02 Oktyabr 2011 12:10
406
İQTİSADİYYAT
A- A+

Qobustan sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur

 

Ölkəmizin iqtisadi uğurları və bu nailiyyətlərin zaman-zaman daha da artması beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə təsir edir. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanın gələcək perspektivləri çox ümidvericidir. Son bir neçə ildə respublikamız dünya miqyasında iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkə statusunu uğurla daşımaqdadır. Ölkəmizdə iqtisadi imkanların daha da genişləndirilməsi üçün bütün gərəkli tədbirlər həyata keçirilir. Dövlət proqramları, layihələr uğurla icra olunur. Təqdirəlayiq haldır ki, Azərbaycanın güclənməsində regional inkişaf proqramının icrasının, o cümlədən respublikanın bütün bölgələrini əhatə edən abadlıq-quruculuq işlərinin əhəmiyyəti böyükdür. Hər ötən ildə qazanılan uğurlar növbəti ilin nailiyyətləri üçün zəmin yaradır.

Bu gün Azərbaycanın regionlarının yüksək inkişaf tempini Qobustan rayonunun timsalında da görmək mümkündür. Rayon abadlaşır, inkişaf edir, yeni yüksəliş dövrünü yaşayır. Qobustanın mərkəzində və kəndlərində görülən quruculuq işləri əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edir.

Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Qobustana səfəri zamanı rayonda görülən işlərlə bağlı razılığını bildirməsi əhalinin ruh yüksəkliyini, işgüzarlığını daha da artırıb. Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Bu gün yeni taxıl anbarının açılışında iştirak etmişəm. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə, bu layihələr də icra edilir. Yollar çəkilir və çəkilməlidir. Qazlaşdırma gedir. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür".

Rayon ictimaiyyətinin hələ də ölkə rəhbərinin səfərinin müsbət ovqatı ilə yaşadığını bildirən Qobustan RİH başçısı Adil Məmmədov xüsusi vurğuladı ki, dövlət başçısının hər xoş sözü bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışırıq ki, cənab Prezidentin bütün tapşırıq və tövsiyələrini vaxtında, məsuliyyətlə yerinə yetirək.

Qobustanda söhbət etdiyimiz insanlar da dövlət başçısının rayona səfərindən böyük minnətdarlıq hissi ilə danışırdılar. Rayon sakinləri ölkə rəhbərinin bölgələrə, o cümlədən Qobustana diqqət və qayğısını yüksək qiymətləndirirlər.

Zümrüd Şərifova, rayon qadınlar cəmiyyətinin sədri: - Ölkə rəhbərinin rayona gəlişi xeyir-bərəkət gətirir. Cənab Prezidenti qarşılamaq, onu üzbəüz salamlamaq, dəyərli sözünü-söhbətini eşitmək, təkliflərini, tövsiyələrini dinləmək insanlar üçün çox xoşdur. Prezident İlham Əliyevin Qobustana səfəri bizim üçün, sözün əsl mənasında, bayrama çevrildi. Bilirdik ki, cənab Prezidentin səfərindən sonra rayonumuza dövlət qayğısı daha da artacaq. Belə də oldu. Ölkə rəhbəri buraya səfərindən iki gün sonra - 15 sentyabr 2011-ci il tarixdə Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Qobustan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2.0 (iki) milyon manat vəsait ayrılması barədə sərəncam imzaladı. Bu diqqətə və qayğıya görə rayon sakinləri adından cənab Prezidentə dərin minnətdarlığımızı bildirirəm.

Qoşqar Qarayev, fermer: - Qobustan rayon ictimaiyyəti adından dövlət başçısını salamlamaq şərəfi mənə nəsib olduğuna görə özümü çox xoşbəxt hiss edirəm. Həmin məqamı ömrüm boyu unutmayacağam. Bu gün danılmaz faktdır ki, paytaxtımızla bərabər, regionlarımız da sürətlə inkişaf edir, kəndlərimiz, qəsəbələrimiz abadlaşır, gözəlləşir. Qeyd etməyi özümə borc bilirəm ki, məhz dövlətimizin, şəxsən Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsidir ki, sahibkarlıqla məşğul olmaq üçün rayonlarda, o cümlədən Qobustanda hər cür şərait yaradılıb. Mən özüm taxılçılıq və maldarlıqla məşğulam. 35 nəfərlik işçi qüvvəmiz, lazımi texnikamız, 700 tonluq taxılsaxlama anbarımız var. İstifadə etdiyimiz 300 hektara yaxın əkin sahəsinin 100 hektarı öz pay torpağımdır. Taxıl toxumçuluğuna diqqəti getdikcə daha da artırırıq. Bu sahədən məhsuldarlığımız hər hektara görə 35 sentner olub ki, bu da əvvəlki ildəkindən iki dəfə çoxdur. Uğurlarımızı daha da artırmaq əzmindəyik. Niyə də olmasın! Dövlətimizin yüksək qayğısı sayəsində ölkəmizə daha böyük fayda vermək vəzifə borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.

Vəlican Bələdov, Qobustan tinglik mərkəzinin aqronom-mütəxəssisi: - Dövlətimizin başçısının Qobustana səfəri çərçivəsində rayondakı tinglik mərkəzində olması, işin daha səmərəli təşkili üçün tapşırıq və tövsiyələrini verməsi işgüzarlığımızı daha da artırıb. Ölkə rəhbərinin gəlişindən sonra kollektivimizin toplantısı oldu. Cənab Prezidentin tapşırıqlarına uyğun qarşıda duran vəzifələri müzakirə etdik. Qərara aldıq ki, Qobustanı yaşıllıqlar diyarına çevirmək üçün işgüzarlığımızı, səy və bacarığımızı daha da artıraq.

Qurban Kərimov, həkim: - Dövlət başçısının bölgəyə səfəri təkcə baş çəkdiyi müəssisə və obyektlərdə deyil, bütün strukturlarda böyük canlanma, ruh yüksəkliyi yaradır. Bəlli həqiqətdir ki, dövlətin yetərli qayğısı bütün parametrlər üzrə inkişafı stimullaşdırır. Qobustan balaca rayon olsa da, artıq burada da böyük işlərə başlanılıb. Çalışdığım tibb sahəsində indiyədək müəyyən kadr çatışmazlığı hiss olunurdu. Bu amil həm də ötənlərdə qismən də olsa sosial-infrastruktur çətinlikləri ilə bağlı idi. Ancaq son vaxtlar rayonda aparılan yenidənqurma, tikinti-quruculuq işləri, yaradılan infrastruktur, o cümlədən xəstəxana-poliklinika sisteminin müasir avadanlıqla təchizatı ilə bağlı atılan addımlar deməyə əsas verir ki, tibbi kadrlar Qobustana da rahatlıqla üz tutacaqlar. Lazımi şərait olandan sonra kifayət qədər yetərli xidmət göstərmək də mümkündür. Bu baxımdan, biz tibb işçiləri də ölkə rəhbərinin Qobustana səfərini, göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin sədri Xuraman Ağayeva, rayon təhsil şöbəsinin metodisti Kənan Rəhimli və digər söhbət etdiyimiz rayon sakinləri də Prezident İlham Əliyevin Qobustana səfərindən, rayon sakinləri ilə görüşündən səmimiyyətlə danışdılar.

Prezident İlham Əliyev rayonda olarkən Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında da iştirak etmişdir. Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir Günəş və külək elektrik stansiyasının açılışını xüsusi vurğulayan ölkə rəhbəri demişdir: "Bu gün açılışında iştirak etdiyimiz stansiya Azərbaycan tarixində artıq yerini tutan bir məsələdir, bir layihədir. Burada bu gün yaradılan imkanlar, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bütün ölkəmizdə özünü büruzə verəcəkdir. İnanıram ki, Azərbaycanın təcrübəsi başqa ölkələrdə də tətbiq olunacaqdır".

Bu gün qobustanlılar yüksək ovqatla yaşayırlar və yaxşı bilirlər ki, dövlət qayğısı sayəsində sıralanmaqda olan uğurları artırmaq üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməli, fədakarlıqlarını daha da artırmalıdırlar.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video