28 Oktyabr 2021 02:32
754
CƏMİYYƏT
A- A+

Qələbədən yeni reallıqlara doğru

 

Azərbaycan onillər boyu sülh danışıqları aparanda da, 44 günlük müharibə ilə əsrlərin problemini həll edəndə də nə istədiyini yaxşı bilirdi. Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, işğalçı ermənilərə sərf edən şəkildə dondurulmuş münaqişənin buzunu əritmək, status-kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli yurdlarımıza qayıdışına nail olmaq üçün lazım idi.

Bütün bu baş verənlər sanki 30 ilədək sürən bir röyaymış. Vətən müharibəsində qazandığımız böyük Qələbə indi o nisgilləri ovudur, yaraları sarıyır, keçmişin dərslərindən nəticə çıxararaq gələcəyə yönəlməyə, zəfəri inkişaf nailiyyətləri ilə daha da böyütməyə, möhkəmləndirməyə, yeni başlanğıclara doğru addım atmağa sövq edir. Bu gün azadlığa çıxan torpaqlarımızdan heç zaman ayrı düşməməyimizlə bağlı təəssüratlarımızda müəyyən bir həqiqət payı da var. Biz doğma yurdlardan didərgin düşəndə o torpaqları da içimizdə, xatirələrimizdə özümüzlə götürüb gəlmişik. Onlar hər anımızda yaşayıblar. Bizimlə birgə olublar. Unutmamışıq və unudulmağa da qoymamışıq. Hətta ən ümidsiz vaxtlarımızda belə bunun məhz belə olacağına - doğma torpaqlara qayıdacağımıza bütün varlığımızla inanmışıq.

Və o gün gəldi...

Əvvəlcə bir sıra cəbhəətrafı kəndlərimiz, ardınca Suqovuşan qəsəbəsi, sonra Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı rayonları ordumuzun gücü ilə işğaldan azad edildi. 2020-ci ilin noyabr ayı isə yeni qələbələrlə ən böyük, əlamətdar günlər qazandı. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində azadlığa çıxdı. Bu, dünyanın hərb tarixində əbəqi qalacaq və igidlik, mərdlik, Vətənə sevgi nümunəsi kimi daim xatırlanacaq bir qələbədir.

Artıq ümidlər, xəyallar gerçəkliyə çevrilib.

Müzəffər ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə ölkəmizin iqtisadi qüdrəti ilə davam edir. İşğalçılardan təmizlənmiş doğma yurdlarımızın dirçəlişi üçün tikinti-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Qalib ordumuzun Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatları əsl Sərkərdə məharəti ilə idarə edərək  xalqımızı Zəfərə qovuşdurduğu kimi, Qələbədən sonra başlanmış quruculuq işlərinin də hər anını diqqətdə saxlayır. Ölkə rəhbəri mütəmadi şəkildə azad yurdlarımıza səfərlər edərək işlərin gedişi ilə maraqlanır. Prezidentin hər gəlişi, təməlini qoyduğu hər tikili bu torpaqlara yeni bir həyat gətirir. İnsanlarımıza bir aləm ümid, sevinc və qürur bəxş edir.

 

Zəngilana dördüncü səfər

 

Dövlət rəhbərimizin bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Zəngilan rayonuna səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdikləri görüş də tarixi məqamları ilə yadda qaldı. Bu, işğaldan azad ediləndən sonra Prezident İlham Əliyevin Zəngilana dördüncü səfəridir. Səfərin rəmzi mənası həm də onun bir il əvvəl bu gözəl, səfalı məkanın azad edildiyi günə, 20 oktyabr tarixinə təsadüf etməsi idi.

Səfər zamanı Azərbaycan Prezidenti rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldu. Əvvəlki səfərləri kimi bu gəlişində də Ali Baş Komandanın Zəngilana yeni ərməğanları ilə yadda qaldı. Azərbaycan Prezidenti Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlini qoydu. 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının isə açılışında iştirak etdi.

Təməli qoyulan, tikintisi aparılan, eləcə də açılışı edilən infrastruktur obyektlərinin ümumi xarakteri ilə yaxından tanışlıq Azərbaycan dövlətinin azad Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinin hansı prinsiplər əsasında aparıldığını göstərir. Bu, sadəcə sıradan bir quruculuq prosesi deyil. Prezident İlham Əliyev bu torpaqlarda XXI əsrin şəhər və kəndlərini qurur. İllər əvvəl yalnız xəyal edə biləcəyimiz inkişaf mənzərəsini qurucu əlləri ilə yurdlarımızın füsunkar köksünə köçürür. Xəyalları reallaşdırır. Bölgənin işğal altında qalıb son daşına, kərpicinə, ağacına qədər yağmalandığı təxminən 30 il ərzində itirilmiş illərini qaytarır. Bu yerlərin yeni həyatı 1993-cü ildə qaldığı yerdən yox, XXI əsrin indiki günlərindən, Azərbaycanın hazırkı qüdrətli dönəmindən başlanır. Şəhər və kəndlərimiz yeni minilliyin innovativ texnologiyaları əsasında abadlaşır və qurulur.

Bir neçə il keçəcək, bütün dünya Azərbaycanın qısa zamanda bu torpaqlarda yaratdığı möcüzəyə heyran olacaq. Qarabağ və Şərqi Zəngəzur dünyanın bütün ölkələrindən olan qonaqların, bu gözəlliyin, inkişafın, möcüzənin sorağını eşidib gələn insanların ən sevimli məkanına çevriləcək.   

 

İlk “ağıllı kənd”

 

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi buna doğru uğurlu bir başlanğıcdır. Prezident İlham Əliyev ölkəmizdəki ilk “ağıllı kənd” layihəsinin təməlini 2021-ci ilin aprelində qoyub. Hazırda layihənin əhatə etdiyi 110 hektardan çox ərazidə tikinti işləri aparılmaqdadır. İşlərin gedişi ilə yerində tanışlıq zamanı dövlət rəhbərimizə verilən məlumatdan belə aydın oldu ki, burada innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş  200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası olacaq. Kənddə yaradılacaq “ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar təmin ediləcək. Kənddə sakinlərin ən yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılacaq.

Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da müvafiq işlər görüləcək. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən, müəyyənləşdirilmiş 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər artıq başa çatıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması da nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Bəzi binalar da hazır vəziyyətdədır. Bu ilin sonu, gələn ilin əvvəlinə kənd sakinlərinin bura köçürülməsinə başlanacaq.

 

İnkişaf əzmi

 

Azərbaycanın qüdrətli əllərinin azad Zəngilanda qurduğu mühüm strateji obyektlərdən biri də Zəngilan Beynəlxalq Hava Limanıdır. Prezident İlham Əliyev səfəri zamanı burada da tikinti işlərinin gedişi ilə tanış oldu. Mayda başlanan işin 2022-ci ildə tamamlanması planlaşdırılır. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Zəngilan coğrafi baxımdan mühüm beynəlxalq nəqliyyat-logistika məkanında yerləşdiyindən burada yaradılan hava limanının önəmi çox böyükdür. Bu ərazidə indiyə qədər heç zaman hava limanı olmayıb. Bu gün isə beynəlxalq hava limanının inşası Azərbaycanın iqtisadi qüdrətinin, inkişaf əzminin göstəricisidir.

Rayona səfəri zamanı Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılmış şəraitlə də tanış oldu. Qısa müddətdə belə bir kompleksin qurulması Ali Baş Komandanın tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə aparılan fəaliyyətin tərkib hissəsidir. Azərbaycan işğalçılardan azad edilmiş torpaqlarımızda hərbi gücünü daha da möhkəmləndirir, əsgər və zabitlərimiz Vətənin sərhədlərinin keşiyində ayıq-sayıq dayanır.

Prezident İlham Əliyevin səfər zamanı açılışını etdiyi 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası, həmçinin təməlini qoyduğu Rəqəmsal Yarımstansiya bu regionun gələcəyinə işıq salacaq. İnkişaf proseslərinin enerji mənbəyinə çevriləcək.

 

İstədiyimizə nail oluruq

 

Azərbaycan geniş imkanlar ölkəsidir. Hazırda cəmiyyət həyatının müxtəlif sahələrində köklü islahatlar uğurla davam etdirilir. Yeni dövrə transformasiya prosesi sürətlə həyata keçirilir. Ölkəmiz yenilənir. Bu yenilik ruhu hər yerdə, hər an bütün bölgələrdə özünü hiss etdirir və insanlarımızın arzuları ilə üst-üstə düşür. Bu işlərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır. Zamanla birgə özü də dəyişib güclənir.

Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə regiondakı reallıqlar, ölkənin müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələr, bu bölgədə görülən işlər barədə fikir mübadiləsi apardı. Xüsusi qeyd olundu ki, bu layihələr regiona sülh, davamlı inkişaf, insanlara rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar faydalanır.

Dövlət başçısı Zəngilanın hazırlanmaqda olan baş planının xoş xəbərini də çatdırdı. Qeyd etdi ki, ərazinin təbii gözəllikləri nəzərə alınaraq burada çox müasir bir şəhər qurulacaq. Həmçinin rayonun kəndləri də yenidən tikiləcək. 

Prezident İlham Əliyev Zəngilanın ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bəyan etdi: “Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur”.

 

Ermənilər Oxçuçayı təbii fəlakət zonasına çeviriblər

 

Azərbaycan Prezidenti Zəngilanda müasir logistika-nəqliyyat mərkəzinin yaradılması üçün bütün infrastrukturun qurulacağını, paralel olaraq təbiətin mühafizəsi, çayların qorunması ilə bağlı tədbirlərin görüləcəyini qeyd etdi. Dövlətimizin rəhbəri görüşdə diqqətə çatdırdı ki, ermənilər Oxçuçayı təbii fəlakət zonasına çeviriblər. Çaydan götürülən analizlər burada zəhərli maddələrin həcminin normadan dəfələrlə artıq olduğunu göstərir. Azərbaycan dövləti bu çayları təmizləyəcək, burada dağ-mədən sənayesi inkişaf etdiriləcək. “Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik”,- deyə Azərbaycan Prezidenti bildirdi.

 

“Onlar öz həyatlarını Vətənə bəxş etdilər”

 

Zəngilanın ictimaiyyət nümayəndələri ilə görüşün ən duyğu dolu anlarından biri də Ali Baş Komandanın Vətən Müharibəsi Qəhrəmanı, tabor komandiri kapitan, şəhid Surxay Noçuyevin atası ilə görüşü idi. Prezident şəhid atasını bağrına basdı, bu torpaqları canı-qanı bahasına azad edən şəhidlərimizin ruhuna ehtiramını ifadə etdi: “Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər”.

Dövlət rəhbərimiz vurğuladı ki, 44 günlük Vətən müharibəsindəki qələbəmiz işğal dövründə əyilməyən, vəziyyətlə barışmayan, öz doğma torpaqlarını unutmayan Azərbaycan xalqının qələbəsidir. Prezident İlham Əliyev burada gəncliyin gücünü, əzmkarlığını, vətənpərvərliyini, döyüş ruhunu xüsusilə qeyd etdi. Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini görə bilir. Bunun üçün də doğma yurdun inkişafına töhfə verməyə, Vətən naminə misilsiz fədakarlıqlar göstərməyə hər zaman hazırdır.

Onlar gözlərini açıb Azərbaycanı güclü, öz milli  məqsədlərinə doğru addım-addım irəliləyən görüblər. Ölkəmizin nailiyyətlərini gündəlik həyat tərzi kimi yaşayıblar. Dövlətimizin varlığını, gücünü, dəstəyini, diqqət və qayğısını hər zaman hiss ediblər. Vətən, dövlət bu gənclik üçün sadəcə söz deyil, qeyri-müəyyən təsəvvür deyil. Bu, sarsılmaz inamdır, arzulara çatmaq üçün mənəvi və maddi güc mənbəyidir. Daim vətəndaşlarının yanındadır, onların rifahı, xoşbəxtliyi üçün çalışandır. Qürur mənbəyidir, Vətən evinin abadlığıdır, dünyaya qovuşmaqdır, qlobal inkişaf proseslərinin güclü bir hissəsi olmaqdır.

İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. Vətən müharibəsindəki zəfərimizdə bütün nəsillərin böyük əməyi, zəhməti var. Bu, danılmaz faktdır. Amma bu qalibiyyəti qazananlar cərgəsində Prezident İlham Əliyevin ölkəmizə  rəhbərliyi dövründə yetişən, formalaşan gəncliyin xüsusi rolu oldu. Dövlət rəhbərimiz öz çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində dəfələrlə bunu qeyd etmişdir və bir daha xüsusi vurğuladı: “Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq”.

Prezident daha sonra Zəngilanın ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik bölgəyə çevriləcəyini bildirdi. Bu prosesin həmin məkanın sakinləri ilə birgə həyata keçiriləcəyini dedi və şəhərin baş planı hazır olandan sonra onları da öz fikirlərini bildirməyə çağırdı. Bütün dünya azərbaycanlılarına tezliklə Zəngilandan Naxçıvana, oradan Türkiyəyə, oradan da Avropaya açılacaq yolların xoş müjdəsini yetirdi.

Şərqi Zəngəzurdan dünyaya uzanan yol Prezident İlham Əliyevin tarixinin ən qüdrətli inkişaf mərhələsinə çatdırdığı Azərbaycanın indikindən də güclü, xoşbəxt gələcəyinə doğru gedən yol olacağına hamı əmindir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video