19:40 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qisas alınır
ANA SƏHİFƏ / SİYASƏT
01:38 30.10.2020


İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu işğalçı Ermənistanı döyüş meydanında cəzalandırır


Ermənistanın sentyabrın sonlarında törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun müzəffər yürüşü ilə davam edir. Qısa zaman kəsiyində ordumuz işğalçıya elə bir zərbə vurub ki, bundan sonra onun özünə gəlməsinə onilliklər lazımdır. Ən əsası da odur ki, Füzulidən Ermənistanla dövlət sərhədinə qədər böyük bir ərazi artıq işğaldan azad edilib.


İşğal edilmiş ərazilərimizin xeyli hissəsi işğaldan azad olunub


Artıq Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xocavəndin kəndlərində, Suvqovuşanda Azərbaycan bayrağı dalğalanır. 6 rayon üzrə azad edilmiş yaşayış məntəqələrinin ümumi sayı 180-i ötüb. Beynəlxalq öhdəliklərini yerinə yetirməyən Ermənistan oktyabr ayında humanitar atəşkəslə bağlı 3 dəfə əldə olunmuş razılaşmaları dərhal pozub və hər dəfəsində də Azərbaycan tərəfindən layiqincə cəzalandırılıb. İşğal altında olan ərazilərinin bir qismini azad edən Azərbaycan həm də dünya ictimaiyyətinə göstərdi ki, danışıqları pozan, işğal siyasətindən əl çəkməyən Ermənistanı güc yolu ilə başa salmaqdan başqa yol yoxdur.

Eyni zamanda Dağlıq Qarabağda yenidən alovlanan müharibə Azərbaycan Ordusunun gücü və döyüş imkanları barədə deyilən fikirlərin həqiqət olduğunu praktik şəkildə təsdiqlədi. Rusiyanın "İnterfaks” agentliyinə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi”.

Ərazilərinin bir qismini azad etməklə Azərbaycan danışıqlar prosesində müəyyən olunmuş baza prinsiplərindən birini demək olar ki, təmin edib. Belə ki, ilkin olaraq işğalçılardan azad edilməsi nəzərdə tutulan 5 rayondan 4-ü artıq Azərbaycanın nəzarəti altındadır.


Hədəfi mülki əhali olan Ermənistan terror dövlətidir


Sentyabrın 27-dən başlayan döyüş əməliyyatları Ermənistanla bağlı bir həqiqəti növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Belə ki, şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən Ermənistan ordusu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hər gün yaşayış məntəqələrimizi və dinc əhalini hədəfə alır.

Döyüş əməliyyatlarının aparıldığı bölgələrə aidiyyəti olmayan şəhər və rayonlarımızı hər gün intensiv şəkildə raket və ağır artilleriya atəşinə məruz qoymaqla Ermənistan bir daha terrorçu mahiyyətini təsdiqləmiş oldu. Humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən və hərbi obyektlərin olmadığı Gəncə və Bərdə şəhərlərinin qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən atəşə tutulması göstərdi ki, Ermənistanın hədəfi mülki əhali, uşaqlar və körpələrdir.

Sentyabrın 28-də Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbə endirilməsi ilə Ermənistan növbəti müharibə cinayətinə imza atdı. Mülki əhaliyə qarşı törədilən bu cinayət nəticəsində 21 dinc Azərbaycan vətəndaşı qətlə yetirildi, 70-ə yaxın insan yaralandı. Bundan bir gün əvvəl isə Bərdənin Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 5 nəfər, o cümlədən 7 yaşlı uşaq Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorun qurbanı oldu. Bəli, Xocalı soyqırımını törədənlərdən başqa heç nə gözləmək olmazdı. Bütün bunlar cəbhədə uduzan, işğal etdiyi torpaqlardan qovulub çıxarılan düşmənin hərbi siyasi rəhbərliyinin faşizm xislətinin göstəricisidir.


Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi


Prezident İlham Əliyev "İnterfaks” agentliyinə müsahibəsində Bərdənin bombardman edilməsinə görə erməni silahlılarının döyüş meydanında cavab verəcəklərini bildirmişdi: "Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq”.

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan sonra özünün rəsmi "Twitter” səhifəsində paylaşım edən Prezident İlham Əliyev Bərdə sakinlərinin qisasının yerdə qalmayacağını və döyüş meydanında işğalçılara layiqli cavab veriləcəyini bəyan etdi.

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb. Ermənistanın oktyabrın 27-də qətlə yetirdiyi Bərdənin Qarayusifli kəndinin sakinlərinin qisası elə həmin gün alındı. Həmin gün və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ermənistan nə qədər gizlətməyə çalışsa da, həmin günkü itkiləri sonda etiraf etməyə məcbur oldu.

Bərdəyə edilmiş ikinci hücumun da qisası döyüş meydanında alındı. Son iki gündə Ermənistan canlı itkilərinin sayının 100 nəfərdən çox olduğunu bildirsə də, reallıqda bu, dəfələrlə çoxdur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlarda düşmənin canlı itkisinin olduqca çox olduğu aydın görünür.

Müzəffər Azərbaycan Ordusunun Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etməsi bir daha göstərdi ki, düşmən torpaqlarımızdan qovulur və qətlə yetirilən vətəndaşlarımızın qisası alınır.

Azərbaycan Ordusu mülki insanları heç vaxt hədəfə almır. Bu günlərdə düşmənin bununla bağlı yaydığı dezinformasiyalar da ekspertlər tərəfindən ifşa olundu. Ermənistan doğum evinin atəşə tutulduğunu iddia etsə də, yaydıqları şəkillərlə öz yalanlarını ifşa etdilər. İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuzun hədəfi işğal edilmiş torpaqlarımızın azad edilməsidir. Ona görə Azərbaycan terrorçu Ermənistanı məhz döyüş meydanında cəzalandırır və bu, torpaqlarımızın işğaldan tam azad edilməsinə qədər davam edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM