03 Sentyabr 2011 02:09
589
Mədəniyyət
A- A+

Qol gücü, zindan və alın təri

 

İnsan övladının əl əməyi bütün dövrlərdə əvəzsiz rol oynayıb. Xüsusən də qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik istər kənd, istərsə də digər təsərrüfat işlərində mühüm əhəmiyyətə malik olub.

Dəmirçilik, adından da məlum olduğu kimi, Daş dövründən sonra meydana gəlmiş bir peşədir. Dəmirçi isə bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirən, zindan üzərində, qolunun gücünə dəmiri "yoğuraraq" müxtəlif formalara salan, ən ağır əmək sərf edən sənət sahibidir. Onun əsas materialları dəmir, çuqun, bürünc, mis, qalay və digər əlvan metallardır ki, respublikamız da bu təbii sərvətlərlə olduqca zəngindir. Dəmirçi xammalı əridərək qəlibə tökür. Əlbəttə, metalın əridilərək müxtəlif detallara çevrilməsi yalnız bu yolla mümkün deyil. Sənayedə dəmirçiliyin inkişafı sayəsində müxtəlif formalı detallar hazırlanır ki, bu da xüsusi formalı ştamplar vasitəsilə metalların emalı deməkdir. Bunlardan savayı, dəmirçilər əridilərək soyudulmuş metalları dartmaq, burmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər. Ona görə də onları pəhləvanlarla müqayisə etmək mümkündür.

Dəmirçilərin əmək alətləri də digər peşələrdə istifadə olunanlardan sadəliyinə görə fərqlənir: çəkiclər (böyük çəkic  2-16 kq, əl çəkicləri 0,5-2 kq  ağırlığında), zindanlar (buynuzsuz, bir və ya ikibuynuzlu), kəlbətinlər, pazlar və s. Bunlardan öncə dəmirçinin əsas işini  körük və daş kömürlə (son vaxtlar maye qazla) işləyən açıq soba görür. Onu da qeyd etməliyik ki, dəmirçilərin mexaniki çəkicləri (oynaq, qayış, buxar, pnevmatik və hidravlik) də olur. Bu çəkiclər son dövrlər istifadə olunan əmək alətləri sırasındadır.

Azərbaycanın bütün bölgələrində dəmirçilik peşəsi əsrlər boyu yaşadılıb və nəsillər dəyişdikcə ondan istifadə formaları da yeniləşib. Qarabağın zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində və inkişaf etdirilməsində mühüm rol oynayıb. Burada bəsit istehsal texnikasına əsaslanan filizəritmədə körüklü kürələrdən istifadə edilib. Proses belə olur: filiz parçaları kömürlə birlikdə kürənin odluğuna qoyulur. Qoşa körük vasitəsilə yaradılan yüksək temperatur filizi əridir. Kürənin odluğundakı qaynar metal kütləsindən ərinti zamanı əmələ gələn pas isə  kəfkir vasitəsilə çıxarılır, təmizlənir. Əlbəttə, sırf dəmir əldə etmək üçün bu, kifayət etmir. Odur ki, dəmirçi  ərintini saf dəmir halına gələnədək onu zindan üzərində döyür. Çəkic və zindanların əhəmiyyəti, ilk növbədə, burada üzə çıxır. Ona görə də əvvəllər yerli xammaldan hazırlanmış dəmir məmulatı davamlılığı və saflığına görə digər yerlərdən gətirilənlərdən fərqlənir və üstünlük təşkil edirdi.

Keçmişdə Qarabağda polad qıtlığı hiss olunub. Xüsusilə də saf polad çətinliklə  əldə olunduğundan, qənaətlə istifadə edilib. Soyuq silah (xəncər, qəmə, qəddarə, qılınc) istehsalı dəbdə olanda poladın kasadlığı daha çox üzə çıxıb.

Silahsazların Dəməşq və Xorasan poladını üstün tutmasının da səbəbləri var idi. Bunlarla yanaşı, qarabağlı silah ustaları özləri də xüsusi üsulla xas polad əldə ediblər. Soyuq silah istehsalı zaman keçdikcə aradan çıxdığına görə yerli xas polad hazırlama texnologiyası da tədricən unudulub. Bu itirilmədə ucuz rus və Avropa poladının Azərbaycan bazarlarına çıxarılmasında təsiri az olmayıb.

Dəmirçilərin xam və ya köhnə dəmirlərə üstünlük verməsinin sirləri var. Belə ki,  işlənmiş dəmir ucuz başa gəldiyindən və tərkibi saf olduğundan, onun istehsalı da asan və etibarlı hesab edilir.

Əlbəttə, ən qədim peşə sayılan dəmirçilik təkcə Azərbaycanda deyil, dünyanın bütün qütblərində ilk əmək alətlərinin hazırlanmasında mühüm rol oynayıb. Respublikamızın əksər bölgələrində bu peşənin sirlərinə bələd olan dəmirçilər az olmayıblar.

Digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşib. Dəmirçixanalar bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satış dükanı kimi, ikili səciyyə daşıyıb. Məişət və təsərrüfat alətlərinin xeyli hissəsinin son illərə qədər dəmirçixanalarda hazırlanması da təsadüfi deyildi. Çünki ən kustar üsulla balta, dəhrə, dəryaz, oraq, çəkic, çin, kərki, bıçaq, qazan və s. poladqatlı dəmirdən hazırlanırdı ki, onlar da həm uzunömürlü, həm də ucuz olurdu.

Göründüyü kimi, dəmir ustaları təcrübə nəticəsində metalların xassələrini dərindən öyrənməklə istehsal texnologiyasını təkmilləşdirmiş və daha mükəmməl əmək alətləri hazırlamışlar.

Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Qarabağda Cəbrayıl, Xocavənd, Ağdam, Şuşa, şimal regionunda isə Quba, Qusar, Şamaxı, İsmayıllı bütün dövrlərdə xüsusilə fərqləniblər. Ümumilikdə respublikamızda xırda əmtəə istehsalı səviyyəsinə çatmış şəhər dəmirçixanalarında məmulat növləri üzrə ixtisaslaşma çox erkən dövrlərdən başlamışdı. Tarixən dəmirçixanaların sayına görə Şuşa Azərbaycan şəhərləri arasında əsas və xüsusi yer tutmuşdur.

Müasir texnika və texnologiyaların məişətə və istehsalata dərindən təsir və  nüfuzu, təbii ki, bir sıra sənət növlərini sıradan çıxarıb. Lakin elə sənət növləri də var ki, onlar ilkinliklərini qoruyub saxlamaq gücünə malikdir. Belələrinin sırasına daxil olan dəmirçilik bu gün də qədimliyi və ululuğu ilə öz dəyərini və əhəmiyyətini saxlamaqdadır.

Bu sənətin, təbii ki, ata-babadan dəmirçiliklə məşğul olanlar tərəfindən gələcəkdə də qorunacağına şübhə yoxdur.

Dəmirçiliyin folklor qədər yaşı olduğundan, onunla bağlı zərb-məsəllər və atalar sözləri də az deyil. Bu da ondan irəli gəlir ki, dəmirçilik xalqın sevimli sənət növlərindən, dəmirçi isə əməyi əvəzolunmaz ustalardandır.

"Dəmiri isti-isti döyərlər". Bu müdrik kəlam bugünkü işin sabaha qoyulmamasını özündə əks etdirir və sətiraltı məna da daşıyır. Dəmirçilər də dəmiri isti-isti döyər və məqsədlərinə çatarlar... Məqsədə çatmaq isə əsl dəmir işi tələb edir: ağıl və güc.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video