23:42 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qələbə Azərbaycanı cəlbedici investisiya ölkəsinə çevirib

ANA SƏHİFƏ / SİYASƏT
00:56 11.03.2021

 

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətləri Zəngəzur dəhlizindən faydalanmağa dəvət etdi

 

“Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər”.

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev həm qurumun üzvləri - Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı iş birliyinə dəvət etdi, həm də məğlub Ermənistana növbəti mesajını ünvanladı. Əgər bu ölkə 10 noyabr Bəyannaməsinin şərtlərinə tam əməl edərsə, Dağlıq Qarabağda reallaşacaq layihələrə qoşula bilər. 

 

29 illik fəal əməkdaşlıq

 

İqtisadi Əməkdaşlıq Təşkilatı hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb.

İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də İƏT Nazirlər Şurasının İslamabadda keçirilən növbədənkənar iclası zamanı təşkilata üzv olan Azərbaycan 29 ildir bu qurumla fəal əməkdaşlıq edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş, o cümlədən “İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş”i, “İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” imzalanıb.

Ölkəmiz 2006-cı və 2012-ci illərdə İƏT Zirvə toplantılarına evsahibliyi edib və bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi, eləcə də siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.

Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının təmin edilməsi, regiondaxili ticarətin təşviqi, üzvlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsi və sairədən ibarətdir.

Bu il martın 4-də keçirilən toplantıda isə İƏT-in Araşdırma Mərkəzinin Nizamnaməsi imzalandı. Qeyd edək ki, bu mərkəz Bakıda yerləşəcək.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı vurğuladı ki, Azərbaycan təşkilata üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Araşdırma Mərkəzinin yaradılması isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü olub. Ümummilli Liderin bu təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarlıq edən Prezident İlham Əliyev mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələni edəcəyini vurğuladı.

İƏT-in Baş katibi Hadi Suleymanpur isə Bakıda Araşdırma Mərkəzinin yaradılmasını İƏT ailəsi üçün böyük nailiyyət adlandırdı.

 

Azərbaycan şanlı zəfərlə bölgədə yeni dövrün reallıqlarını yaradıb

 

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə Ermənistan üzərində şanlı qələbəyə görə İlham Əliyevi təbrik etdi: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dedi ki, qardaş Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı zəfərlə azad edərək, bölgədə yeni dövrün qapılarını açıb. Bundan sonra hədəf Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır:

“Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir.

İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. Mənim əziz qardaşım, bu problemli və ağrılı dövrü uğurla geridə qoymusunuz. Bu günləri arxada qoyduğunuzu görməyə çox şadıq. İndi isə Dağlıq Qarabağdakı torpaqların sahiblərinin öz doğma yurdlarına qayıtmasını təmin etmək vaxtıdır”.

Rəcəb Tayyib Ərdoğan bu prosesdə də təşkilat (İƏT) olaraq Azərbaycanla tam həmrəylik içində olacaqlarına inandığını, Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid etdiyini vurğuladı.

Türkiyə Prezidenti həmçinin bəzi qüvvələrə mesaj da ünvanladı: “Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”.

İlham Əliyev isə İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən söz açaraq dedi ki, Azərbaycan öz torpaqlarının 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoyub və döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edilib.

Çünki BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Əlbəttə ki, bu durum sonsuzadək davam edə bilməzdi. Səbri tükənən Azərbaycan sonunda özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qaldı. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu, 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. Noyabrın 10-da isə Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi.

Prezident İlham Əliyev müharibənin ilk günlərində Azərbaycana dəstək verən qardaş Türkiyə,  Pakistan və Əfqanıstan dövlətlərinə təşəkkürünü bildirdi. 

 

Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb

 

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. Ümumiyyətlə, Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir.

İlham Əliyev toplantıda Azərbaycanın reallaşdırdığı “Cənub qaz dəhlizi” ilə bağlı qısa xatırlatma etdi. Bildirdi ki, “Cənub qaz dəhlizi” 2020-ci il dekabrın 31-də istismara verilib. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan “Cənub qaz dəhlizi” dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Bu gün Azərbaycan həmçinin Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.

Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkədir. Ərazilərin bərpa olunması da yeni iqtisadi imkanlar yaradıb. Bu mənada Prezident İƏT üzvlərini Qarabağda reallaşdırılacaq layihələrdən faydalanmağa cağırdı:

“Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.

 

Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdi riyakarlıqdan başqa bir şey deyil

 

İkinci Qarabağ müharibəsi həm də Ermənistanın vandal siyasətini bir daha dünyaya göstərdi. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilib.

Qarabağda daşı-daş üstündə qoymayan ermənilər işğal etdikləri ərazilərdə mədəni və dini abidələrimizi qəsdən darmadağın edib, məscidlər donuz və inək saxlanılan yerlərə çevrilib. Bu məsələyə diqqət çəkən İlham Əliyev bir daha bəyan etdi ki, bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Ona görə də bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr verib. Müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırıb. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə daim pisləyir.

İlham Əliyev vurğuladı ki, təşkilata üzv olan dövlətlər İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməlidirlər.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM