16:12 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

QƏLƏBƏ MÜJDƏLİ MÜRACİƏTLƏR

ANA SƏHİFƏ / SİYASƏT
02:04 28.09.2021

 

İlham Əliyevin hər müraciəti xoş xəbərlər çatdırmaqla bərabər, xalqa və orduya yeni ruh yüksəkliyi, qələbə əzmi də aşılayırdı

 

Yenə Müzəffər Ali Baş Komandanın müraciətini sonsuz sevgi və təşnə ilə  dinlədik!

Hər birimizə inam, qürur, fəxarət duyğusu bəxş edən müraciətini!

Sözün doğrusu, Prezidentimizin müraciəti üçün çox darıxmışdıq!

Lap çox!

Axı, 44 günlük Zəfər müharibəsi dövründə az qala bu müraciətlərlə yaşayır, hərbi əməliyyatların gedişini ondan öyrənir, Azərbaycan Ordusunun qüdrəti ilə azad edilən şəhər, kənd və qəsəbələr barədə dəqiq məlumat alır, qəlbən sevinir, hərdən isə göz yaşlarımızı saxlaya bilmirdik...

Bu müraciətlər  27 illik həsrətimizə son qoyulduğundan xəbər verirdi!

Bu müraciətlər murdar düşmənin müqəddəs torpaqlarımızı necə sürətlə tərk etdiyini göstərirdi!

Bu müraciətlər hər dəfə torpaq həsrətinin tezliklə sona çatacağının müjdəsini verir, ürəyimizə sevinc qarışıq sərin su səpirdi!

Bu müraciətlər dəmir yumruğun  düşmənin belini necə qırdığını, düşmən ordusunun məhv edildiyini konkret faktlarda  nümayiş etdirirdi!

Əslində bu müraciətlər müharibələr tarixinin görünməmiş səhifələrindən biri sayılır.

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim xalqla təmasa girir, hərbi əməliyyatların gedişi barədə əsl həqiqətləri söyləyir, xalqa ən operativ,  ən doğru və düzgün informasiya verir, xoş xəbərləri ilə hər birimizi, hər bir əsgər və zabiti ruhlandırır, yeni qəhrəmanlıqlara kökləyirdi!

Həm də  öz xalqına yalan danışan erməni siyasətçilərini, hərbçilərini ifşa edir, onların saxta simalarını bir daha açıb göstərirdi!

44 günlük Zəfər müharibəsinin başlanmasından bir il sonra - 27 sentyabr 2021-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən ənənəvi, hamımızın həsrət, həyəcan və sevinclə gözlədiyi, sonda “Qarabağ Azərbaycandır!” bəyanatı ilə  bitən onuncu  müraciətini etdi!

***

Bu müraciətdən bir neçə gün əvvəl - sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində  keçirilən yığıncağındakı  videoformat çıxışında ali tribunadan istifadə edərək  erməni siyasətinin və xislətinin mahiyyətini  bir daha açıb göstərmiş,  bir daha xəbərdarlıq etmişdi: “Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə  hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan  heç bir tərəddüd  etmədən istifadə edəcəyik”.

Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində də qəti mövqeyini yenidən ifadə etmişdi: “Biz  sadəcə ərazi bütövlüyümüzü bərpa etmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə  daha heç vaxt başını qaldırmayacaq, hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”.

***

Biz Prezidentimizin Vətən müharibəsindəki  sonuncu - 1 dekabr 2020-ci il tarixli müraciətini də yaxşı xatırlayırıq. Axı 44 günlük savaşın Zəfərlə başa çatdığını, tarixi qələbənin qazanıldığını bildirən, həm də yekun xarakteri daşıyan həmin müraciəti necə unutmaq olar.

O zaman Müzəffər Ali Baş Komandan İlham Əliyev öz müraciətinə belə başlamışdı:

“Əziz həmvətənlər, böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Sonra Prezidentimiz Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun  şücaətindən, düşmənə vurulan ağır zərbələrdən bəhs edərək məhv edilmiş Ermənistan ordusunun texnikalarını da sadalamışdı:

“Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan”-2, “YARS”-1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə”.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları barədə də dəqiq məlumat vermişdi:

“Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” - 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar - 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar - 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər - 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan - 178-i qənimət götürülüb. Traktor - 10, “Şilka” zenit qurğusu - 5 ədəd qənimət götürülüb. Atıcı silahlar - 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank - 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını - 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi - 5-i məhv edilib. Yük avtomobilləri - 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”.

“Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan”!

***

Nəhayət, mavi ekran  qarşısında  əyləşərək  qalib dövlətin  Müzəffər Ali Baş Komandanının Zəfər savaşından bir il sonrakı müracətinə diqqətlə qulaq kəsilirik.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev budəfəki müraciətinə də təmkinlə, aramla başladı.

İlk növbədə şəhidləri - canları, qanları bahasına  bu zəfərin qazanılmasına kömək  edənləri hörmət və ehtiramla andı.

Öz hünərləri ilə bu qələbəni qazanan əsgər və zabitlərimizin  qəhrəmanlığını, şücaət və igidliklərini yüksək dəyərləndirdi.

Müzəffər Ali Baş Komandanın çıxışını dinləyərkən xəyal hər birimizi uzaq keçmişə, həm də qələbə ilə sonuclanacaq 44 günlük hərbi əməliyyatlar dövrünə qaytarır.

Bəli, biz I Qarabağ müharibəsində acınacaqlı  məğlubiyyətə uğradıq!

Şəhidlər verdik, mülki əhali arasında çoxsaylı qurbanlar oldu!

Dolu ev-eşiyimizi, məhsulu dərilməmiş meyvə bağlarımızı,  abad həyət-bacamızı  qoyub qaçdıq!

Sözün həqiqi mənasında qaçdıq!

Çünki bizi müdafiə edə biləcək  ordumuz, düşmənin qarşısına çıxmaq üçün lazımi silah-sursatımız yox idi!

Düşməni isə havadarları əvvəlcədən lazımınca yaraqlandırmışdı, üstəlik, arxasında dayanaraq gizli və aşkar şəkildə hər cür kömək göstərirdi.

Biz ona görə məğlub olmadıq ki, vuruşa, torpağımızı qoruya, lazım gələndə Vətən uğrunda canımızdan keçə bilmirdik!

Əsla!

Bizi bu müharibəyə səfərbər edən əsl rəhbərimiz, sərkərdəmiz, qabağımıza düşərək yol göstərən dövlət başçımız yox idi!

Həmin dövrdə ölkəyə başçılıq edənlər maymaqlar, qorxaqlar, naşılar və  təcrübəsizlər idi!

Onlar daha çox özlərini, şəxsi maraqlarını düşünürdülər!

Vəzifələrini  qoruyub saxlamaq  hayında idilər!

Bunun altını isə sadə, zəhmətkeş xalq çəkdi!

İyirmi min şəhid versək də, torpaqları qoruyub saxlaya bilmədik!

Xalq  həqiqi rəhbərinə, Ulu Öndərinə  qovuşanda isə artıq gec idi...

Dağılmış, xırda xanlıqlara parçalanma ərəfəsində olan, xaos və anarxiyanın tüğyan etdiyi dövləti qoruyub saxlamaq, müstəqilliyi yaşatmaq, üstəlik, bir milyondan çox qaçqın və məcburi köçkünə sahib çıxmaq vacib idi.

Heydər Əliyev dühası dövləti və xalqı bu bəlalardan sovuşdura bildi.

Cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən isə bütün fəaliyyətini Azərbaycanı gücləndirərək ərazi bütövlüyünü bərpa etmək istiqamətinə yönəltdi.

Müraciətdə Prezidentimiz xatırlatdığı kimi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”.

Prezident İlham Əliyevin çoxcəhətli və səmərəli iqtisadi, siyasi, diplomatik və hərbi fəaliyyəti nəticəsində Azərbaycan xalqı, dövləti və ordusu  qələbə müharibəsinə kökləndi və hazırlandı.

Nəhayət,  bir il öncə qudurmuş və azğınlaşmış düşməni cəzalandırmaq, doğma torpaqları işğaldan azad etmək üçün  Müzəffər Ali Baş Komandan İlham Əliyev “İrəli!” əmrini verdi.

Azərbaycan xalqı şərəf və ləyaqət  müharibəsinə başladı!

Azərbaycan Ordusu torpaqları  yağıdan azad etmək və  murdar xislətliləri  məhv etmək üçün  qətiyyətlə hücuma keçdi!

Bu müharibəni Prezident İlham Əliyev  tam dolğunluğu ilə öz müraciətində  belə təsvir edirdi: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

Beləliklə, beş əsrlik  dövrdə ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytardı!

İki əsrlik  Ermənistan-Azərbaycan münaqişəsinə qələbə ilə son qoyuldu!

Düşmən torpaqlarımızdan birdəfəlik  qovuldu!

Bütün şəhidlərimizin, Xocalı faciəsinin qisası alındı!

Müzəffər Ali Baş Komandan düşməni öz qarşısında  diz çökdürdü, onun boynunu sındırıb, belini qırdı!

Ermənistan biabırçı  məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına qol çəkdi!

İlham Əliyev təkcə forpost Ermənistanı  yox, dünya erməniliyini də məğlub etdi!  

Yenə Prezidentimizin müraciətinə qayıdırıq: “Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Bu qələbəyə çatmaq, bu Zəfəri qazanmaq üçün gecə-gündüz çalışan Müzəffər Ali Baş Komandan İlham Əliyev əslində yeni, qüdrətli Azərbaycanın da yaradıcısına çevrildi:

* Ölkəmizin iqtisadi gücü artdı, dünyada mövqeləri əsaslı şəkildə  möhkəmləndi, sözü və səsi  eşidilməyə başladı;

* Siyasi nüfuzu yüksəldi, dövlət başçımız  bir çox beynəlxalq  təşkilatlara sədr seçilərək  həmin qurumların işini canlandırdı;

* Yeni əsgər və zabitlər nəsli yetişdirildi, qüdrətli ordu yaradılaraq ən müasir silahlarla silahlandırıldı;

* Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı tarixdə olmayan səviyyəyə  qaldırıldı;

* Milli birlik yaradıldı, xalq öz rəhbəri ətrafında sıx və  möhkəm  birləşdi.

İlham Əliyev Azərbaycan xalqını  ən müqəddəs  arzu və istəyinə çatdırdı! 

44 gün ərzində  məğlub xalqdan qalib xalqa çevirdi!

44 gün ərzində ərazi bütövlüyümüz bərpa olundu!

Millətin, dövlətin şərəf və ləyaqəti, qürur və mənliyi özünə qaytarıldı!

Ermənistan isə rəzil günə, alçaq duruma salındı!

Sonuncu müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev  başı əzilmiş, misgin günə salınsa da, faşıst xislətindən əl çəkməmiş düşmənə sonuncu xəbərdarlığını da etdi: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”!

Bəli, biz  bundan sonra  qalib ölkə, qalib xalq kimi yaşayacağıq!

Azad  edilmiş torpaqları sürətlə  bərpa  edərək  geriyə qayıdacağıq!

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Anım Gününə həsr edilmiş yürüş keçirildi,  ardınca isə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu. Bu tədbirlər Müzəffər Ali Baş Komandanımızın Zəfər missiyasının məntiqi davamı, Azərbaycanın möhtəşəm qələbəsinin təntənəsi idi.

Bu zəfəri, bu fərəhi və qüruru bizə yaşadan qalib Sərkərdəmiz,  müdrik dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə cənnət Qarabağda xoşbəxt və firavan günlər yaşayacağıq!

  

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM