23:28 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qərb Rusiyanı sanksiya “yağış”ına tutdu

ANA SƏHİFƏ / DÜNYA
00:40 04.03.2021

 

Moskva cavab tədbirləri hazırlayır

 

Qərb dövlətləri rusiyalı müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi və ardınca həbsxanaya salınması ilə əlaqədar Moskvaya qarşı tətbiq olunması gözlənilən sanksiyaların məzmununu açıqlamışdır. Sanksiya marafonunu Avropa İttifaqı (Aİ) başlamış və dərhal ABŞ avropalı tərəfdaşlarına qoşulmuşdur.

Aİ-nin “qara siyahı”sına Rusiyanın dörd yüksəkvəzifəli məmuru - İstintaq Komitəsinin sədri Aleksandr Bastrık  Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikov, Milli Qvardiyanın komandanı Viktor Zolotov və baş prokuror İqor Krasnov düşmüşdür. Sözügedən şəxslərin hamısının Aİ-nin ərazisinə girişi, həmçinin Aİ ölkələrinin banklarında vəsait saxlaması qadağan edilmişdir.

Beləliklə, Aİ insan hüquqlarının pozulmasına görə nəzərdə tutulan tədbirləri əhatə edən yeni mexanizm çərçivəsində ilk dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdir. Əvvəllər belə məhdudiyyətlər ya ayrı-ayrı ölkələrə qarşı elan edilən ümumi sanksiyalar çərçivəsində, ya da xüsusi mexanizmlər çərçivəsində, məsələn, kimyəvi silahlardan istifadəyə görə tətbiq olunurdu. Yeri gəlmişkən, Aİ Navalnı işi ilə əlaqədar yüksəkvəzifəli rusiyalı məmurları ilk dəfə hədəfə almamışdır. Ötən il oktyabrın 15-də Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov, habelə Sibir Federal Dairəsində səlahiyyətli nümayəndə Sergey Menyaylo Aİ-nin “qara siyahı”sına düşmüşlər.

ABŞ-ın sanksiya siyahısı daha genişdir. Məhdudiyyətlər eyni vaxtda üç nazirliyin - Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamentinin xətti ilə tətbiq olunmuş və bir neçə əsas qanunvericilik aktına əsaslanmışdır. Maliyyə Nazirliyinin xətti ilə sanksiyaya məruz qalan yeddi rusiyalı məmurun adları açıqlanmışdır. Bunlar Federal Penitensiar Xidmətin rəisi Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popovdur. Vaşinqtonun versiyasına görə, bu məmurların Navalnının zəhərlənməsi və azadlıqdan məhrum edilməsində əli var.

ABŞ Ticarət Nazirliyinin xətti ilə sanksiyalara məruz qalan təşkilatların adları da  açıqlanmışdır. Sanksiya siyahısında Rusiyanın “Ximmed”, “Femteko”, “Interlab”, “Labinvest”, “Analit Products”, “İntertek “nstruments”, “Farmkontrakt”, “Rau Farm” və “Regionsnab” şirkətləri yer almışdır. Eyni zamanda kimya məhsullarının istehsalı ilə əlaqəli üç elmi mərkəz - Rusiya Müdafiə Nazirliyinin 27-ci Elmi Mərkəzi və 33-cü Mərkəzi Elmi-Tədqiqat İnstitutu, habelə Dövlət Üzvi Kimya və Texnologiya Elmi-Tədqiqat İnstitutu ABŞ-ın sanksiyalarına məruz qalmışdır. Bundan başqa, ABŞ Ticarət Nazirliyinin sanksiya siyahısına Almaniyanın  üç  müəssisəsi - “ChimConnect Gmbh”, “Pharmcontract” və “Riol-Chemie” şirkətləri, həmçinin İsveçrənin “ChimConnect AG” şirkəti düşmüşdür. Vaşinqton hesab edir ki, bu təşkilatlar kütləvi qırğın silahlarının və kimyəvi silahların yaradılması və yayılmasında iştirak edə bilərdilər.

Eyni zamanda ABŞ Rusiyaya müdafiə məhsulları, texnologiyaları və xidmətlərinin ixracını qadağan etmişdir. ABŞ-ın Dövlət katibi Entoni Blinkenin verdiyi məlumata görə, bu qaydada istisna yalnız hökumətlərarası kosmik əməkdaşlığa şamil ediləcək. Sərnişin aviasiyasının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqəli ixracat da zərər görməyəcək. Lakin ticari kosmik əməkdaşlıq altıaylıq keçid dövründən sonra dayandırılacaq. Yeri gəlmişkən, Rusiyaya müdafiə təyinatlı malların ixracına qoyulan qadağa 2018-ci ildə Böyük Britaniyada Sergey Skripalın zəhərlənməsindən sonra Rusiyaya tətbiq olunmuş sanksiyaların genişləndirilməsi mənasına gəlir.

ABŞ Dövlət Departamenti bəyan etmişdir ki, tətbiq olunmuş sanksiyalar azı 12 ay qüvvədə qalacaq və yalnız bundan sonra ləğv edilə bilər - bir şərtlə ki, Rusiya hakimiyyət orqanları kimyəvi və bioloji silahlardan beynəlxalq hüquq normalarına zidd olaraq və öz vətəndaşlarına qarşı istifadə etməyəcəyinə etibarlı zəmanət versin. Vaşinqton bu istiqamətdə ilk addım kimi Navalnının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

Bütün bunlarla yanaşı,  ABŞ Administrasiyası Rusiyaya münasibətdə sanksiya təzyiqini dayandırmaq niyyətində deyil. “Bloomberg” Agentliyi administrasiyanın nümayəndəsinə istinadən xəbər verir ki, yenicə tətbiq olunmuş məhdudiyyətlər yalnız başlanğıcdır, başqa sanksiyalar da olacaq. Administrasiyanın nümayəndəsi əlavə etmişdir ki, “ABŞ insan hüquqlarının pozulmasına görə tədbir görüləcəyini göstərmək istəyir”.

Aİ və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Moskvada sərt reaksiya doğurmuşdur. Kreml sanksiyaların cavabsız qalmayacağını bəyan etmişdir. Rusiya Xarici İşlər Nazirliyi bildirmişdir ki, Aİ və ABŞ-ın yeni  sanksiyalarının real səbəbi diqqəti daxili problemlərdən yayındırmaq cəhdidir. Nazirliyin fikrincə, Aİ-də bu problemlər koronavirusa qarşı kütləvi peyvəndləmənin təşkili ilə əlaqədardır: Avropa dövlətləri vahid həll yolunu razılaşdıra bilmirlər. Öz növbəsində, ABŞ özünün timsalında kimyəvi tərksilah sahəsində “ədalət uğrunda mübariz” obrazı yaratmaq istəyir.

Məsələ ilə əlaqədar Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdir ki, Moskva yeni sanksiyaları qəbuledilməz hesab edir. Onun dediyinə görə, bu cür məhdudiyyətlər Rusiya ilə ABŞ və Aİ arasında onsuz da acınacaqlı vəziyyətdə olan münasibətlərə əhəmiyyətli dərəcədə zərər verir. Peskov baş vermiş hadisəni Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdir: “Bu cür qərarları heç bir əsası olmayan cəfəngiyyat hesab edirik”. Mətbuat katibi məlumat vermişdir ki, Rusiyanın müvafiq nazirlikləri cavab sanksiyalarının layihəsini hazırlayıb dövlət rəhbərliyinə təqdim edəcək.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM