31 Oktyabr 2014 12:10
518
Oxucu məktubları
A- A+

Qohumluq böyük nemətdir, qədrini bilənə

 

Yüz illər boyu dəyişməyən ailə dəyərlərimiz qloballaşan dünyada tədricən dəyişir, cilalanır, bəzən də çox təəssüf ki, cılızlaşır. Nəyi itiririk, nəyi qazanırıq deyə, çox vaxt fərqinə də varmırıq.

Vaxt var idi rayonlarda, kəndlərimizdə hər ailədə azı 5-6, bəzən də 10-dan  çox uşaq böyüyürdü. O zaman ailələrin yaşayış səviyyəsi, maddi imkanı indikindən qat-qat aşağı idi. Kənd yerlərində paltaryuyan, tozsoran  nədi, bilməzdilər. Halbuki 5-10 uşağın qulluğunda durmaq o qədər də asan məsələ deyildi. İndi bütün ölkədə hamının güzəranı yaxşılaşıb. Dövlətin  qayğısı da, insanların qazancı da artıb. Lakin ailələr getdikcə kiçilir, qohum-qardaşın sayı azalır. Ötən əsrin ikinci yarısı və elə axırlarında da  yeni evlənən bir neçə qardaş bir evdə, bir ailədə yaşayaraq bir-birinə qaynayıb qovuşardılar. Bayramlarda, xoş günlərdə, toyda, nişanda əlbir olan qohumlar kimsənin çətinlik çəkməsinə imkan verməzdilər.

Son illərdə formalaşıb adətə çevrilən bayağı ənənələr  yaranıb. Ad günləri, nişan, toy mərasimləri dəbdəbəli surətdə qeyd edilsə də, dəvət alanların sayı-hesabı olmasa da, ağbirçək və ağsaqqallar gözə dəymir, istənilən məclisin yaraşığı olan xırda uşaqlar da "yer tutduğundan" ixtisara salınır. Bu da milli-mənəvi dəyərlərin və ailə qanunlarının  tədricən unudulmasına, qohum-qardaşın yadlaşmasına səbəb olur.

Elimizdə lap qədimlərdən belə bir ənənə mövcud olub ki, hər tayfa, hər el, hər oba öz kasıbına, xəstəsinə, imkansızına sahib çıxıb, ona əl tutub, kömək edib. Əlbəttə, tanıdığın, bildiyin qohuma əl tutmaq savabdır. Bu mənada hər birimiz özümüzünkünə sahib çıxsaq, dövlət və cəmiyyətimizə vacib problemlərin həllində kömək olarıq. Belə nə ahıl, nə əlil, nə də atılmışların dövlət tərəfindən himayəsinə, qocalar, kimsəsizlər evlərinə verilməsinə ehtiyac qalmaz. Axı indi hətta ata-anasını qocalar evinə atan oğullar var.

El arasında deyirlər: "Qohum məni yad eləsin, bircə dənə alma ilə". Biz isə qohumdan, qardaşdan uzaq düşməyin səbəbini bəzən imkansızlıqda axtarırıq. Əslində, hədiyyə, pul, pay əsas deyil. "Qapımı aç, halımı sor, bəsimdi" - deyən ağbirçəklərimizin, ağsaqqallarımızın, qohumlarımızın gözü bizim əlimizdə yox, gözümüzdə olur ki, mehr-məhəbbət  görsünlər.  Belə səmimi münasibətdə təmənna ola bilməz. El arasında nahaq yerə demirlər ki, qohumun lap pisinin belə səsi eşidilsin, işığı gəlsin.

Böyük şəhərlərdə cib telefonları, internet, bayağı telekanallar hamını doğmadan, qohumdan ayrı salıb. Qohum-qardaşa biganə və laqeydlərin sayı durmadan artır. Heç düşünmürük ki, bu mənəvi ayrılıqlar bizim gələcək tənhalığımızın, bəzən də faciələrimizin əsasını qoyur.

Unutmayaq ki, ailə deyərkən, doğmaların bir yerə toplaşdığı kiçik cəmiyyət nəzərdə tutulur. Bu cəmiyyətin ana sütunu sevgi, fədakarlıq, təmənnasız münasibət, ən əsası isə  qarşılıqlı bağlılıqdır. "Uman yerdən küsərlər" deyib atalarımız. Ailə, qohum-qonşu həmişə bir-birindən sevgi, hörmət, qayğı umurlar. Əgər hər kəs bu keyfiyyətlərə sahib olmağa  çalışsa, onda sizə baxa-baxa, sizdən öyrənə-öyrənə böyüyən övladlarınız  zamanın bir vədəsində  bu təmənnasız duyğularınızı elə sizə bir mükafat olaraq qaytaracaq.

 

Şəhla NƏBİYEVA,

Şahbuz rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video