15:10 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qonaqlarımız Qarabağa həm də təyyarə ilə gələcəklər

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 26.01.2021

 

Azad edilmiş ərazilərdə tikiləcək iki hava limanı yerli əhalinin rahatlığına və turizmin inkişafına xidmət edəcək

 

Hazırda diqqət mərkəzində olan əsas məsələ işğaldan azad edilmiş torpaqlarımızda tikinti, abadlıq, quruculuq işlərinin aparılmasıdır.

Bu sahədə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıb. Keçdiyi ərazinin relyefinin yaratdığı çətinliklərə və indi fəsillə bağlı havaların şaxtalı-qarlı olmasına baxmayaraq, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşası davam edir.

Digər vacib layihə Toğanalı-Kəlbəcər yoludur. Bu yol da coğrafi şəraiti çətin olan ərazidən keçir, bəzi yerlərdə yüksəklik 3500 metrə çatır. Bununla belə, işlərə artıq start verilib. Həmçinin Horadizdən Zəngilana, oradan Qubadlıya və sonra da Laçına qədər yol çəkilməsi üçün hazırlıq işləri gedir. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Bu isə o deməkdir ki, Laçın və Kəlbəcər rayonlarına iki tərəfdən - şimaldan və cənubdan yol-nəqliyyat infrastrukturu yaradılacaq.

Qarabağda polad magistrallar da şaxələnəcək. Belə ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Düşmənin dağıdıb sıradan çıxardığı Horadiz-Ağbənd dəmir yolu yenidən tikiləcək. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Bununla paralel olaraq, Naxçıvan MR-da dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq.

Qonaqlarımız Qarabağa təkcə avtomobil və dəmir yolları ilə deyil, həm də hava yolları ilə gəlib-gedəcəklər. Qarabağda tikiləcək iki yeni aeroport əhalinin və yüklərin daşınması üçün də əlverişli olacaq.

Bu ilin yanvar ayında Şuşa şəhərinə səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Beynəlxalq Hava Limanının təməlini qoydular. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq bu hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Təməlqoyma zamanı dövlət başçısı dedi:  “Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Qarabağda tikiləcək hava limanları barədə bu il yanvarın 6-da ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də geniş bəhs olunub. Belə ki, Prezidentin göstərişinə əsasən, hazırda Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Məlum olduğu kimi, həmin bölgələrin coğrafi şəraiti bu məsələnin həlli üçün bir qədər mürəkkəbdir, yəni ərazilərin mütləq əksəriyyəti dağlıqdır. Orada düz yer tapmaq çətin olduğu üçün indi araşdırmalar aparılır. Beləliklə, yaxın gələcəkdə Laçın, yaxud Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanı tikiləcək.

Sözügedən müşavirədə Prezident İlham Əliyev Füzuli aeroportunun tikintisi ilə paralel olaraq artıq bu şəhərdən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğunu da vurğulayıb:” Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin. Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır”.

Qeyd edək ki, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mühüm rol oynayır. Ölkəmizin coğrafi mövqeyi çox əlverişlidir və bundan səmərəli istifadə etmək üçün mükəmməl infrastrukturun böyük əhəmiyyəti var. Ona görə nəqliyyat sektorunun inkişafı da prioritet məsələlərdəndir və bu sahəyə dövlət böyük investisiyalar yönəldir. Başqa sözlə, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən başlıca amillər sırasındadır.

Azərbaycan digər nəqliyyat infrastrukturu ilə yanaşı, öz hava limanlarının yüksək səviyyəli olması ilə də seçilir. Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl və ən müasir hava limanlarından biridir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində ölkənin bir sıra digər şəhər və rayonlarında da aeroportlar tikilib. 2004-2014-cü illər ərzində ölkədə 7 aeroport istifadəyə verilib ki, onlardan 5-i beynəlxalq statusa malikdir.

2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşüb. 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib. 2013-cü ildə Yevlax hava limanının yenidənqurma işləri başa çatdırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı isə 2014-cü il aprelin 23-də olub. Yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırıb.

Yaxın gələcəkdə hava limanlarımızın sırasına daha 2-si qoşulacaq. Onlar düşmən tapdağından azad olunmuş əzəli-əbədi Qarabağımızda fəaliyyət göstərəcək, inkişafa, tərəqqiyə, dünya ölkələri ilə sıx ünsiyyətə, insanlarımızın rahatlığına xidmət edəcək.

 

Flora SADIQLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM