09 Sentyabr 2021 00:32
824
İQTİSADİYYAT
A- A+

Qeyri-neft məhsullarının ixracı 30,5 faiz artıb

 

İxracla bağlı Azərbaycana hətta ABŞ-dan sifariş daxil olur

 

Cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə  30,5 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasi Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında məlumat verilib.

İcmalda bildirilir ki, 2021-ci ilin 7 ayı ərzində ölkə üzrə ixracın dəyəri 11,4 milyard, qeyri-neft sektoru üzrə 1,4 milyard dollar olub. Qeyri-neft sektoru üzrə ixracın dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 faiz artıb. Bu dövrdə qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 338 milyon dollarlıq olub. Eləcə də qara metallar və onlardan hazırlanan məmulatların ixracında 2,4, pambıq iplikdə 2,8, şəkərdə 2,3 dəfə, kimya sənayesi məhsullarında 37, pambıq lifində 88,5, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.

İxrac edilən qeyri-neft məhsullarının siyahısında pambıq mahlıcı (133,8 milyon  dollarlıq) birinci olub. Ardınca pomidor (128,2 milyon dollarlıq) və qızıl (116,9 milyon  dollarlıq) gəlir. Sözügedən dövrdə Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana  94  milyon və ABŞ-a  33,7  milyon  dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

İcmalda həmçinin iyul ayı üzrə göstəricilər açıqlanıb. Bildirilir ki, normallaşma prosesinin davam etdiyi iyul ayında ixracın dəyəri 2,6 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon dollarlıq olub. Həmin ay ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artaraq 43 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 faiz artaraq 149 milyon dollarlığa çatıb.

İyulda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon  dollar) birinci, Türkiyə (49,9 milyon  dollar) ikinci və Gürcüstan (13,9 milyon  dollar) üçüncü olub. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə ilkin formalı polipropilen (15 milyon dollarlıq), azot gübrələr (12,7 milyon dollarlıq) və şaftalı  (12,2 milyon  dollarlıq) başçılıq edib.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi də tərtib edilib. Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunub: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Local Garden”, “P-Aqro” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “FruitLand” MMC və Cəfərov İlqar Südgül oğlu. Dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra siyahıda bu şirkətlər yer alıblar: “Socar Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.

İcmalda digər məlumat Azərbaycanın xarici ölkələrə qeyri-neft sektoruna aid  xidmətlər göstərməsi ilə bağlıdır. Qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon  dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib. “Azərkosmos” ASC-nin xidmət ixracından  gəliri onun ümumi gəlirlərinin 92 faizini təşkil edib. İyul ayında isə “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 6,7 milyon dollarlıq xidmət ixrac olunub.

İcmalda həmçinin məlumat verilir ki, hesabat dövrü Azexport.az portalına 283,6 milyon  dollar dəyərində ixrac sifarişləri daxil olub. İyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon dollar təşkil edib. Ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara  olub. 7 ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon dollarla ABŞ, 5,8 milyon dollarla Birləşmiş Krallıq, 5,6 milyon dollarla Fransa, 3,7 milyon  dollarla Malayziya və 1 milyon dollarla BƏƏ qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,5  milyard dollar təşkil edib.

“İxrac İcmalı”nda həmçinin məlumat verilir ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə  həyata keçirilən qeyri-neft məhsulları üzrə ixracın dəyəri 30 milyon dollara çatıb. 2017-ci ildən 2021-ci ilin sentyabr ayınadək mərkəz vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri isə 655 milyon dollardır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video