24 Yanvar 2012 01:01
405
İDMAN
A- A+

Qələbə ənənəsi davam edir

 

"Neftçi" beynəlxalq "Dəri top" kubokunun qalibi oldu

 

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Rusiya Futbol İttifaqının yaranmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq "Dəri top" turniri başa çatmışdır. "Peterburqskiy" İdman-Konsert Kompleksinin manejində keçirilmiş yarışlarda 9 ölkəni təmsil edən 12 komanda qələbə uğrunda mübarizə aparmışdır. Turnirdə ölkəmizi "Neftçi" PFK-nın U-14 komandası təmsil etmişdir.

Püşkatmaya əsasən, futbolçularımız "B" qrupunda Qazaxıstanın "Merke" və Latviyanın "Şitika" komandaları ilə mübarizə aparmışlar. Digər qruplarda isə Rusiya, Litva, Belarus, Ukrayna, Tacikistan və Moldova komandaları yer almışdı.

İlk görüşdə latviyalı rəqiblərini 7:2 hesabı ilə ağır məğlubiyyətə uğradan "Neftçi" ikinci oyunda da "Merke" üzərində böyük hesabla (3:0) qələbə qazanaraq dörddə bir final mərhələsinə çıxmışdır. Bu mərhələdə rəqibimiz Belarusun "Muxavets" komandası idi. "Neftçi" yenə layiqli oyun nümayiş etdirərək rəqibindən üstün olduğunu sübuta yetirmişdir - 4:0.

Yarımfinalda komandamız çox güclü rəqiblə - Ukraynanın Lvov şəhərinin komandası ilə üz-üzə gəlmişdir. Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmişdir. Oyundan sonrakı penaltilərdə isə "Neftçi" daha üstün olmuşdur (5:4).

Finalda komandamız Rusiyanın "Sozvezdiye" klubunun futbolçuları üzərində 1:0 hesabı ilə qələbə qazanaraq beynəlxalq "Dəri top" turnirinin qalibi olmuşdur.

Xatırladaq ki, sovetlər dönəmində bu yarışlar Ümumittifaq miqyaslı xarakter daşıyırdı və həmin vaxtlar da Azərbaycan komandaları "Dəri top"da uğurla çıxış etmiş və hətta onun qalibi olmuşlar. İndi isə ənənə davam edir və "Neftçi" beynəlxalq status almış bu turnirdə hamıdan güclü olduğunu sübuta yetirmişdir.

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan, RF-nin idman, turizm və gənclər siyasəti nazirinin müavini Oleq Rojnov, tanınmış futbol veteranları German Zonin, Anatoliy Zinçenko, Viktor Losev və digərləri iştirak etmişlər. RF-nin vitse-prezidenti mərasimdəki çıxışında demişdir: "Sankt-Peterburq şəhərinə gəlib buradakı yarışlarda iştirak etdiyinizə görə minnətdaram. Bu, yaxşı başlanğıcdır. Ümidvaram ki, gələcəkdə də bu cür turnirlər keçiriləcək. Hər bir komanda qələbəyə can atırdı. Lakin əsas mükafatı bunlardan biri əldə edə bilərdi. Bu gün biz artıq qalibin adını bilirik. Bu, "Neftçi" komandasıdır. Bakılılar bu qələbəyə layiq idilər".

Qeyd edək ki, turnirin yekunlarına görə hər oyunda ən güclü futbolçuların adları açıqlanmışdır. Sevindirici haldır ki, "Neftçi"nin hücumçusu Rövlan Muradov yarışların ən yaxşı oyunçusu, Əli Şirinov isə ən yaxşı müdafiəçisi adına layiq görülmüşlər.

Komandanın baş məşqçisi Araz Qulamov isə bu turnirlə bağlı bunları dedi: "Mən qələbədə payı olan hər bir futbolçunun adını çəkmək istərdim - Tural Osmanov, İbrahim Qədiyev, Fərid Tağızadə, Emin Fərzəliyev, Kamran Qasımlı, Sərxan Əhmədli, Ərziman Rizvanov, Rövlan Muradov, İlqar Nuruşov, Ramin Əkbərli, Ülvi Məlikov, Orxan Mikayılov, Əli Şirinov. "Neftçi" praktiki olaraq bütün oyunlarda rəqiblərdən üstün oyun nümayiş etdirdi. Ən çətin görüşümüz isə ukraynalılarla idi. Lakin bu oyunda da futbolçularımız böyük əzmkarlıq göstərərək uğur qazandılar. Final görüşündə isə xüsusilə Ərziman Rizvanovu qeyd etmək istərdim. O, rusların erməniəsilli təhlükəli hücumçusunu tam zərərsizləşdirərək komandamızın həlledici görüşdə layiqli qələbə qazanmasına kömək etdi".

Dünən "Neftçi" peşəkar futbol klubunun prezidenti Sadıq Sadıqov yenicə vətənə qayıtmış U-14 komandasının üzvləri və onların valideynləri ilə görüşdü. Hər bir futbolçunu ayrılıqda təbrik edən klub prezidenti ölkə rəhbərliyinin bütün idman növlərinə, o cümlədən futbola ayırdığı diqqət və qayğıya görə yaxın gələcəkdə bu cür qələbələrin tez-tez qazanılacağını bildirdi. O, həmçinin qeyd etdi ki, Azərbaycan Futbol Federasiyası Assosiasiyaları da futbolumuzun şanlı ənənələrinin bərpa olunması, uşaq və yeniyetmə futbolunun inkişafı, komandalarımızın beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi üçün xüsusi dövlət proqramını uğurla həyata keçirir.       

 

Rizvan CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video