03 Noyabr 2013 12:11
499
Oxucu məktubları
A- A+

Qədim toyların nisgili

 

Günəş dağın sinəsinə səmt eyləyəndə "Attandırma" havası kəndi başına götürərdi. Aydan arı babalar, nənələr bəylə gəlinin qohumlarına, qonum-qonşuya toy xoşgəldini edər, gənclərə xeyir-dua verərdilər.

Sonra toybabası meydana girib o baş-bu başa var-gəl edib deyərdi: "Ay camaat, toy ülfət kəməndidi, ismət çələngidi, qeyrət nişanəsidi. Toy ailənin, ata-ananın şirin arzusudu, saf diləyidi. Toy bu gənclərin birgə həyat yolunun başlanğıcıdı".

Sonra isə xüsusi bir avazla musiqiçilərdən birinə üz tutub deyərdi: "Ağsaqqal havasını - "Heyvagülü"nü çal". Elə o "Heyvagülü" havasıyla da mağardakı ağsaqqallar oynamağa dəvət olunardı. Beləcə, bir evin həyətində qurulmuş toy məclisində ayağı yer tutandan əli çəlik tutana kimi hər kəs öz yerində oturar, hərə "öz havası" çalınanda oynayardı. Həmin toylarda iki taleyin bir yuvada qərar tutması, arzunun kama yetməsi, hicranın vüsala çatması, elə bil ki, dağlara, daşlara səs salardı. El sənətkarları bəhsə girərdilər. Çal-çağır könülləri şad eləyərdi. Qayğısız anlar yaşanardı.

Qədim toylarımızda başqa bir gözəllik də könülləri güldürərdi. Bəyin sağdış və soldışları evlərində şax bəzədib bəy evinə gətirərdilər. Şaxın bəy evinə gəlməsi başqa bir çal-çağırla yaddaşlarda qalardı. Dostların ana-bacıları dükan-bazarda görüb-götürdüklərindən - parçadan, paltardan, şirniyyatdan, meyvədən o şaxa bəzək vurub gəlin kimi böyük toy mağarına gətirərdilər. Heç kəs də əl uzadıb şaxdan sallanan şirniyyata toxunmazdı.

Bunun özü bir inanc idi. İlk şirinliyi şaxdan bəy özü qoparmalı idi. Ondan sonra qohumlara və toya gələn qonaqlara şaxdan şirinlik qoparmağa icazə verilərdi.

Beləcə, bir ailə həyatının təməli könül xoşluğu, mehribanlıqla qoyulardı. Ailə quranların evli-eşikli olması üçün də gənclərə bir bəxşiş verərdilər. Həmin toylarda gənclərə verilən xeyir-dua, öyüd-nəsihət, bir növ, qurulan ailələrə xoşbəxtlik, uzunömürlülük möhürü vurardı. Qohumlar arasında mehribanlıq körpüsü salınardı. Heç kəs umu-küsü edib nəyinsə azlığından gileylənməzdi. Olana şükür deyib, gənclərə də gözü-könlü tox olmağı nəsihət edərdilər. Belə ədəb-ərkan, milli dəyərlərimizlə qurulan ailədə qadınla kişi bir-birinə, sözün həqiqi mənasında, ömür-gün yoldaşı olardılar. Həmin ailələrdə neçə-neçə oğul-qız böyüyər, sevilərdi. 

Həmin toylar gözəllik, təkrarsız saflıq, səadət çələngi idi. Bu gün də Şahbuzun dağ kəndlərində, ucqarlarda belə toylar öz sədası ilə dağa-daşa yenə də səs salır. Amma indi şəhər toylarının əsasən gənclərin ərköyünlüyü ilə yeni, müasir formada icra olunması milli dəyərlərimizə bəzən kölgə salır. Bunun qarşısını isə, məncə, ailələrdəki ağsaqqallar, ağbirçəklər almalıdır.

Çox yaxşı olardı ki, qədim toy adətlərimizi  olduğu kimi yaşadaq.  Müasirlik də öz yerində. Milliliyimizi müasirliyimizə qurban verməyək!

Axı toyda kiçik dövlət adlandırdığımız ailənin təməli qoyulur. Ailə bünövrəsinin möhkəmliyi cəmiyyətin möhkəmliyi deməkdir. Bunu unutmağa heç birimizin haqqı yoxdur! 

 

Şəhla NƏBİYEVA,

Şahbuz şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video