01:15 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


00:28 24.01.2021

Kəndli razılıq edir


00:21 24.01.2021

Məmmədbəyli türbəsi


00:19 24.01.2021

Saatlı məscidi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qələbəmizin memarı
ANA SƏHİFƏ / SİYASƏT
00:43 29.12.2020

 

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasını İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirir

 

 

Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin ən əlamətdar dövrlərindən biri kimi yadda qaldı. Bu il ordumuz 30 ilə yaxın idi ki, işğal altında olan torpaqlarımızı azad edərək hər bir azərbaycanlının böyük səbirsizliklə gözlədiyi qələbənin sevincini xalqımıza yaşatdı. Artıq Dağlıq Qarabağ problemi yoxdur və Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddialarına birdəfəlik son qoyulub.

 

 

Vətənpərvərliyin, qətiyyətin və yenilməzliyin təcəssümü

 

 

Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki məhz İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşıda dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.

Vətən müharibəsinin 44 günü ərzində isə Azərbaycan xalqı bir daha öz rəhbərinin vətənpərvərliyinin, qətiyyətinin, yenilməzliyinin şahidi oldu. Məhz bu amillər xalqımızı bir amal uğrunda tarixdə görünməmiş dərəcədə həmrəy etdi. Məhz İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmkarlığı hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Azərbaycan ictimaiyyəti hər gün İlham Əliyevin qələbə xəbərlərini gözlədi və dövlət başçısının hər müjdəsini bayram etdi. Ali Baş Komandanın xalqa hər bir müraciəti tarixi hadisəyə çevrilərək xalqımızı daha da ruhlandırdı, Ermənistan üzərində tam qələbəni sürətlə yaxınlaşdırdı.

 

 

Prezidentin fəaliyyətinin bütün istiqamətləri təqdir olunur

 

 

Azərbaycan cəmiyyəti haqlı olaraq bu qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi rolunu yüksək qiymətləndirir. Sosial Tədqiqatlar Mərkəzi bu günlərdə açıqladığı "Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələri də bunu təsdiqləyir.

Sorğuda respondentlərə Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəliliyinin dəyərləndirilməsi, Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin öyrənilməsi, Vətən müharibəsində Qələbəmizi təmin edən əsas hansı amillərin olması, müharibə və pandemiya dövründə əhalinin hiss etdiyi əsas təhlükələrin öyrənilməsi və s. istiqamətlər üzrə suallar ünvanlanıb.

Respondentlərin 96,4 faizi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə Azərbaycan Prezidentinin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. 75,2 faiz respondent dövlət başçısının müharibə veteranları və yaralı hərbçilərlə görüşməsini və işğaldan azad olunmuş torpaqlara səfərlərini təqdir edib. Rəyi öyrənilənlərin 65,6 faizi Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 faizi xarici kütləvi informasiya vasitələrinə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında dəyərləndirib.

Ümumiyyətlə, sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi əvvəlki dövrlərlə müqayisədə müharibə dövründə ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqeyini müsbət qiymətləndirib. Ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyini çox yaxşı qiymətləndirən 78,6 faiz respondentin 66,5 faizi Prezidentin xarici mediaya müsahibələrini müntəzəm olaraq izlədiklərini bildirib. Dövlət başçısının xalqa müraciətlərini respondentlərin 72,2 faizi müntəzəm izləyib.

Bu il ərzində Prezidentin daha çox insan tərəfindən (68,5 faiz) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksəkvəzifəli şəxslərin qanunazidd fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılması olub. O cümlədən İlham Əliyevin korrupsiyaya qarşı mübarizəni gücləndirməsi və sərt mövqe göstərməsi 60,2 faiz, pandemiyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti 60,1 faiz respondent tərəfindən təqdir olunub.

Respondentlərin mütləq əksəriyyəti - 93,7 faizi müharibədə göstərdikləri xidmətlərə görə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirib. Sentyabrın 27-sinin Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olduğunu bəyan edən respondentlər rəyi öyrənilənlərin 96,7 faizini təşkil edib. Noyabrın 8-nin Zəfər günü kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 faiz civarındadır. Vətən müharibəsindən sonra Prezidentin siyasi lider kimi şəxsi keyfiyyətlərinə ictimai münasibətə gəlincə, əhalinin mütləq əksəriyyəti (81,6 faiz) dövlət başçısında yeni şəxsi keyfiyyətlər müşahidə edib.

Respondentlərin 94,6 faizi Prezidentin rəhbərliyi ilə ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətində görülən işləri çox səmərəli, 85,1 faizi isə dövlət başçısının xarici siyasət istiqamətindəki fəaliyyətini çox səmərəli qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin yaxın dövrlərdə bərpası ilə bağlı bəyanatlara inam mütləq çoxluqla (97,7 faiz) xarakterizə edilir.

 

 

Əsl triumf əldə edən yeganə lider

 

 

Ötən hər bir il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə yadda qalır. Bu baxımdan, əvvəldə qeyd edildiyi kimi, Vətən müharibəsindəki qələbəyə görə 2020-ci il xüsusilə əlamətdardır. Ermənistanın müharibədə məğlub edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması İlham Əliyevin tarixi siyasi-hərbi uğuru olmaqla, Azərbaycanın beynəlxalq imicini artırdı. Bu qələbə ilə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi, bütün dünya bir daha Azərbaycanın regionun lideri olduğunu gördü.

İlham Əliyevin yenilməz qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində qazanılan bu qələbə Rusiya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Bunu Rusiyanın məşhur "Vedomosti” nəşrinin oxucular arasındakı keçirdiyi səsvermədə Prezident İlham Əliyevin "İlin siyasətçisi” nominasiyası üzrə qalib olması da təsdiq edir. Nəşr yazır: "İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

Qeyd edək ki, nominasiyanın namizədləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko da olub.

Göründüyü kimi, İlham Əliyevin fəaliyyəti Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Vətən müharibəsindəki möhtəşəm qələbə, o cümlədən pandemiya ilə mübarizədə beynəlxlaq həmrəyliyin əldə olunmasına verdiyi dəyərli töhfələr bir daha onu göstərdi ki, Azərbaycan Prezdenti dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədədir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM