23:11 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qətiyyətin və milli dəyanətin təntənəsi

ANA SƏHİFƏ / SİYASƏT
00:45 27.05.2021

 

İlham Əliyevin liderliyi ilə tariximizin qürur doğuran səhifələri yazılır

 

Ötən il torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi xalqımızın müasir və müstəqillik tarixinin böyük hərbi-siyasi uğuru oldu.  Əgər 1993-cü ildə Heydər Əliyev müstəqilliyimizin əbədi olmasını təmin etmişdisə, vətəndaş qarşıdurmasının, dövlətimizin parçalanmasının qarşısını almışdısa, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, işğal siyasəti yürüdən Ermənistanı güc yolu ilə cəzalandırmışdı.

 

29 ildən sonra Azərbaycana tamamilə fərqli mənzərə hakimdir

 

Düz 29 il əvvəl, 1992-ci ilin may ayında Azərbaycanda hansı proseslərin cərəyan etdiyini yaxşı xatırlayırıq. Müstəqilliyimizin ağır günləri yaşanırdı, müasir tariximizin faciələrlə dolu səhifələri yazılırdı. Hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu.

29 ildən sonra isə Azərbaycana tamamilə fərqli mənzərə hakimdir. Dövlətimizin və xalqımızın ən şərəfli günləri yaşanır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

Təbii ki, bütün bu uğurlarımızın kökündə hər şeydən əvvəl siyasi iradə, möhkəm qətiyyət, düzgün idarəçilik dayanır. Məhz bunların sayəsində Ulu Öndər Heydər Əliyev 1993-cü ildə, ümidlərin artıq tükəndiyi bir vaxtda Azərbaycanı xilas etmişdi. Özünün siyasi müdrikliyi ilə Heydər Əliyev xarici təsirlərin maraq dairəsində olan Azərbaycanı qorudu, müstəqilliyimizin itirilməsinə imkan vermədi, ölkəmizi inkişaf yoluna çıxardı. Heydər Əliyevin hələ həssas dönəmlərdə dünyanın aparıcı neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarına cəlb etməsi onun siyasi müdrikliyinin göstəricisi idi.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən həyata keçirdiyi siyasət isə respublikamızın davamlı yüksəlişini, möhkəmlənməsini, qüdrətlənməsini təmin edib. Bu inkişaf kompleks xarakter daşıyaraq cəmiyyət həyatının bütün sahələrində yüksəlişə yol açıb. Nəticə etibarilə Azərbaycan regionun lideri statusuna sahib olub, beynəlxalq enerji təhlükəsizliyində dünyanın aparıcı dövlətlərindən biri kimi tanınıb. Bütün bunların fonunda son illərin əsas reallıqlarından biri bugünkü Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsidir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunun məzmunu da güclü Azərbaycan dövlətinin təsdiqidir. “Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. Amerika Birləşmiş Ştatları ötən il “Cənub qaz dəhlizi”nin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

 

Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”, - deyə Prezident Cozef Bayden bildirir.

Bəli, bir vaxtlar informasiya blokadasında olan, öz həqiqətlərini dünyaya çatdıra bilməyən Azərbaycana indi dünyanın ən güclü dövlətlərindən birinin rəhbəri həm minnətdarlığını bildirir, həm də dəstəyini ifadə edir.

 

Azərbaycan Prezidenti bütün təzyiqləri sərkərdə qətiyyəti ilə dəf etdi

 

Bütün dövrlərdə dövlətimiz üçün prioriet məsələ torpaqlarımızın işğaldan azad edilməsi olub. Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfində olsa da, problemin həlli ilə bağlı vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda hər zaman ikili standartlar özünü göstərib. Məsələnin təəssüf doğuran digər tərəfi də odur ki, bu proseslə işğala məruz qalan Azərbaycana təzyiqlər olunub, ölkəmizin işğalla barışması üçün müxtəlif siyasi cəhdlər göstərilib. Lakin Azərbaycan beynəlxalq mövqelərimizin zəif olduğu vaxtlarda belə, respublikamızın milli maraqlarına zidd olan razılaşmaları yaxına buraxmayıb.

Prezident İlham Əliyev isə hər zaman bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Eyni zamanda dövlət başçısı hər zaman bildirib ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan Ordusu öz sözünü deyəcək. Beləliklə, İlham Əliyev necə demişdisə, elə də oldu.  Ermənistanın sülh danışıqlarını pozmasından və cəbhə xəttində hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.

Azərbaycan üçün Vətən savaşına çevrilən İkinci Qarabağ müharibəsi bütün xalqımızın qətiyyətinin göstəricisi oldu. Böyükdən-kiçiyə qədər, dilindən, dinindən, əqidəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları vahid amal uğrunda birləşdilər, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldular.

İnsanları daha məğrur edən və qələbə əzminə kökləyən isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti idi. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif istiqamətlərdən siyasi-diplomatik təzyiqlərin şahidi olduq. Hətta BMT-də Ermənistanın milli maraqlarını ifadə edən sənədin qəbuluna cəhd göstərdilər. Lakin İlham Əliyev bütün diplomatik təzyiq və təhdidlərə sərkərdə qətiyyəti ilə sinə gərdi, BMT-də məlum sənədin qəbulunun qarşısı alındı. İlham Əliyev informasiya savaşında dünya erməniliyini darmadağın etdi, erməni yalanlarına böyük zərbə vurdu.

 

Qarabağ əvvəlki şöhrətini bərpa edəcək

 

Artıq işğal olunmuş torpaqlarımız  azad nəfəs alır. Amma işğal illərində düşmən vandal mahiyyətindən irəli gələrək kənd və şəhərlərimizi dağıdıb, ekoloji soyqırım həyata keçirib, təbii sərvətlərimizi talan edib. Tarix sübut edir ki, bu cür vandallığı yalnız sivil və mədəni dünyagörüşündən uzaq olan xalqlar edirlər. Düşmənimizin milli təfəkkürü belə vandallıq və barbarlıq hisslərinə söykənir.

İndi işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa olunur, şəhər və kəndlərimiz yenidən qurulur. Bu məsələdə də ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin qətiyyətini görməkdədir. İlham Əliyevin ötən ilin noyabrından işğaldan azad olunmuş ərazilərə 8 dəfə səfər etməsi göstərir ki, dağıdılmış yurd yerlərimizin bərpası prioritet vəzifələr sırasındadır.

Düşmənin illərboyu vurduğu yaraların hamısı sağalacaqdır. Prezident İlham Əliyevin xüsusi qayğısı və qətiyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək və Qarabağ əvvəlki şöhrətini bərpa edəcəkdir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM