaq qeyri-mümkün olduğu üçün bizi manqa komandiri məlumatlandırır.
Döyüş növbətçisi, əsgər Müqəddəs Zahidov çox diqqətlidir. Lerik rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər 16 aydır buradadır və nümunəvi xidməti ilə daim seçilib. Əsgər Elcan İsayev isə 10 aydır hərbi xidmətdədir. Şəki şəhərindən həqiqi hərbi xidmətə çağırılan Elcan sayıqlığı və məsuliyyəti bir an belə itirmir, ehtiyatı əldən vermir.
Digər döyüş növbətçisi Rusif Ramazanov isə müşahidə aparır. Qarşı tərəfdə hansısa canlı qüvvə və texnikanın hərəkət etdiyini görən kimi dərhal manqa komandirinə məlumat verir. O, daim ayıq-sayıqdır.
Səngərlə hərəkət edə-edə manqa komandiri ilə söhbətləşirik. S.Bəylərov deyir ki, təmas xətti hər zaman özünəməxsus çətinlikləri, ciddi rejimi, nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki baxımdan güclü olması vacib şərtlərdəndir. Ön cəbhədə əsas diqqət döyüş növbətçiliyinə yönəldilir. Əsgərlər təlimləri əsasən ehtiyat bölmələrdə keçir, bura tam hazır vəziyyətdə gəlirlər. Ön xətdə xidmət edən əsgərlər seçilərkən onların fiziki və psixoloji-mənəvi hazırlıqları nəzərə alınır.

Təminat yüksək səviyyədədir

Kazarmada asudə vaxt keçirən əsgərlərlə masa arxasına əyləşib söhbətləşirik. Günün nizam qaydaları barədə ətraflı məlumat aldıqdan sonra əsgərlərin qida rasionu ilə də maraqlanırıq. Əsgərlər səhər, nahar və şam yeməklərində müxtəlif çeşiddə qida qəbul edirlər. Yağ, pendir, cem və şirin çay istisnasız olaraq günün istənilən vaxtında qəbul edilən qidalar sırasındadır. Bununla yanaşı, həftənin ayrı-ayrı günlərində səhərlər düyü, vermişel sıyığı, yumurta, südlü düyü, südlü vermişel, çəkilmiş mal əti ilə qarabaşaq, naharda lobya, noxud, göy noxud və mərci şorbaları və ya borş, eləcə də üzərində ətlə qarabaşaq, qovrulmuş makaron, düyü, şam yeməyində kartof püresi, balıq, qarabaşaq, bulğur və s. yeməklər verilir. Mövsümə uyğun salatlar, şirələr, soyulmuş-doğranmış soğan və sarımsaq da qida rasionuna daxildir.
Əsgərlərin ərzaq təminatı yüksək səviyyədədir. Geyim, silah-sursatla da bağlı heç bir problemləri yoxdur. Gündəlik tələbatları tam ödənilir. Belə olan halda, əsgərin mənəvi-psixoloji durumu hər zaman yüksək səviyyədə olur.

Cocuq Mərcanlıya qəhrəman kimi dönmək istəyirəm

Söhbət əsnasında bəlli olur ki, 10 aydır burada xidmət edən əsgər Qaçay Əhmədzadə Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəndir. Üz-gözündən təbəssüm duyulur. Əsgər deyir ki, hərbi xidmətə gəlmədən öncə yaşadığı sevinci neçə müddətdir yoldaşları ilə paylaşır:
"İki il öncə bizim ailəmizdə ən sevincli gün yaşandı. Atamın, anamın illərdir çəkdikləri Vətən həsrəti bitdi. Valideynlərimin sevincdən uşaq kimi ağlamaları, Cocuq Mərcanlı kəndinin əhalisinin fərəhi gözümün önündədir. 26 il Vətən nisgili ilə yaşayan insanlara Ali Baş Komandan İlham Əliyev ən böyük hədiyyəni etdi. Cocuq Mərcanlı kəndi yenidən bərpa olundu. İndi kəndimizdə həyat qaynayır. Ailəmiz də növbədədir, yeni tikilən mənzillərdən biri də İnşaallah bizim olar. Mən də kəndimizə qəhrəman kimi qayıtmaq istəyirəm”.
Qaçayın sözlərinə görə, aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət onu daha da ruhlandırıb və indi əmindir ki, qüdrətli ordumuz düşmənə cəbhənin istənilən nöqtəsində layiqli cavab verməyə qadirdir.
Bu gün Cocuq Mərcanlıda, Lələtəpədə düşmənə göz dağı verən Azərbaycan bayrağını tezliklə Ali Baş Komandan İlham Əliyev Şuşada, Xankəndidə dalğalandıracaq. Onlar da bu şanlı qələbənin qalib əsgərləri kimi tarixə düşəcəklər.

Şəhid əmisinin adına layiq xidmət çəkən əsgər

Şabran rayonundan hərbi xidmətə çağırılan əsgər Amil Nadirov isə şəhid əmisinin ad və soyadını daşıyır. Əmisi Amil Nadirov 1993-cü ildə cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
İndi Amil də şərəfli əsgər geyimində Vətən keşiyində dayanıb. Deyir ki, burada nəinki o, bütün əsgər yoldaşları Vətən üçün çəkinmədən ölümün ağuşuna atılmağı, şəhidlik zirvəsinə yüksəlməyi özlərinə ən ali məqam hesab edirlər: "Vətən uğrunda döyüşlərdə canlarını qurban verənlər bizim and yerimizdir. Hər zaman şəhid əmimin adını uca tutmaq, o adı doğrultmaq üçün əlimdən gəlini edirəm”.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan əsgər Oruc Nəcəfov və Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılan Taleh İsmayılov da 10 aydır təmas xəttində xidmət keçirlər. Şəraitdən çox razı qalan əsgərlər komandirlərinin verdikləri tapşırıqları, əmrləri yerinə yetirir, qayda-qanunlara əməl edirlər. Deyirlər ki, burada ani bir səhv ölüm deməkdir. Ona görə də ayıq-sayıqlığı əldən vermirlər.

Ön xətdə xidmətləri ilə fəxr edən əsgərlər

...Səngərlərdə növbə dəyişir. Günün mühüm hissəsini rəşadətlə, ayıq-sayıqlıqla, torpaq təəssübü ilə Vətəninin keşiyini çəkən gənc igidlər zəmanəmizin ən böyük, fəqət tanınmayan qəhrəmanlarıdırlar.
Onları tanımasaq da, fədakar hərbi xidmətlərinin nəticələrini hər an görürük və anlayırıq ki, Azərbaycan səngəri artıq basılmazdır, Vətən torpağı etibarlı əllərdədir, əsgərlərimiz güclüdürlər.
Gördüklərimiz, eşitdiklərimiz onu deməyə əsas verir ki, ön xətdə xidmətləri ilə fəxr edən əsgərlər Ali Baş Komandanın hücum əmrinə hər an müntəzirdirlər. Əsgərlərdəki özünə inamı, vətənpərvərlik hissini və döyüş ruhunu, onlardakı mərdliyi görüb qürurlanmamaq olmur. Bu, həqiqətən, ayrı bir hiss, ayrı bir təəssüratdır. Elə bu xoş təəssüratla da igid oğullarımızla sağollaşıb ayrılırıq. Bizə ancaq onlara "Allah amanında” demək qalır.

Zəhmətkeş əhali çəkinmədən, qorxmadan əkib-becərməklə məşğuldur

Hərbi təyinatlı avtomobillə torpaq yollarla geri qayıdırıq. Səngərlərdən, döyüş bölgəsindən o qədər də uzaq olmayan məsafədə yerləşən əkin sahələrində insanlar əzmlə çalışırlar. Yağış yağmasına baxmayaraq, sübh tezdən sahədədirlər. Hərçənd bura döyüş bölgəsidir...
İllərdir cəbhə boyu zonada düşmənlə üz-üzə yaşayan zəhmətkeş əhali qorxmadan, çəkinmədən əkib-becərməklə məşğuldur. Çünki bütün ömrünü torpağa bağlamış insanların qazancı elə torpaqdan çıxır. Hiss olunur ki, bu mövsüm yaxşı soğan və kələm yetişib. İnsanlar əkib-becərdikləri məhsulu yol kənarına çıxarıb münasib qiymətə satmaqla dolanışıqlarını təmin edirlər.
Atəşkəs rejimini hər gün pozan düşmən silahlarının vahiməli səslərinə bu yerlərdə yaşayan əhali vərdiş edib. Hamı öz işində-gücündə, bağında-bostanında gündəlik qayğıları ilə məşğuldur. Gözünü bu yerlərdə dünyaya açan uşaqlar da məktəblərdə dərslərin güllə səsləri altında keçilməsinə artıq öyrəşiblər. İllərdir o günahsız uşaqlar həyəcanlı, qorxulu, ağrılı-acılı günlər yaşayırlar. Bütün bu acınacaqlı durumun yeganə səbəbi müharibə və onun ağır fəsadlarıdır.

Qəhrəmanları ilə qürur duyan hərbi hissə

Bizim isə yolumuz davam edir. Hərbi təyinatlı avtomobillə bir qədər arxada döyüş tapşırığını yerinə yetirən "N” saylı hərbi hissənin digər bölməsinə yetişirik.
Ön xətt olmasına baxmayaraq, bura sosial infrastrukturu, maddi və hərbi-texniki təchizatı, hərbi təyinatlı tikililəri, səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir.
Öncə onu vurğulayaq ki, bu hərbi hissə ağır döyüş yolu keçib. 1993-cü ildə yaradılan hərbi hissə həmin ildə cəbhədə gedən ağır döyüşlərdə iştirak edərək 241 şəhid verib. Döyüşlərdə fərqlənən hərbi qulluqçularından 3 nəfər Azərbaycan Bayrağı ordeni, 2 nəfər "Vətən uğrunda”, 2 nəfər "İgidliyə görə” və 60 hərbçisi qüsursuz xidmətdə fərqləndiklərinə görə müxtəlif dərəcəli medallarla təltif olunublar.
Bu hərbi hissə iki il öncə Azərbaycan Ordusunun şanlı aprel zəfərində də böyük şücaət göstərərək qəhrəmancasına şəhid düşən zabit Raquf Orucovla qürur duyur. Hərbi hissənin qərargahında şəhidlik zirvəsinə yüksələn və "İgidliyə görə” medalı ilə təltif olunan zabitin şərəfinə hazırlanmış stentdə nümunəvi hərbi xidməti, keçdiyi döyüş yolu əks olunub. Vaxtilə cəbhənin ən çətin və mürəkkəb istiqamətində - Murovdağda kəşfiyyatçı kimi göstərdiyi igidliklər hələ sağlığında onun haqqında əfsanələrin yaranmasına səbəb olub. Şanlı ordumuzda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi hərbçilər arasında dərin hörmət və ehtiram qazanıb. Bu gün də hərbi hissənin bütün şəxsi heyəti Raquf Orucovu dərin ehtiram hissi ilə anır və onunla eyni hərbi hissədə qulluq keçdikləri üçün fəxarət, qürur hissi keçirirlər.

Dərslərdə əsgərlər yüksək ixtisas və taktiki hazırlığa yiyələnirlər

Şəxsi heyət növbəli şəkildə döyüş tapşırığını yerinə yetirir. Zabit Qənbər Orucov deyir ki, hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq dərslər, məşğələlər, silah təmizləmə, fiziki hazırlıq və asudə vaxt olur. Əsgərlərin döyüş hazırlığı ilə bağlı tədbirlər kompleks şəkildə yerinə yetirilir.
Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq il ərzində nəzərdə tutulan tədbirlər qrafikə uyğun həyata keçirilir. Gündəlik döyüş hazırlığı məşğələlərində topçular ixtisas, taktiki və atış bacarıqlarını artırmaqla məşğul olurlar. Artilleriyaçılar bu məşğələlərdə silahların taktiki-texniki xüsusiyyətlərini həvəslə öyrənir, doldurucudan tutmuş tuşlayıcılara qədər, heyətdən tutmuş diviziona qədər vahid mexanizm kimi hərəkət etmə vərdişlərini mənimsəyirlər. İstənilən zaman həyəcan siqnalı ilə divizion istənilən cəmləşmə rayonuna çıxmağa və döyüş aparmağa qadirdir.
Zabitin sözlərinə görə, döyüş hazırlığı dərslərində, məşq və təlimlərdə əgər şəxsi heyət yüksək ixtisas və taktiki hazırlığa yiyələnirsə, yəni, öz gücünə və döyüş bacarığına inam qazanırsa, deməli, həm də mənəvi-psixoloji hazırlığını artırır.

Kazarmalardakı səliqə-sahman, əsgərin istirahəti üçün yaradılan şərait diqqət çəkir

Hərbi hissənin ərazisi ilə tanış oluruq. Burada qərargah binası, 2 kazarma, yeməkxana, hamam kompleksi, müasir avadanlıqlarla təchiz edilmiş camaşırxana, qazanxana və tibb məntəqəsi mövcuddur.
Qərargah binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən və aprel döyüşlərində şəhid olan igid oğulların fotolarından ibarət guşə yaradılıb.
Ön cəbhənin hərbi hissəsinin əsgər kazarmalarındakı səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə ayrılan guşələrdə onların yaradıcılıq nümunələri, divar qəzeti, Milli Qəhrəmanların fotoları, hərbi qaydalar haqqında stendlər asılıb. Kazarma müasir istilik sistemi, əsgər çarpayıları isə əvvəlkilərdən fərqli olaraq, daha yüksək keyfiyyətli döşəklərlə və yastıqla təchiz olunub. Eyni zamanda, hərbçilərin televiziya vasitəsilə həm informasiya təminatı ödənilir, həm də maraqlarında olan verilişləri izləmələri təmin edilir.
Binada ideoloji və digər zəruri otaqlar da hərbçilərin ixtiyarına verilib.

Yüksək döyüş hazırlığının səbəbi əsgərlərin dili ilə...

Kazarmaya daxil oluruq və bölük növbətçisi komanda verdikdən sonra gün növbətçiləri ilə söhbətləşirik. Məlum olur ki, Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Alıyev ali təhsillidir, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bu il bitirib. Vətənə xidmət etməyi özünə mənəvi borc bilən Elnur 4 aydır hərbi xidmətdədir. Burada yaradılan şərait onu çox sevindirir:
"Döyüş bölgəsidir, amma baxın, nə yaxşı şərait yaradılıb. Kazarmalarımız tər-təmiz, yediyimiz yeməklər keyfiyyətli və hərbi hazırlığımız yüksək səviyyədədir. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilir. Bu tədbirlər həm də əsgərlərin mənəvi-psixoloji durumunu və döyüş hazırlığını daha da yüksəldir”.
Mingəçevir Dövlət Universitetinin İstilik energetikası fakültəsinin məzunu, əsgər Aqil Babazadə də 4 aydır xidmətdədir və bu müddət ərzində xeyli hərbi biliyə yiyələnib. Döyüş bölgəsində xidməti ilə fəxr etdiyini deyən əsgər hesab edir ki, burada yaradılan yüksək səviyyəli şərait Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi qayğının bariz nümunəsidir. Hər cür təminat əsgərlərin döyüş ruhunu daha da yüksəldir.

Hərbçilərin qida rasionu - bol çeşid, fərqli dad...

Nahar vaxtına az qalır, bir azdan döyüş tapşırığını yerinə yetirən əsgərlər növbə ilə nahara gələcəklər. Kazarmadan çıxıb yeməkxanadakı hazırlıq prosesini izləməyə yollanırıq.
Kazarmalarda olduğu kimi, burada da səliqə-sahmana və təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Burada 16 mülki qadın işçi, bir kişi aşpaz çalışır.
Günortanın qida rasionu hazırdır. Birinci və ikinci növ yeməklərin hərəsindən 2 çeşid bişirilib. Seçim hərbçilərindir. Sulu yeməklərdən noxud və ya mərci supu, quru xörəklərdən üzərində ət qulyaşı ilə qarabaşaq və ya qulyaşla qızardılmış makaron var. Yeməklərin yanında xiyar-pomidor salatı, soyulmuş-doğranmış sarımsaq və soğan, alma şirəsi verilir.
Ümumiyyətlə, şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi çox zəngindir. Səhər qida rasionunda hər gün kərə yağı, pendir, meyvə cemi, yumurta, şirin çay mütləqdir. Bundan başqa, müxtəlif günlərdə səhərlər düyü, vermişel sıyığı, çəkilmiş mal əti ilə qarabaşaq verilir.
Nahar rasionu da çoxçeşidlidir. Həftənin müxtəlif günlərində çeşidi dəyişməklə sulu yeməklərdən mərci, lobya, noxud şorbaları, borş, küftə hazırlanır. Bununla yanaşı, qovrulmuş ətlə makaron, qarabaşaq, düyü, vermişel bişirilir.
Şam yeməyində isə balıq konservi, kartof püresi, bulğur və düyü sıyığı olur. Bütün isti yeməklərlə yanaşı, hərbçilər mövsümi tərəvəz salatları və yalnız hərbçilər üçün nəzərdə tutulan su və şirələrlə təmin edilirlər.

Hələ kimsə yeməklərin dadından şikayət etməyib

Naharını bitirib əsgərlərin bir neçəsinə yaxınlaşıb onlar üçün bişirilən yeməklərin dadı-duzu ilə bağlı səmimi söhbət edirik. Sumqayıt şəhərindən olan Elxan Məmmədov deyir ki, hərbi xidmətə gələndə yeməkxanada xörək yeyə bilməyəcəyini güman etsə də, ilk dəfə rastlaşdığı mənzərə ona xoş təsir bağışlayıb: "Gördüm ki, çeşid-çeşid yeməklər hazırlanıb. Zabitlər, gizirlər də əsgərlərlə bərabər növbəyə durub bişirilən yeməklərdən yeyirlər. Onda inandım ki, həqiqətən, yeməklər yaxşıdır və mən də yoldaşlarıma qoşuldum. Həqiqətən, əla dadlı yeməklər yeyirik”.
16 aydır burada xidmət edən əsgər Valeh Quluzadə isə deyir ki, bu müddət ərzində bir dəfə də olsun, yeməklərdən narazı qalmayıb. Çünki həm təmizlik, həm də qida rasionu baxımından hər şey əla vəziyyətdədir: "Burada anaların işləməsi yeməklərin dadını-duzunu daha da artırır. Onlar da bir əsgər analarıdır və istəyirlər ki, biz dadlı yeməklər yeyək. Hər gün müxtəlif yeməklər yeyirik və əminəm ki, burada xörəklərdən narazı qalan əsgər yoxdur”.

Avtomatlaşdırılmış camaşırxana, qazanxana və hamam kompleksi

Hərbi hissədə müasir tələblərə cavab verən hamam, qazanxana və tamamilə avtomatlaşdırılmış camaşırxana kompleksi fəaliyyət göstərir. Camaşırxanada 7 nəfər mülki işçi çalışır. Burada 3 yuyucu, 2 quruducu və 2 ütüləyici müasir avadanlıq var. Camaşırlar yuyulub, ütülənib çeşidləndikdən sonra yenidən bölmələrə təhvil verilir.
4 mülki işçinin çalışdığı qazanxana isə hərbi hissənin isti-soyuq su təchizatını təmin edir.
Müasir avadanlıqlarla təmin edilmiş tibb məntəqəsində isə peşəkar həkim qrupu şəxsi heyətin sağlamlığının keşiyində dayanıb. Xəstəliklərin qarşısının əvvəlcədən alınması məqsədilə mütəmadi olaraq bölmələrdə geniş profilaktik işlər aparılır, xəstəliktörədən viruslardan qorunmağın yolları haqqında tövsiyələr verilir, peyvəndlər vurulur.

Əsgərin döyüş ruhunu yüksəldən amillər

Gördüyümüz real mənzərə Azərbaycan Ordusunun gündən-günə gücləndiyini bir daha təsdiq edir. İstər maddi-texniki təminat, istər silah-sursat, istərsə də hərbi qulluqçuların vətənpərvərlik, döyüş ruhunun yüksəlməsi istiqamətində aparılan təbliğat işləri öz müsbət nəticəsini verir.
Əlbəttə ki, ön xətdəki hərbi hissədə yaradılmış şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə, döyüş və mübarizə əzminə də müsbət təsir göstərir. Nümunəvi hərbi xidmətin əsas göstəricilərindən biri də şübhəsiz ki, əsgər və zabitlərin vəzifə borclarına layiqincə yanaşmalarıdır. Məhz bu baxımdan hərbi hissədə münasibətlər sırf hərbi qanunvericilik, daxili nizamnamə üzərində qurulur.
Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin əsgər və zabitlərlə mütəmadi olaraq görüşməsi, onların qayğısı ilə maraqlanması hərbçilərimizdə döyüş, vətənpərvərlik ruhunu daha da artırır.
Bu gün ən müasir silahlarla, texnikalarla təchiz edilən Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Azərbaycan hərbi texnikanın istehsalı işində uğurla inkişaf edir. Ölkəmizdə mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bir sözlə, bu gün Azərbaycanın hərbi potensialı və ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.
Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video