14 Aprel 2021 03:23
629
SİYASƏT
A- A+

Qələbənin və qəhrəmanlığın rəmzi

 

İlham Əliyevin təşəbbüsü ilə salınan Hərbi Qənimətlər Parkı Azərbaycanın parlaq Zəfərini və Ordumuzun rəşadətini nümayiş etdirir

 

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsi xalqımızın son yüzilliklərdəki ən böyuk uğuru kimi tarixə həkk olundu.

Bu Qələbə ilə zəbt olunmuş torpaqlarımız azad olundu, Ermənistanın işğal siyasətinə son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa edildi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Ordumuz bütün bunları güc yolu ilə təmin etdi. Azərbaycanın “dəmir yumruğu” işğalçı Ermənistana elə bir dərs verdi ki, bu işğalçı ölkə tarixboyu  onun zərbəsinin ağırlığını unuda bilməyəcək.

 

Qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət edən ilk layihə

 

Vətən müharibəsindəki Qələbə tariximizin şanlı səhifəsidir. Bu Zəfər Azərbaycan oğullarının qanla yazdıqları qəhrəmanlıq salnaməsidir. Torpaqlarımızın işğaldan azad olunması Ümummilli Lider Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam edən inkişaf və yüksəliş siyasətinin parlaq məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycanı dünyaya tanıtdı, vətənimizi başıuca etdi. Bütün dünya xalqımızın iradəsinə, mətinliyinə şahidlik etdi, ölkəmizi daha yaxından tanıdı.  Ən əsası isə bu Qələbə hər bir azərbaycanlının milli şüuruna hopdu və bu gün hər birimiz haqlı olaraq qalib gəlmiş xalqın nümayəndəsi olmağımızla qürur duyuruq.

Bu qalibiyyət həm də gələcəyimizə işıq salan mayakdır. Ona görə bu gün qarşıda duran əsas vəzifələrdən biri Vətən müharibəsindəki qələbənin əbədiləşdirilməsidir. Əlbəttə, bu Qələbə yazıçılar, şairlər üçün ilham mənbəyi olacaq, ona həsr olunan filmlər çəkiləcək, müxtəlif yaradıcılıq nümunələri təqdim olunacaq. Bütün bunlar İkinci Qarabağ müharibəsində Zəfəri, Azərbaycan xalqının qəhrəmanlığını dünyaya təbliğ edəcək.

Qarabağ savaşındakı tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edən ilk böyük layihə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu,  Bakıda salınan Hərbi Qənimətlər Parkıdır. Aprelin 12-də dövlət başçısının açılışını etdiyi parkın kompozisiyasına daxil olan hər bir nümunə Azərbaycan Ordusunun, əsgərlərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir. “Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür”, - deyə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında deyib.

 

Düşmənin gücləndirilmiş müdafiə mö

vqeləri bir həmlədə ələ keçirildi

 

Ermənistanın hərbi təxribatlarından sonra əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilk olaraq düşmənin illərdir yaratdığı bir neçə mərhələdən ibarət istehkamları, müdafiə mövqelərini keçməli olmuşdular. Minalanmış sahələr, toxunarkən səs salan tikanlı məftillər, zirehli texnikanın hərəkətinin qarşısını alan dəmir konstruksiyalar və materiallar, dərin xəndəklər, betonlaşdırılmış istehkamlar, bombalardan qorunmaq üçün bunkerlər və onların arasındakı tunellər... Bütün bunlar işğalçıların Azərbaycan Ordusu ilə təmas xəttində yaratdıqları müdafiə mövqeyinin ayrı-ayrı elementləridir. Bu cür gücləndirilmiş müdafiə xəttinin yaradılması ilk növbədə onu göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını heç vaxt sülh yolu ilə azad etmək fikrində olmayıb. Bununla yanaşı, günlərin birində ordumuzun hücum edəcəyini də təxmin edirmişlər.

İşğalçı qoşunların mövqe tutduqları strateji yüksəkliklər də təbii istehkam rolunu oynayırdı. Bu mənada sentyabrın 27-də əks-hücuma başlayan Azərbaycan Ordusunun bölmələri çətin bir şəraitdə döyüşə atılmalı olmuşdular. Buna baxmayaraq ordumuz elə ilk həmlədə cəbhə xəttini yarmış, düşməni məhv etmiş və qovmuşdu. Döyüşlərdə iştirak etməyənlər həmin cəbhə xəttini görməsələr də, Hərbi Qənimətlər Parkı bu barədə dolğun təəssürat formalaşdırır. Belə ki, burada düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyini özündə ehtiva edən mühəndis-maneələr sistemi yaradılıb. Tank əleyhinə xəndək, mina sahəsi, ağır texnikanın hərəkətinin qarşısını almaq üçün beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemini cəbhənin Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələri qəhrəmancasına dəf etmişdilər.

Hərbi Qənimətlər Parkında yaradılan düşmənin şəxsi heyətinin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqları, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri işğalçı ordunun məhv edilmiş mövqelərinin görüntüləridir. Nə qədər möhkəmləndirsələr də, nə qədər güclü təchiz etsələr də, düşmənin döyüş postları ordumuzun qarşısında duruş gətirə bilmədi. Bu park Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

 

Erməni tankları Bakıya qənimət kimi gəldilər

 

Xatırladaq ki, hələ müharibədən əvvəl Ermənistanın hərbi siyasi dairələri Azərbaycana qarşı təhdidlərlə çıxış edirdilər. Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında qoyulan 7 şərt, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi düşmənin işğal siyasətindən xəbər verən addımlar idi. Bunun ardınca isə düşmən özündən razı halda bildirirdi ki, müharibə başlasa erməni tankları Bakıya kimi gələcəklər. Bəli, erməni tankları Bakıya gəldilər. Lakin məğlub olaraq, Azərbaycan Ordusunun qəniməti kimi. Ötən ilin dekabrında Zəfər paradında ictimaiyyətə təqdim olunan həmin tanklar indi Hərbi Qənimətlər Parkından Ermənistanın hərbi məğlubiyyətini bütün dünyaya nümayiş etdirir.

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”. Hərbi Qənimətlər Parkı Prezident İlham Əliyevin bu sözlərinin ifadəsidir. Bu park müharibənin bütün mənzərəsini kompleks şəkildə tamamlayır.

Buranı ziyarət edən hər kəs Azərbaycanın qələbəsinə, bu qələbəyə gedən yolda ordumuzun rəşadətinə şahidlik edəcək. Eyni zamanda bu park erməni işğalçılarının insanlıq əleyhinə törətdikləri cinayətləri faktlarla dünyaya çatdırır. Azərbaycana gələn bütün xarici qonaqlar bu parkı ziyarət edəcəklər və bu, onların Ermənistanın işğal siyasəti ilə bağlı bilgilərini artıracaq, ölkəmizin qələbəsi barədə daha ətraflı məlumatlar əldə etmələrinə imkan yaradacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video